Bazar , Yanvar 23 2022
Ana səhifə / Aktual / Çayçı işləyirdi, Vidadi Muradovun sahəsində şirkət direktoru oldu…

Çayçı işləyirdi, Vidadi Muradovun sahəsində şirkət direktoru oldu…

“Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, həbs olunduqdan bir müddət sonra ev dustaqlığında olduğu zaman vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

virtualaz.org-un xəbərinə görə, prosesdə şahidlər dindirilib.

Şahid qismində “Azər-İlmə” MMC-nin direktoru vəzifəsini icra edən Xəqani Talıbov dindirilib. O, ifadəsində “Azər-İlmə” MMC-nin direktoru olmazdan öncə şirkətdə çayçı işlədiyini bildirib: ” Vidadi müəllimlə qohum deyildik. Amma qohumdan yaxın idik. Ona görə də direktor olmağıma köməklik etdi. Vidadi Muradovun oğlu Aydın Muradov isə mənim müavinimdir.”

Dövlət ittihamçısı şahiddən təhsil dərəcəsini və hansı səbəbdən V.Muradov öz oğlunu deyil, onu direktor təyin etdiyini soruşub. Şahid ali təhsilinin olmadığını, hazırda da direktor işlədiyini deyib.

Özəl şirkətlərin birində icraçı direktor işləyən Yaşar Ələkbərov şahid qismində məhkəmədə dindirilərkən ifadəsində V.Muradovun H.Əliyev küçəsində yerləşən mənzilində təmir işləri apardıqlarını deyib. Şahid mənzilin təmirinə 800 min manatdan artıq vəsait xərcləndiyini söyləyib: ”2018-ci ildə “Azərxalça”-nın inşaat işlərində iş aparmaq üçün təkliflərimizi verdik. Bununla bağlı tender keçirilməmişdi. Müqaviləni mən bağlamışam. Bundan sonra 13 müəssisədə aparılan işlərdə icraçı direktor olmuşam. İstintaq zamanı verdiyim ifadəni də təsdiq edirəm”.

Dövlət ittihamçısı şahidin istintaqdakı ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyətlər olduğunu deyib: “Deyirsiz, mənimsəmə olmayıb, necə olur ki yazmısız ki, Şabranda yerləşən şirkətlərin birinə iki nasos quraşdırılıb, amma faktiki olaraq orda nasoslar yoxdur.”

Müəssisə direktoru istintaq zamanı verdiyi ifadənin əsas götürülməsini xahiş edib. Şahid sadəcə onu qeyd edib ki, baş podratçı müqaviləsində göstərilmişdi ki, aparılan işlər sifarişçi ilə razılaşdırılmaqla görülsün.

Dövlət ittihamçısı şahidə sual verərkən ondan istintaq zamanı “Vidadi Muradovun qanunsuz sifarişləri olurdu”-ifadəsinə aydınlıq gətirməsini istəyib.

Şahid bildirib ki, bütün işlər baxıldıqdan sonra görülüb, V.Muradov ilə hər hansı pul bölünməsi olmayıb.

“Azərxalça” ASC-də baş mühasib işləyən Fuad Eminov şahid qismində dindirilərkən istintaqa verdiyi ifadəsini təsdiq etdiyini deyib:” Mən satınalma işləri ilə maraqlanmamışam. Hazır sənədlər gəlirdi, hazırlayıb pulu köçürürdüm”.

Məhkəmə prosesi dekabrın 15-də davam edəcək.

Həmçinin oxuyun

“AMEA qalmaqalı” böyüyür…

AMEA ətrafında gərginlik getdikcə artmağa başlayıb. Xatırladaq ki, iki gün öncə AMEA-nın prezidenti, akademik Ramiz …