Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Aktual / “Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir” — Nəsiman Yaqublu

“Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir” — Nəsiman Yaqublu

Düz 104 il əvvəl – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən – Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi.

Tarix elmleri doktoru, professor Nəsiman Yaqublu Demokrat.az-a açıqlamasında AXC dövrünün bugünkü Azərbaycan tarixindəki rolundan, əhəmiyyətindən danışıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan xalqı özünün demokratik, hüquqi prinsiplərə söykənən bir dövlət qurmaq bacarığını ortaya qoydu. 1918-1920-ci illərdə mövcud olan AXC qısa bir zaman içərisində çox böyük işlər gördü. Hər şeydən əvvəl Azərbaycanın 114 min kvadrat km-lik ərazisinə sahib oldu. AXC dövründə Azərbaycan parlamenti yaradıldı və bu parlamentdə Azərbaycanda yaşayan bütün milli azlıqlar və xalqların nümayəndələri təmsil olundu. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalar bu parlamentdə təmsil edilirdi. Azərbaycan parlamentinin 17 aylıq fəaliyyəti dövründə 270-ə qədər qanun layihəsi müzakirəyə çıxarıldı ki, bu qanunlardan 230-u qəbul olundu. İctimai, siyasi, mədəni həyatın bütün sahələrinə aid qanunlar hazırlandı, qəbul edildi və bu da ictimai-siyasi həyatda özünü əks etdirirdi. Qısa bir müddət ərzində Azərbaycanda təhsilin inikişafına çox böyük diqqət yetirildi. Bakı Dövlət Universiteti yaradıldı, ibtidai məktəblər yaradıldı. Bunların sayı 400-dən çox idi. O dövrdə Azərbaycanda 9600-dən çox şagird məktəblərdə təhsil alırdı. Bütün dərslər artıq 1919-cu ildən başlayaraq, Azərbaycan dilində aparılırdı.”
Araşdırmaçının sözlərinə görə, 1920-ci ilin yanvarın 11-də Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması böyük hadisə idi. Belə ki, 23-dək dövlət Azərbaycanı de-fakto tanıdı və Azərbaycan Cümhuriyyətinin mövcudluğunu qəbul etdi”

“Azərbaycan Xalq Cümhuriyyəti dövründə görülən ən mühüm işlərdən biri də səhiyyə sisteminin inkişaf etdirilməsi, poçt-teleqraf sisteminin inkişaf etdirilməsi idi. Dövlət Bankı yaradıldı, Azərbaycanın öz pulu dövriyyəyə buraxıldı. Ona görə Məmməd Əmin Rəsulzadə deyirdi ki, bir kərə yüksələn bayraq, bir daha enməz. Azərbaycanın bütün bölgələrində bayrağımız dalğalanırdı. Söz azadlığımız, mətbuat azadlığımız inkişaf etdirildi. 1918-ci ildə noyabr ayının 9-da eyni vaxtda həm üçrəngli bayrağımız haqqında qərar qəbul edildi, həm də mətbuat üzərində senzura ləğv edildi. 1919-cu il oktyabr ayının 30-da isə “Mətbuat nizamnaməsi haqqında” qanun qəbul edildi. Bu azad mətbuatın inkişafına imkan yaratdı. AXC dövründə 90-a qədər qəzet və jurnal çap edilirdi. Azərbaycan Cümhuriyyəti 23 ay mövcud oldu. Lakin bu müddət ərzində çox dərin izlər qoydu. Bu mənada bugünkü Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi olması tamamilə doğrudur” – deyə N.Yaqublu qeyd etdi.

Həmçinin oxuyun

Sabirabad icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR – Siraqəddin Cabbarovun VAXTI YETİŞİB

Sabirabad rayon icra başçısı Siraqəddin Cabbarovla birinci müavini Həsən Həsənovun çətin duruma düşdüyü və vəzifələrindən …