Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / CADUGƏRLƏR NİYƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUR… –  ŞAMAXIDAKI SVETANI KİM HİMAYƏ EDİR?

CADUGƏRLƏR NİYƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUR… –  ŞAMAXIDAKI SVETANI KİM HİMAYƏ EDİR?

“Falçılıq adı altında fəaliyyət göstərən şəxslərə qarşı hazırda Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində tədbirlər görür. Ümumilikdə bu sahədə vəziyyəti müəyyən etmək olduqca çətindir. Çünki bu qəbildən işbazların əməllərinə düçar olmuş şəxslər çox az hallarda bu əməlləri etiraf edir və aldadıldıqlarını bacardıqları qədər hər kəsdən gizlətməyə çalışırlar. Lakin bununla bağlı müraciət daxil olduqda aidiyyəti qurumlarla birlikdə müvafiq işlər aparılır”.

Azinforum.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin mətbuat katibi Bəhruz Müslümov bildirib.
Ancaq maraqlıdır ki, ölkənin müxtəlif rayon və şəhərlərində açıq ünvanda, tanınmış adla fəaliyyət göstərən kifayət qədər məşhur cadügər və baxıcılar var ki, onlara “gözün üstə qaşın var “ deyən belə yoxdur. Biz Azinforum.az olaraq bu istiqamətdə bir neçə araşdırma mövzusu təqdim etmişik. Bizim araşdırmalarımızdan bir neçəsi Şamaxı rayonunda cadügər və falçıların açıq fəaliyyətlə məşğul olması ilə bağlı mövzunu əhatə edib. Konkret şikayətlər əsasında hazırladığımız həmin yazılarda biz Şamaxıda fəaliyyət göstərən məşhur cadugərlərin adı və ünvanına kimi göstərdik və həmin adamlarla bağlı sözügedən rayonun polis idarəsinə sorğu ilə müraciət etdik. Keçmiş yazılarımızla bağlı etdiyimiz sorğularda polisdən bizə dedilər ki, konkret şikayət olsa tədbir görə bilərlər. Maraqlıdır ki, Şamaxı cadugərlərilə bağlı təqdim etdiyimiz araşdırma ölkənin bir çox tanınmış KİV-ləri tərəfindən tirajlandıqdan sonra ,  yaranmış ajiotaj əlaqədar qurumları hərəkətə keçməyə vadar etdi və  rayondakı cadugər, baxıcıların əl-ayağı bir müddət yığışdırıldı.

Görünür, bu qadağa mövsümi xarakter daşıyırmış. Aldığımız dəqiq məlumata görə, Şamaxıdakı cadugərlərin ən üzdə sayılanı milliyyətçə rus olan Sveta yenidən iş başındadır. Hazırda onun qəbuluna düşmək üçün, evinin qabağında uzun növbələr düzülür. Biz Şamaxıda olarkən, şəhərin bir neçə yerində avtomobili saxlayıb, baxıcı Svetanın evini soruşduq. Gördük ki, onu tanımayan yoxdur. Burdan belə bir nəticə çıxır ki, əlaqədar qurumlar bu məsələdən xəbərsiz ola bilməzlər, sadəcə, nəyəsə görə Svetanın cadugərliyinə göz yumulur. Hətta bizdə olan məlumata görə, bəzi yüksək vəzifəli şəxslərin xanımları və ailə üzvləri belə qrup halında Svetanın qəbuluna gələrək, onun qara maqiyasından yararlanırlar. Svetanın özü isə, bir neçə nəfərə fəaliyyətində qanunsuz əməlin olmadığını deyib. Onun məntiqindən belə çıxır ki, bəxtə baxmaqda heç bir cinayət tərkibi ola bilməz. Hər halda, Svetanın özü və bəzi yerli qurumların nümayəndələri onun hansı  nöz zərərli fəaliyyətlə məşğul olduğunun fərqindədirlər.
Azinforum.az bildirir ki, bu sahədə xarici ölkələrin müəyyən təcrübəsi var. Məsələn, Türkmənistanda ekstrasenslik və falçılıq bu ildən qadağan olub. Bu ölkədə hipnozla məşğul olanların, ekstrasenslərin, falçıların və fövqəltəbii gücləri vasitəsilə insanlara təsir etdiklərini iddia edənlərin xidmətlərindən istifadə də qadağalar çərçivəsindədir.

Tacikistanda bu yaxınlarda Cinayət Məcəlləsinə yeni dəyişiklik təsdiq edildi. Dəyişikliyə görə, əgər falçılar, cindarlar əvvəllər sadəcə müəyyən miqdarda cərimə edilirdilərsə, bundan sonra 7 ilə qədər müddətdə azadlıqdan məhrum ediləcəklər. Anqlo-sakson hüququnun tətbiq edildiyi ölkələrdə aldadılan şəxs müvafiq qurumlara müraciət edir və fırıldıqçıya qarşı “fraud-dələduzluq” üzrə cinayət işi başlanılır, yaxud onların işinə məhkəmədə mülki qaydada baxılır.

Həmçinin Türkiyə Respublikasında xüsusilə geniş yayılmış “qəhvə falı” və digər fal növləri qadağan olunub və polis bununla bağlı mütəmadi olaraq reydlər aparır. Bu əməlləri törətmiş şəxslər ən yaxşı hallarda yüksək cərimələrlə xilas ola bilirlər. ABŞ-ın bəzi ştatlarında falçılığın qadağan olunması ilə əlaqəli yerli və dövlət qanunları mövcuddur. Belə ki, bu qanunların bəziləri falçılıq termininin işlədilməməsini, bunun başqa terminlərlə ifadəsini (mənəvi dəstək, psixoloji yardım) tələb edir. Elə qanunlar da var ki, ümumiyyətlə, bu fəaliyyət növünü qadağan edir. Yeni Zelandiyada da falçılıq cinayət hesab olunur və bu işlə məşğul olduğu aşkarlanan şəxs yüksək məbləğdə cərimə edilir. Səudiyyə Ərəbistanında və bəzi müsəlman ölkələrində falçılıq qadağandır; bu əməl ölüm, yaxud ömürlük həbslə cəzalandırılır.

Qeyd edək ki, heç bir İlahi din falçılığı və cadugərliyi qəbul etmir, bütün dinlər falçılığı və cadugərliyi şeytan əməli hesab edir. Məsələn, yəhudilərin müqəddəs kitabı Tövratda “Gizli şeylər Allahımız Rəbbindir” (Təsniyə, 29/29) cümləsiylə qeyb bilgisinin Allaha aid olduğu və bundan uzaq olmağın vacibliyi bildirilmiş, “Aramızda falçı, münəccim, sehirbaz, əfsunçu, cindar, baxıcı, ölülərlə məsləhətləşən olmayacaq” (Təsniyə, 18/10-11) – deyilərək bunlar qadağan edilmiş, bu işlərlə məşğul olanların öldürülmələri əmr olunmuşdur (Levililər, 19/31; 20/6, 27).

Xristianlığın müqəddəs kitabı Əhdi-Cədiddə falçılıqla bağlı məlumatlar olduqca azdır. Buna baxmayaraq, Əhdi-Cədidin “Rəsulların işləri” bölməsində xristian olmayanlar arasında sehirbaz və falçılarla bağlı məlumatlar verilmiş, onların əməlləri tənqid edilmişdir.

İslam dininin müəqqdəs kitabı Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayəsində qeyd edilib ki, “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”.

Bütün dinlərin, xüsusilə də İslamın falçılıq və bu kimi fəaliyyətləri qadağan etməsinə baxmayaraq, təəssüf ki, günümüzdə falçılıq və ona inananlar hələ də qalmaqdadır.
Qeyd edək ki, Azərbaycanın müxtəlif rayon və şəhərlərində Sveta kimi baxıcıların sayı heç də az deyil. Dinimizin qadağan etdiyi həmin fəaliyyətdən dövlətimizə belə zərrə qədər xeyir yoxdursa, belə əməllərin qarşısı niyə alınmır?
Mözvuya qayıdacayıq…

*****

Azinforum.az İnformasiya Portalının əyalətlərdə fəaliyyət göstərən falçı və cadugərlərlə bağlı apardığı jurnlist araşdırmasına əlaqədar dövlət qurumları tərəfindən reaksiya verilib.

Qeyd edək ki, “CADUGƏRLƏR NİYƏ MƏSULİYYƏTƏ CƏLB OLUNMUR… –  ŞAMAXIDAKI SVETANI KİM HİMAYƏ EDİR?” başlığı ilə təqdim etdiyimiz jurnalist araşdırmasında barələrində kifayət qədər şikayətlərin olduğu səbəbindən bəzi falçıların  konkret adlarını çəkmişdik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQIDK) müvafiq bölgə şöbələri Daxili İşlər Nazirliyinin (DİN) yerli bölmələri ilə birlikdə Ucar və Şamaxı rayonlarında falçı adı altında fəaliyyət göstərən şəxslərə qarşı yoxlama tədbirləri həyata keçirib.
Komitədən Azinforum.az-a  bildirilib ki, yoxlama tədbirləri zamanı falçılıq adı altında fəaliyyət göstərən Ucar rayonu Qaracallı kənd sakini Məlahət Qafarova və Şamaxı rayon sakini Sveta İsmayılova müəyyən edilərək dindirilib. Dindirilmə zamanı hər iki şəxslə mövcud qanunvericilik barəsində söhbət aparılıb, adıçəkilən şəxslərin qanunazidd fəaliyyətləri nəticəsində əldə ediləcək əmlakın inzibati və cinayət məsuliyyəti yaradacağı ilə bağlı xəbərdarlıq edilib.
Hər iki şəxs yol verdikləri əməldən peşman olduqlarını və bu fəaliyyətlə bir daha məşğul olmayacaqlarını bildirib.
Vətəndaşların diqqətinə çatdırılır ki, aldadılaraq inamından sui-istifadə olunan, pulu mənimsənilən şəxslər mütləq şəkildə hüquq-mühafizə orqanlarına müraciət etsinlər.

Azinforum.az olaraq əlaqədar dövlət qurumlarına saytımızın araşdırmasına verdikləri  operativ reaksiyaya  görə  dərin minnətdarlığımızı bildiririk.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın