Azərbaycan Dəmiryollarının adının hallanmadığı
qalmaqal qalmayıb. Bu Qapalı Səhmdar Cəmiyyətin yarıtmaz idarəçiliyi
haqqında çox yazılar yazılıb, çox fikirlər deyilsə də, hələ ki,
əməlli-başlı bir nəticə hasil olmayıb. DİA.AZ bildirir ki, Kanadanın
“Bombardier” Şirkəti ilə korrupsiya əlaqələrinə girərək Dünya Bankının
Azərbaycan Dəmiryollarına ayırdığı milyonlarla maliyyə vəsaitlərinin
qiymətləri süni şişirtmə yolu ilə “otkat” şəklində ələ keçirilməsinə
dair mətbuat səhifələrini bürümüş qalmaqalın səsi-sorağı səngiməmiş
növbəti bir rüsvayçılığın da üstü açılıb: 2018-ci ildə Belarusdan 1
ədədi 3,533 milyon dollara satın alınan vaqonu Azərbaycan Dəmiryolları
bu il elə həmin ölkədən 15,192 milyon dollara satın alıb. Vaqonun builki
qiyməti ötənilki qiymətdən 4,3 dəfə baha və ya 11,659 milyon dollar
çoxdur. Bəlkə də dünya ticarət tarixində bu dərəcədə rüsvayçılıq
olmayıb.
DSK-nın
Dövlət Gömrük Komitəsinə istinadən yaydığı məlumatlarda bildirilir ki,
2019-cu ilin I rübündə Azərbaycan Belarusdan əmtəə nomenklatura kodu
8603 olan 2 ədəd vaqon gətirib və buna görə 30 milyon 384 min dollar
xərclənib. Bir ədəd vaqon 15 milyon 192 min dollara başa gəlib. Başqa
bir rəsmi məlumata görə isə nomenklatura kodu və adı eyni olan həmin
vaqonun 1 ədədi 2018-ci ildə Belarusdan 3,533 milyon dollara satın
alınıb (2018-ci ildə 8 ədəd vaqona 28 milyon 264 min dollar vəsait
xərclənib).
Təsəvvür
edirsinizmi, 8 vaqona görə 28,264 milyon dollar, 2 vaqona görə 30,384
milyon dollar ödəniş edilib. Başqa sözlə desək, 8 vaqonun pulunun üstünə
2,1 milyon dollar da əlavə eləyib vur-tut 2 ədəd vaqon gətiriblər
ölkəyə. Belə qaydada həyata keçirilən ticarət həm dövlət, həm də xalq
adına böyük rəzalətdir. Bu rüsvayçılığa heç cür haqq qazandırmaq mümkün
deyil.
Belarusun
rəsmi mənbələrinə istinadən apardığımız araşdırmalar göstərir ki,
Rusiya Federasiyası bu ilin I rübündə eyni əmtəə kodu və eyni adı olan
vaqonun 3 ədədini Belarusdan 5,117 milyon dollara satın alıb. Baş tutmuş
bu ticarət sövdələşməsində vaqonun bir ədədi Rusiya Federasiyasına
1,706 milyon dollara başa gəlib. Azərbaycan isə eyni vaqonu 15,192
milyon dollara satın alıb. Polşa da 2019-cu ilin yanvar-mart dövründə
həmin vaqonlardan 5 ədəd alıb və bu 5 vaqona görə Belarusa 8,495 milyon
dollar ödəyib. Bu ticarət sövdələşməsində bir vaqon Polşaya 1,695 milyon
dollara başa gəlib. Azərbaycan isə eyni adlı vaqona görə 15,192 milyon
dollar ödəmə həyata keçirib.
(http://www.belstat.gov.by/ofitsialnaya-statistika/realny-sector-ekonomiki/vneshnyaya-torgovlya/operativnye-dannye/eksport-i-import-tovarov-g-6-znakov-tn-ved-eaes/)
Aydın
təsəvvür olunsun deyə, bu rəsmi məlumatları cədvəl şəklində düzək.
Cədvəldən açıq şəkildə görünür ki, bu ilin I rübündə Azərbaycana satılan
vaqonun qiyməti ilə digər ölkələrə satılan vaqonların qiymətləri
arasında fantastik fərq var. Məlum olur ki, Rusiya və Polşanın
Belarusdan orta hesabla 1,699 milyon dollara satın aldığı vaqonu
Azərbaycan 9 dəfə baha qiymətə alıb. Qiymət fərqi bir vaqona görə 13,493
milyon dollar, 2 vaqona görə isə 26,986 milyon dollardır. Bu fərq
məbləğinə Rusiya və ya Polşa 16 ədəd əlavə vaqon ala bilərdi. Başqa
sözlə, Azərbaycanın 2 vaqona xərclədiyi pula (30,384 milyon dollara)
Rusiya və ya Polşa 18 vaqon satın ala bilərdi. Lakin, bu dərəcədə
elementar arifmetikanı Azərbaycan tərəfdən ticarət sövdələşməsini həyata
keçirən səlahiyyətlilərimiz apara, nəzərə ala bilməyib, yaxud da almaq
istəməyib.
Burada
çox yerinə düşən sual yaranır ki, axı Belarus Rusiya və Polşaya satdığı
vaqonları Azərbaycana nədən 9 dəfə baha satıb? Bəlkə, bu fantastik
qiymət fərqi Azərbaycan Dəmiryolları rəhbərliyinin diqqətindən yayınıb?
Heç inandırıcı deyil. Bəs dövlətin maliyyə vəsaitlərinin bu dərəcədə
ucuz yollarla havaya sovrulması Maliyyə Nazirliyinin niyə diqqətini cəlb
etməyib? Hesablama Palatası haraya baxıb? Azərbaycan Dəmiryollarının
həyata keçirdiyi satınalmalara gözucu baxmaq kifayət idi ki, bu
böyüklükdə qiymət kənarlaşmasını dərhal sezə biləsən.
Məsələni
dramatikləşdirən növbəti bir hal ondan ibarətdir ki, Belarus ilə
Azərbaycan arasında həyata keçirilən vaqon ticarətində Azərbaycanın
ziyanına kəskin qiymət fərqi yalnız 2019-cu ilin yanvar-mart dövründə
deyil, əvvəlki illərdə də yaşanıb. 2018-ci ilin yanvar-dekabr dövründə
Belarus Respublikası “əmtəə nomenklatura kodu 8603” olan 31 ədəd vaqon
ixrac edib. Bir vaqonun orta ixrac satış qiyməti Belarus üzrə 1,149
milyon dollar olub. Buna baxmayaraq, 2018-ci ildə Azərbaycanın
Belarusdan satın aldığı bir vaqonun qiyməti bu orta qiymətdən 3 dəfə
baha olmaqla 3,533 milyon dollar təşkil edib. Nəticə çıxarmaq baxımından
çox ibrətamizdir ki, Rusiya 2018-ci ildə Belarusdan satın aldığı
vaqonun birinə 985,3 min dollar ödəyib. Azərbaycan eyni vaqona görə
Rusiyanın ödədiyindən 3,6 dəfə çox pul sayıb. (http://www.belstat.gov.by/upload-belstat/upload-belstat-pdf/oficial_statistika/6znak-2017-2018_god/120E17.pdf)
Vaqonların
orta ixrac satış qiyməti Belarus üzrə 2017-ci ildə 1,5 milyon dollar,
2016-cı ildə isə 2,4 milyon dollar olub. 2016-cı ildə Polşanın 2,0
milyon dollara, Gürcüstanın 2,8 milyon dollara, Rusiyanın isə 2,2 milyon
dollara satın ala bildiyi vaqona Azərbaycan 3,4 milyon dollar
xərcləyib. (http://www.belstat.gov.by/upload-belstat/upload-belstat-pdf/oficial_statistika/6znak-2016-2017_god/tt100e17.pdf)
Həm
ölkələr, həm də illər üzrə aparılan təhlillərin ortaya çıxardığı bu
rüsvayçı mənzərə süni qiymət şişirtmələri, israfçılıq, yeyinti,
korrupsiya, tutduğu vəzifədən sui-istifadə və sairə hallar üzrə
Azərbaycan Dəmiryollarının həyata keçirdiyi ticarət sövdələşmələrinin
çox ciddi şəkildə yoxlanılmasını zərurətə çevirir. Odur ki, Maliyyə
Nazirliyi özünü doğrultmalı, Hesablama Palatası hərəkətə keçməlidir. Heç
olmasa bu dəfə öz vəzifələrini icra etməli, havaya sovrulan milyonların
büdcəyə qaytarılmasını təmin etməlidirlər. Çünki indiki zamanda həm
dəmiryollarının, həm orada çalışan yüzlərlə insanların, həm də dövlət
büdcəsinin itkiyə verilən o milyonlara ehtiyacı böyükdür. Nəzərə almaq
vacibdir ki, Azərbaycan Dəmiryollarının xərclərinin, borclarının böyük
hissəsi dövlət büdcəsi hesabına ödənilir. Dövlət büdcə vəsaitləri
hesabına bu sahəyə iri həcmli investisiya yatırımları həyata keçirilib.
Odur ki, burada kiməsə, hər hansı güzəşt olmamalıdır.
Təbii ki, bütün bunlar faktdır və bu faktlarla bağlı sözügedən qurumları dinləmək də maraqlı olardı…
Həmçinin oxuyun
Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?
Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …