Ana səhifə / Cahangir Hacıyevi niyə yola saldılar…

Cahangir Hacıyevi niyə yola saldılar…

Azərbaycan Beynəlxalq Bankının (ABB) saytında yerləşdirilən və demək olar ki, sovet dövrü ruhunda olan quru bir xəbər – Cahangir Hacıyevin… səhhəti ilə əlaqədar istefaya getməsi xəbəri aydın səmada şimşək kimi çaxdı.

 

Azərbaycan maliyyə bazarının ən iri və nüfuzlu oyunçularından biri olan C.Hacıyevin ölkənin siyasi və maliyyə elitasındakı statusu və mövqeləri lap elə dünənə qədər sarsılmaz kimi görünürdü.

Son illər ərzində xüsusi xidmət orqanlarının rəhbəri ilə “lazımi qohumluq əlaqələri” də yaratmağa nail olan kifayət qədər gənc və perspektivli bankiri ən azı Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri postunda görürdülər. Qüdrətli Elman Rüstəmovun səlahiyyətləri düz bir aydan sonra başa çatır.

Düzdür, C.Hacıyevin qeyri-məhdud təsir gücünə malik olması elita daxilində onun gündən-günə yaşlaşıb qocalan baş nazirin postuna başgicəlləndirici sıçrayışının mümkün olması barədə şayiələrin yayılmasına da rəvac verirdi.

C.Hacıyevin nüfuzu gündən-günə artırdı. Azərbaycanın ən böyük banklarından birinin başçısı cəmi yarım il əvvəl “Bahar Energy” neft şirkətini də, inşaat sektorundakı ən iri şirkətlərdən olan “Azinşaat” tikinti şirkətini də özünün tam nəzarəti altına almışdı.

Hər şey, bütün əlamətlər C.Hacıyevin yalnız güclənəcəyindən xəbər verirdi. Belə bir vəziyyətdə onun istefasından danışmaq heç cür mümkün deyildi.

C.Hacıyev özünü uğurlu menecer kimi təsdiqləmək üçün Moskvadakı nəhəng tikinti layihələrinə sərmayə qoymağa başladı (onun çeçenlərlə ümumi biznesi vardı), Fuceyradakı (Birləşmiş Ərəb Əmirlikləri) metallurgiya layihələrinə investisiya yatırdı…

Lakin C.Hacıyevin dünya bazarlarındakı bu fəallığı həm hökumətin özündə, həm də ekspertlər arasında çoxları tərəfindən böyük şübhə və inamsızlıqla qarşılandı. Hər şeydən əvvəl bu sadə səbəbə görə ki, ABB-nin öz işləri xüsusilə də son 2-3 il ərzində yaxşı getmirdi, daha dəqiq desək, üzüaşağı gedirdi.

ABB-nin səhmlərinin yarıdan çoxunun (50,2 faiz) dövlətə məxsus olduğunu nəzərə alanda bankın üzləşdiyi problemlər ölkədə pul-kredit siyasətinə məsul şəxsləri narahat etməyə bilməzdi. Buna görə də C.Hacıyevin həmin şəxslərlə münasibətləri son vaxtlar alınmır və heç cür düzəlmək bilmirdi.

Sarayda nə düşündüklərini deyə bilmərik. Açıq və şəffaf siyasətin praktiki olaraq yürüdülmədiyi ölkədə insanların ağlından nələrin keçməsi barədə mülahizə yürütmək çox çətindir. Lakin ABŞ-ın nüfuzlu reytinq agentliyi olan “Fitch Ratings” yerli skeptiklərdən xeyli əvvəl həyəcan təbili çalmışdı.

Virtualaz.org saytı bir neçə həftə əvvəl bu agentliyə istinadən belə bir xəbər yaymışdı ki, ABB xüsusilə də manatın devalvasiyası fonunda ciddi böhranla üzləşib. Ekspertlər belə qənaətə gəlmişdilər ki, ABB-yə devalvasiyanın nəticələrini aradan qaldırmaq və kapitallaşma göstəricisini bərpa etmək üçün əlavə yardım lazımdır.

C.Hacıyevin əsas səhvi məhz kreditləşdirmə siyasətində idi. “Fitch Ratings” idarəetmə hesabatları əsasında hesablamışdı ki, ABB yüksək kreditlərin 58 faizini devalvasiyaya qədərki müddətdə xarici valyutada nominallaşdırıb.

Bu da o demək idi ki, bu il fevralın 21-də manatın ABŞ dollarına nisbətdə 34 faiz ucuzlaşması (1 dolların 0,78 manatdan 1,05 manata qalxması) bankın manatla kredit portfelinin dəyərinin təxminən 20 faiz bahalaşmasına gətirib çıxarmışdı. Aktivlərin risk dərəcəsinin belə artımı həm də o demək idi ki, kapital yetərliliyinin requlyativ göstəricisi 12 faiz minimumundan da aşağı səviyyəyə düşə bilər (bu göstərici 2014-cü ilin sonunda 12,02 faiz olub).

Samir Şərifov

Sadə dillə desək, ABB xarici banklardan kreditləri avro və dollarla almış, ölkə daxilində isə kreditləri manatla vermişdi. Məsələn, bankın AZAL-a verdiyi kredit manatla idi. Aydın məsələ idi ki, əksər dövlət şirkətləri bankın devalvasiyadan sonrakı itkilərini ödəməyə sadəcə qadir olmayacaqlar.

Bunu bir müddət əvvəl “Fitch Ratings” agentliyi də aydın şəkildə deyirdi: “Valyutadakı kreditlər devalvasiyadan sonra portfelin 65 faizindən çoxunu təşkil edir. “Fitch Ratings” bunu ciddi kredit riskinin mənbəyi kimi nəzərdən keçirir. Belə ki, bəzi borclular xarici valyutada gəlir əldə etməyə bilərlər”.

Əgər ekspertlər, həmçinin banka pul qoyanlar və kredit alanlar qarşıdan devalvasiyanın gəldiyini bilmirdilərsə, C.Hacıyev ölkənin əsas bankirlərindən biri kimi bu haqda böyük ehtimalla məlumatı var idi. Daha dəqiq desək, neftin qiymətlərinin düşməsindən sonra bu devalvasiya ən çox proqnozlaşdırılan ssenarilərdən biri idi.

Doğrudur, C.Hacıyevi yaxşı tanıyanlar deyirlər ki, o, bankir və ya menecer olmaqdan daha çox məmurdur. Yəni bir gözü daim “yuxarılar”da olan və müstəqil qərarlar qəbul edə bilməyən bir adamdır.

Bir çox ekspertlər isə C.Hacıyevin istefasının digər səbəbinin olduğunu deyirlər. Onların fikrincə, ABB sədri hakimiyyətdaxili intriqaların güdazına gedib.

Qərarverici şəxsə qeyri-məhdud çıxış imkanları olan perspektivli bankirin sürətli yüksəlişindən ehtiyatlanan məmurlar ola bilsin ki, onun pis idarəçiliyinə dair faktlardan, Moskva və Fuceyradakı biznes layihələrini iflasa uğratmasından yararlanıblar. Yəni onun əleyhinə “öldürücü doza”da kompramatları ortaya qoyublar.

İstənilən halda C.Hacıyevin istefası ölkənin siyasi həyatında mühüm hadisə oldu. Çox güman ki, bu istefa ölkənin maliyyə institutlarının vəziyyətinə və ilk növbədə Beynəlxalq Bankın özünə heç cür təsir göstərməyəcək.

Samir Şərifovun dünənki quru rəsmi məlumatında boş yerə deyilmirdi ki, ölkənin iri bankı olan Beynəlxalq Bankın inkişafına bundan sonra da tam dəstək veriləcək.

Bu bəyanat xarici investorlara hesablanıb. Onlar isə hələ ötən ilin yayında boş yerə narahatlıq keçirməmişdilər.

Artıq o vaxt xarici investorlar və ABB-nin xarici əmanətçiləri Azərbaycanda yaxınlaşan maliyyə böhranını hiss etmişdilər. Xarici əmanətçilər öz vəsaitlərini bankdan çıxarmağa başlamışdılar. Bunu dolayısı ilə AMB sədri Elman Rüstəmov da parlamentdəki son çıxışında təsdiq edib.

Elman Rüstəmov

Bəs Beynəlxalq Bankı gələcəkdə nə gözləyir?

Bank sferasından məlumatlı olan ekspertlər qeyd edirlər ki, maliyyə naziri Samir Şərifov yeni banka – “Azturkbank”a həvəslə stavka edə bilər.

Bu yaxınlarda kifayət qədər ciddi bir hadisə baş verdi: ölkənin ən iri bankirlərindən biri, “Kapitalbank”ın keçmiş rəhbəri və S.Şərifovun yaxın dostu Elmar Məmmədov ilk baxışdan bu kiçik, maliyyə bazarında xüsusi çəkisi olmayan “Azturkbank”a rəhbərlik etməyə başladı.

Bu xəbər bankirlər arasında təəccüblə qarşılandı. E.Məmmdov bank sferasında iri fiqurdur, “Azturkbank” kimi kiçik bank bu cür maliyyə nəhənginin rəhbərlik edəcəyi bank deyil.

Ancaq iri maliyyə qruplaşmalarının planlarında bu bankı gücləndirmək və onu ölkənin əsas bankına çevirmək niyyəti sezilir. Təxminlər irəli sürmək fikrində deyilik, buna görə heç kim “sağ ol” deməyəcək.

C.Hacıyevin taleyinə gəldikdə isə onun acı aqibəti ölkənin bütün oliqarxları və məmurları üçün daha bir dərs ola bilər. Xüsusən də C.Hacıyev məmurdan da, bankirdən də ötə idi. Axı onların hamısı minalanmış sahədə gəzir. Cəmi bir ehtiyatsız addım və… Məmur dərhal havaya uçur…

Elnur Məmmədov

Virtualaz.org

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın