Ana səhifə / Aktual / “BUNA GÖRƏ ÖLÜMLƏ TƏHDİD OLUNMUŞAM…” – Tanınmış vəkil Gömrük Komitəsindən getmə səbəblərini açıqladı

“BUNA GÖRƏ ÖLÜMLƏ TƏHDİD OLUNMUŞAM…” – Tanınmış vəkil Gömrük Komitəsindən getmə səbəblərini açıqladı

Lent.az “Müdafiə Kürsüsü” adlı yeni layihəyə başlayıb. Layihənin ilk qonağı tanınmış vəkil Ceyhun Yusifov olub. Onun müsahibəsini təqdim edirik”

DOSYE

Qərbi Azərbaycanda anadan olub. 7-8 yaşı olanda Ermənistanda yaşayan bütün soydaşlarımız kimi, Ceyhun Yusifovun da ailəsi doğma yurdundan didərgin düşüb. Bakıya pənah gətirib. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və fərqlənmə ilə universiteti bitirib.

Universiteti bitirdikdən bir çox dövlət qurumundan hüquqşünas kimi işləyib. 2008-ci ildən vəkil kimi fəaliyyət göstərir.

Ailə qayğıları məni məmurluqdan uzaqlaşdırdı…

– Bir müddət əvvəl vəkillikdən uzaqlaşıb, Dövlət Gömrük Komitəsində İstintaq İdarəsinə rəis təyin edildiniz. Düzü, gözlənilməz bir addım oldu. Vəkillikdən getməyə sizi nə vadar etmişdi?

– Bir neçə il əvvəl elə sizin saytda müsahibəm zamanı vəkillikdən gedəcəyimi demişdim. Bu müddət ərzində Dövlət Gömrük Komitəsində aparılan islahatlar, fəaliyyət istiqaməti məndə həvəs yaratdı. Hesab etdim ki, ömrümün bir çox hissəsini müdafiəyə sərf etsəm də, eyni zamanda, ittihamçı statusunda da özümü sınayım. Həm də Komitədə gedən islahatların iştirakçısı olmaq istədim. Bundan sonra Gömrük Komitəsində İstintaq Şöbəsində rəis təyin olundum.

– Və çox çəkmədi ki, yenidən vəkilliyə qayıtdınız. İttihamçı olmaq çətin gəldi?

– Peşəkarlıq baxımdan bu fəaliyyəti həyata keçirməkdə heç bir problem olmadı. Hesab edirdim ki, göstərilən etimadı yüksək şəkildə doğruldacam. Sadəcə, ailə problemləri, əsasən də övladlarımın təhsil qayğıları ortaya çıxdı. Uyğunsuzluq yaranırdı. İş saatı ilə bağlı problemləri ortaya çıxdı, dəfələrlə oldu ki, onları məktəbdən götürə bilmədim. Eyni zamanda, valideynlərimin biri xəstələndi. Həmin zaman onu xarici ölkələrdən hər hansınasa apara bilmədim. Qərara gəldim ki, artıq vəkilliyə qayıdım. Həm fəaliyyətin azadlığı, həm də ailə qayğılarını yerinə yetirmək baxımdan vəkilliyə qayıtdım. Xarakter baxımından da özümü vəkilliyə daha uyğun hesab edirəm.

 Belə başa düşdük ki, ailə qayğıları Ceyhun Yusifovu məmur olmaqdan uzaqlaşdırdı…

– Bəli, sizinlə razılaşıram…..

 Məmur olan zaman ölkədə baş verən məhkəmə proseslərini izləyirdinizmi? Məsələn, elə bir proses olubmu ki, “kaş, həmin işdə mən də olardım” dediniz?

– İstintaqda olsam da, mütəmadi olaraq mətbuatdan ölkədə gedən məhkəmə çəkişmələrini izləyirdim. Bəzən elə məhkəmə prosesləri olurdu ki, orda iştirak etmək maraqlı gəlirdi mənə.

– Sizi hamı, belə deyək, “tutduğunu qoparan” vəkil kimi tanıyır. İstintaq rəisi olduğunuz bir dövrdə özünüz kimi bir vəkil qarşınıza çıxıbmı ki, sizinlə dirəşsin, hər hansı bir boşluq axtarıb tapsın?

– Açıq desəm, elə biri ilə rastlaşmadım. Amma onu deyə bilərəm ki, peşəkar vəkil istənilən ittihamda bir qüsur tapa bilər. Sadəcə, mən elə bir halla qarşılaşmadım. İttiham tərəfi olan zaman da çalışırdım ki, boşluqlara yol verməyim. Ümumiyyətlə, onu deyə bilərəm ki, Gömrük Komitəsində aparılan istintaqlar obyektiv olub. Arzulayıram ki, orada olan şəffaflıq institutu bütün qurumlara yayılsın.

– Geri qayıdanda ölkədə vəkillik institutunda hansı dəyişiklikləri gördünüz?

– Doğrusu, mən vəkillikdən ittihama keçən dövrdə də əlaqələrim qalmışdı. Onların fəaliyyətlərini yaxından izləyirdim. Bu sahədə 2017-ci il 7 dekabr konfransından sonra kifayət qədər dəyişiklik olub… Gəlin razılaşaq ki, vəkilliyin inkişafı çətin və ağır yoldur. Lakin görünən odur ki, vəkillərin peşəkarlığı artır və digər qurumlardan kütləvi şəkildə bu sahəyə axın var. Bu inkişafının xəbərçisidir. Baxın, 3-4 il əvvəl hər hansı bir məmurun və yaxud ittihamçının vəkilliyə gəlməsi halları ilə rastlaşmırdıq. Lakin indi bu kimi şəxslərin sayı onlarladır. Müdafiə institutunun fəaliyyətinin inkişafı həm psixoloji, həm də maddi cəhətdən daha rifahlıdır.

13fadadaba8b5e7741573b95fe5b39e7

10 il əvvəl deyirdim ki, Vəkillər Kollegiyasının rəhbərliyi gəncləşdirilməlidir

– Amma vəkillərin bəziləri hazırkı durumu bəyənmirlər, gedən prosesləri tənqid edirlər. Bu barədə nə deyə bilərsiniz?

– Mən Vəkillər Kollegiyasının fəaliyyətini həm kənardan, həm də daxildən izləmişəm. Tam səmimiyyətimlə deyə bilərəm ki, hazırda aparılan siyasət vəkilliyi daha da inkişaf etdirir. Zamanında ittiham tərəfi ilə apardığımız mübarizədə müəyyən gərginliklərlə rastlaşırdıq. Lakin indi vəkillərin hüquqları müdafiə edilir. Müdafiəçilərin hüquqlarının pozulması nadir hallarda baş verir. Mən son zamanlarda cəmi bir dəfə belə halla rastlaşmışam. Tənqid edənlərin subyektiv səbəbləri var. Hazırda kollegiya tərəfindən aparılan işləri bəyənməyənlərin obyektivliklərinə şübhəm var. Bu da mənim subyektiv fikrimdir.

Vəkillər Kollegiyasının keçmiş sədri Azər Tağıyevə Allah rəhmət eləsin, vəkilliyinin inkişafı üçün çalışan şəxslərdən olub. Sadəcə olaraq, o vaxtla müqayisə edəndə görünür ki, Anar Bağırov yenilikçidir, islahatçıdır.

– Ötən ilin statistikasına görə, ən çox məhkəmələrdə bəraət alan siz və Adəm Məmmədov idi. Amma ikiniz də təxminən eyni dövrdə vəkillikdən getdiniz. İkinizin də eyni vaxtda qayıtmağınız təsadüfdür?

– Sırf təsadüfdür. Adəm müəllim vəkillikdən tam getməmişdi. Sadəcə, xaricdə yaşadığı üçün fəaliyyətini dondurmuşdu. Kollegiyanın üzvü kimi qalırdı. Lakin mən getmişdim, üzvlükdən çıxmışdım.

Vidadi Zeynalovun azadlığı mənim üçün ən böyük təşəkkürdür

– Müdafiə etdiyiniz şəxslərdən azadlığa çıxanlarla münasibətiniz varmı? Bir zamanlar Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov da bunlardan biridir. Onunla heç görüşmüsüzmü?

– Mən hər zaman müvəkkillərimlə görüşürəm, əlaqə saxlayıram. Kifayət qədər də insanların xoş günlərində onların yanında oluram, təbrik edirəm. Vidadi Zeynalovla şəxsən azad olunan zaman görüşməsəm də, təbriklərimi çatdırmışam.

– İstintaqda, məhkəmə dövründə Vidadi Zeynalov üçün çox “döyüşmüsünüz”, bunun müqabilində azad olunandan sonra sizə təşəkkür edibmi?

– Vidadi Zeynalovun azadlığı mənim üçün ən böyük təşəkkürdür.

– Vəkillik dövrünüzdə hədələr olubmu? Məmurluqdan vəkilliyə qayıdanda bunu düşündünüzmü? Peşman olmayacaqsınız?

– Doğrusu, vəkilliyin nə qədər sevdalısı olsam da, ölümlə belə təhdid olunmuşam. Amma yenə də hesab etmirəm ki, nə vaxtsa peşman olam. Ölümlə hədələmək mövcud olub, olacaq da. Kifayət qədər təzyiqlərə məruz qalmışıq.

– Məmurun, şou biznes nümayəndəsinin, hətta kriminal avtoritetin vəkili olmusunuz. Bax, bu fərqli insanların vəkili, müdafiəçisi olmaq çətin deyil?

– Kifayət qədər çətinliyi var. Bəzən hər hansı bir dostun xahişindən, hər hansı maddi bir təklifdən imtina edə bilmirsən. Elə olub ki, həmin şəxsin düşdüyü ağır durumdan imtina edə bilmirsən. Əslində vəkilin istiqamət xətti bir olsa daha yaxşı olar.

86dd433987a7c9fe3398c69be406d3a3

O şəxsləri müdafiə etmərəm ki…

– Hansı şəxsləri müdafiə etməzsiniz? Elə bir hal olubmu ki, yaxşı qonorar versə belə, onun müdafiəsini həyata keçirməmisiniz?

– Əlbəttə olub. Bax bir neçə gün qabaq yol-nəqliyyat hadisəsi ilə bağlı bir nəfər müraciət etdi. İşlə tanış oldum ki, bu adam içkili olaraq avtomobil idarə edib və xuliqanlıq edərkən qəza törədib. Mən onunla müqavilə bağlamadım, bildirdim ki, səni müdafiə etmək istəmirəm.

Mən məsələn, vətənə xəyanət edən şəxsin əməlinin iş materiallarında gördüyüm təqdirdə müdafiədən yayınaram.

– Bütün günü qalmaqallı işlərdəsiniz. Sizi hansı işlər daha çox yorur?

– Ən yorucu dələduzluq cinayətləridir. Ümumiyyətlə, deyə bilərəm ki, dələduzluğun hüquqi tövsifinin özü ziddiyyətlidir. Qeyd edim ki, ötən il mətbuatda açıqlamalarımda dələduzluq cinayətinin çoxluğu ilə bağlı bəyanatlar verirdim. Bildirirdim ki, hüquq-mühafizə orqanları tərəfindən bu dələduzluq cinayətləri lüzumsuz cəhətdən başlanılır. İstənilən şəxsin əməlini dələduzluq subyektinə çevirə bilirdilər. Bu gün şükür olsun ki, bunun qarşısı alınıb.

Məndə olan məlumata görə, dələduzluq cinayəti ilə bağlı yenidən dekrimanalaşdırılma olacaq. Konkret əməlin harada dələduzluq olduğu müəyyənləşdiriləcək. Dələduzluq işlərində müdafiəçi olmaq çox yorucudur.

– Gələcəkdə Vəkillər kollegiyasının rəhbərliyində və yaxud hansısa idarəedici bir orqanda olmaq iddianız varmı?

– Vəkilliyə qayıdışımda ən böyük məqsədim sıravi müdafiəçi Ceyhun Yusifov olaraq xidmət etməkdir. Bu, mənim üçün ən böyük, yüksək vəzifədir.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …