Ana səhifə / Aktual / “Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası

“Cəmi 6 ay evli qaldı, balası da olmadı…” – Şəhid pilotun anası

Bu gün aprel şəhidlərinin vəfatının ikinci ildönümü tamam olur. “Qafqazinfo” bu münasibətlə II Fəxri Xiyabanda dəfn olunan Mİ-24 helikopterinin pilotları mayor Urfan Vəlizadə, Təbriz Musazadə və Əbu Bəkr İsmayılovun məzarını ziyarət edib.

Əbu Bəkr İsmayılovun məzarını ziyarətə gələn  anası Rəna İsmayılova son iki ilin çox ağır keçdiyini bildirib:

“26 yaşında bu cür qəhrəman oğul itirən ana üçün bu iki il neçə keçə bilər? Çox çətin keçdi. Hər gün dərdimin üstünə dərd gəlir. Kim deyir ki, zaman hər şeyi həll edir? Yox, dərdim daha da dərinləşir.

Amma bir onu bilirəm ki, Əbu Bəkr bir 26 il daha yaşayıb 52 yaşında olsaydı da, o, bu dünyadan yenə qəhrəman kimi köçəcəkdi. Oğul mənimdisə mən onu tanıyıram. Bu cür qəhrəmanlıqla o elə şəhid də getməli idi. Tarix gedəcək, illər dəyişəcək, amma bu igid, qəhrəman oğullar unudulmayacaq.

Məni bu günə qədər yaşadan Əbu Bəkrin dostları, təhsil aldığı illərdəki tələbə yoldaşları, kursantlar və iş yoldaşları olub. Onlar mənimlə görüşürlər, gələ bilməyəndə  zəng edirlər. O dostları ilə məni yaşadır. Bu da mənə böyük qüvvə verir.

Demək olar ki, ayın bir iki gününü çıxmaqla onun  qəbrini ziyarətə gəlirəm. Sonuncu dəfə onunla aprelin 2-də (2016-cı il) səhər saat 10-a qalmış danışmışdım. Mənə dedi ki, həyatda ən çox sevdiyi insan mən və həyat yoldaşıdır. O, 6 ayın evlisi oldu. Balamın övladı da olmadı. Danışanda bildim ki, döyüşdədir. Son sözü “irəliləyirik” oldu.

Qeyd edək ki, səhər saatlarından aprel şəhidlərinin  məzarını müxtəlif təbəqədən olan  çoxsaylı insanlar və ailə üzvləri  ziyarət ediblər.

 




Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …