Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / “BU NAMİZƏDİN RUSİYA QARŞISINDA ÖHDƏLİYİ VAR…” – Rauf Əliyevin xaricdəki biznesi aşkarlandı

“BU NAMİZƏDİN RUSİYA QARŞISINDA ÖHDƏLİYİ VAR…” – Rauf Əliyevin xaricdəki biznesi aşkarlandı

Azərbaycan qanunvericiliyi millət vəkillərinin bizneslə məşğul olmasını qadağan etsə də, demək olar bütün çağırışlar üzrə Milli Məclis üzvlərinin əhəmiyyətli hissəsinin şəxsi biznesə, şirkətlərə malik olması heç kimə sirr deyil. Özünü istefaya göndərən son parlamentdə də biznesmen deputatlar kifayət qədər çox idi.

Onu da qeyd edək ki, bir çox deputatların nəinki Azərbaycanda, ondan kənarda da bizneslərinin olduğu məlumdur. Adətən onların əksəriyyəti xaricdəki bizneslərini, şirkətlərini özlərinə yaxın şəxslərin adlarına sənədləşdirirlər. Lakin elələri də var ki, Azərbaycanın millət vəkili ola-ola xaricdəki bizneslərini də şəxsən öz adlarına rəsmiləşdirib, bununla da başqa ölkə qarşısında öhdəlik götürüblər.

Azinforum.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində son üç çağırış YAP-ın siyahısı üzrə deputat olmuş Rauf Əliyevin qanunvericiliyin ziddinə olaraq, Rusiyada şəxsi biznesinin olduğunu, vergi ödəyicisi kimi qeydiyyatdan keçdiyini iddia edib.

Xatırladaq ki, parlamentin özünü istefaya göndərməsinə imza atan Rauf Əliyev yenidən YAP tərəfindən 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədliyini irəli sürüb. Ancaq C.Həsənlinin iddiası təsdiqini taparsa, belə çıxır ki, hakim partiya bu deputatın xarici ölkə qarşısında hüquqi öhdəliyinin olmasından xəbərsizdir.

Rusiya Federal Vergi Xidmətinin rəsmi səhifəsindəki məlumatın da əlavə olunduğu sözügedən paylaşımda C.Həsənli yazır: “Milli Məclisin son 3 çağırış deputatı, YAP-ın 13 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən deputatlığa namizədi Rauf Əliyev hələ 2018-ci ilin oktyabrın 16-dan Rusiyada Moskva vilayəti 17 saylı Regionlararası Vergi Müfəttişliyində fərdi sahibkar kimi qeydiyyatdan keçib. Yəni Rauf Əliyev ötən çağırış deputatlıq fəaliyyəti dövründə faktiki olaraq, konstitusiyanın tələblərini pozub və onun biznes fəaliyyəti xarici ölkə qarşısında öhdəlik yaradıb. Yeri gəlmişkən, Rauf Əliyevin oğlu da Avropada biznes fəaliyyəti ilə məşğuldur…”

Qeyd edək ki, Azərbaycanın seçki qanunvericiliyi xarici vətəndaşın, yaxud ikili vətəndaşlığı, həmçinin başqa dövlət qarşısında öhdəliyi olan şəxslərin parlament üzvü olmasını qadağan edir.

Rauf Əliyevin mövqeyini dərc etməyə hazırıq


Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …