Bazar , Sentyabr 22 2019
Ana səhifə / Aktual / “Cəmiyyət Mehriban Əliyevanın çağırışına səs verdi, ölkədə qan tədarükü 44 tona çatdı…”

“Cəmiyyət Mehriban Əliyevanın çağırışına səs verdi, ölkədə qan tədarükü 44 tona çatdı…”

Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər vardı. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın 2005-ci ildə “Talassemiyasız həyat naminə” layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı.

Virtualaz.org xəbər verir ki, səhiyyə nazirinin müavini Elsevər Ağayev bu gün Bakıda keçirilən XIX Beynəlxalq Gənclər Forumunda belə deyib. Nazir müavini bildirib ki, 2005-ci ilə qədər qan tədarükü 10 tona yaxın idisə, ötən il 44 tona çatıb. Ölkədə qan donorluğunun inkişafı ilə əlaqədar indiyədək 3 dəfə dövlət proqramı qəbul edilib.

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Azərbaycan Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Mərkəzi Qan Bankı və Qan Donorları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutan beynəlxalq foruma İtaliya, Danimarka, İsveç, Almaniya, Mərakeş, Türkiyə, Misir olmaqla 30-dan çox ölkənin nümayəndəsi qatılmışdı. 

Elsevər Ağayev çıxışında bildirdi ki, cəmiyyət  Mehriban Əliyevanın çağırışına qoşulub və bu isə töhfəsini verir: “Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir. İnsanlar təmənnasız qanvermə aksiyasına qoşulurlar. Bu, humanist addımdır”.

Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev isə çıxışında qan vermək istəyən gənclərin sayının artdığını vurğuladı. Bildirdi ki, bu məsələdə gənclər xüsusi fəallıq göstərirlər.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov da forumda çıxış etdi, bildirdi  ki, fond bu istiqamətdə keçirilən tədbirlərə dəstəyini əsirgəmir.

Daha sonra Beynəlxalq Qan Donorları Cəmiyyətləri Federasiyasının icraçı direktoru Sayah Abdelmalik qan donorluğu haqda danışdı. 

Səhiyyə Nazirliyinin baş hemotoloqu Çingiz Əsədov isə çıxışında bildirdi  ki, Azərbaycanda donorluğun inkişafı 1970-1980-ci illərdən başlayıb, həmin dövrdə qanverən donorların sayı il ərzində 160 min olub. İlk qan 1927-ci ildə ağır formalı anemiyadan əziyyət çəkən, mədə xərçəngi diaqnozu qoyulan xəstəyə köçürülüb.

 “2005-ci ildə Azərbaycanda 1000 nəfərə 2.7 donor düşürdüsə, 2018-ci ildə bu rəqəm 10 olub. Ümumdünya Səhiyyə Təşkıilatının məlumatına görə, hansı ölkədə bu say 10 nəfərə çatıbsa, o ölkə özünü qan və qan preparatları ilə təmin edə bilir. Dünyada belə ölkələrin sayı 70-dir”,-o bildirdi.

Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva forum iştirakçılarına təqdim etdiyi məlumatlara əsasən ötən il 90490 nəfər qan verib. İnstitutun nəzdində Mərkəzi Qan Bankı ilə yanaşı, 8 bölgədə qan bankının bölmələri açılıb. Talassemiyali xəstələrin ay ərzində 3-4 dəfə qan köçürməyə ehtiyacı olur. “Dövlət proqramı qəbul olunduqdan sonra donorların sayı artıb. 2013-cü ildə bu say 22812 idisə, 2018-ci ildə 90490 nəfər qan verib”,-Z.Əlimirzəyeva qeyd etdi.

Daha sonra BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Qulam İsakzai və xarici ölkələrdən gələn nümayəndələr çıxış etdilər.

Forum avqustun 25-dək  davam edəcək. 

Həmçinin oxuyun

“Uşaqpulu verilməlidir, Prezidentə yalan məlumat verməyin”

Milli Məclisin sabiq YAP-çı deputatı Gülər Əhmədova uşaqpulunun verilməsi ilə bağlı Azərbaycan hökumətinə çağırış edib.  …