Ana səhifə / Aktual / Bulvardakı 40 minlik baobab ağaclarının ikisini çıxarıb, apardılar – FOTOLAR

Bulvardakı 40 minlik baobab ağaclarının ikisini çıxarıb, apardılar – FOTOLAR

Bir müddət öncə mətbuatda xaricdən gətirilərək bulvarda əkilən ekzotik bitkilərin, xüsusilə də baobab ağaclarının quruması haqda məlumat yayılmışdı.
Xəbərdə deyilirdi ki, bulvardakı 5 baobab ağacından 3-ü (Paraşüt qülləsi tərəfdəkilər) normal vəziyyətdə olsa da Kukla Teatrına yaxın ərazidə əkilmiş ağacların ikisi quruyub.
Dənizkənarı Milli Park İdarəsi rəisinin müavini Nazim Məcidov o zaman bu məlumatları dolayısı ilə təsdiqləmiş, daha dəqiq desək, təkzib etməmişdi. Demişdi ki, Bakı bulvarına xaricdən gətirilən 100 ağacdan biri quruya, ya qurumaya: “Ağaclar quruya, məhv ola bilər. Bu, gözlənilən haldır. Hər işdə bir risk olduğu kimi ağacların da xaricdən gətirilməsində, əkilməsində müəyyən risklər var. Dünyanın hər yerində belədir, bitkidir, tutmaya da bilər. O yer o bitkinin xoşuna gəlməyə də bilər. O bitki uyğunlaşmaya da bilər. Əlbəttə, düzgün qulluq olunmaması da bir səbəbdir. Bulvarda inkişafdan qalan ağacların olduğunu biz də bilirik”.
Nazim Məcidov o vaxt bunu da söyləmişdi ki, qurumuş baobabların bulvardan götürülməsinə hələ qərar verməyiblər.
Bəs həmin ağacların hazırkı vəziyyəti necədir? Həmin baobablar yerində qalır, yoxsa çıxarılıb?
Bu sualla müraciət etdiyimiz Nazim Məcidov virtualaz.org saytına açıqlamasında bildirib ki, ağacların vəziyyəti yaxşıdır: “Baobab ağaclarının hər üçü yerindədir, vəziyyətləri normaldır. Ağacların sayına gəlincə isə Bulvar İdarəsinin ağac saxlanma yeri var, müxtəlif vaxtlarda ağacların yeri dəyişdirilir. Saat qülləsinin yanında hazırda 3 baobab var və onların vəziyyəti yaxşıdır”.
Göründüyü kimi, rəis müavini quruduğu deyilən iki baobab ağacının taleyi ilə bağlı birmənalı danışmadı. Amma onun “hazırda 3 baobab var və onların vəziyyəti yaxşıdır” sözlərindən çıxan nəticə budur ki, həmin iki ağac artıq çıxarılıb. Çünki bulvarda 5 baobab ağacı əkilmişdi. Yeri gəlmişkən, həmin ağacların neçəyə başa gəldiyi rəsmən açıqlanmasa da qeyri-rəsmi rəqəmlərə görə, baobabların Bakıya gətirilməsi və əkilməsi 30-40 min manata başa gəlib.
Həmin iki baobabın yerində qalıb-qalmadığını dəqiqləşdirmək üçün Kukla Teatrının yaxınlığına – onların əkildiyi yerə getdik. Deyilənlər təsdiqini tapdı: quruduğu deyilən baobablar orada yox idi, ikisi də çıxarılaraq aparılıb. Böyük ehtimalla N.Məcidovun dediyi məkana – Bulvar İdarəsinin ağac saxlanma yerinə…
Baobablarla yanaşı bulvarda bir neçə kəsilmiş ağac da diqqətimizi cəlb elədi. Bulvarın mühafizə xidmətinin əməkdaşı həmin ağaclardan birinin çürüdüyünə görə kəsildiyini desə də ağacın yerdə qalan kötük hissəsində çürümə əlaməti gözə dəymirdi.
Nazim Məcidov isə buna belə aydınlıq gətirdi: “Bulvarda kəsilmiş ağaclara gəlincə isə bu, bəzi ağacların ömrünü başa vurması ilə bağlıdır. Bulvarda mütəmadi olaraq ağac kəsilir, yeniləri əkilir, budaqları budanır, yenilənir. Bura dağıdıcı yox, yaradıcı yerdir”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın