Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Bu il hansı deputatlar mandatsız qala bilər? – Təhlil

Bu il hansı deputatlar mandatsız qala bilər? – Təhlil

 

Hər bir ölkənin siyasi həyatında seçkilər önəmli hadisə olaraq ictimaiyyət tərəfindən  diqqətlə izlənilir. Milli Məclisə V çağırış seçkilər keçiriləcək. Seçkilərə 6 ay vaxt qalmasına baxmayaraq, ictimai-siyasi həyatda aktivlik bir o qədər nəzərə çarpmır. Sanki ictimaiyyətə bəlli olmayan bir pərdəarxası proses gedir. Qeyd edək ki, parlamentdə IV çağırışdan sonra beş deputat yeri boşalıb. Bununla belə boş yerlərə hələ də seçki keçirilməyib.
Xatırladaq ki, vəzifə verilən Mübariz Qurbanlının, Əli Əhmədovun, dələduzluğa görə həbs edilən və mandatından imtina edən Gülər Əhmədovanın, avtomobil qəzasında dünyasını dəyişən Hikmət Atayevin,  Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasının baş katibi seçilən Asəf Hacıyevin yeri hələ də boşdur.
Hakimiyyətin  2015-ci il  parlament seçkilərində hazırkı deputatların təxminən  yarısını  mandatsız qoyacağı, bəzi fikirlərə görə isə köhnə tərkibə cüzi dəyişiklik ediləcəyi barədə də yayılan məlumatlar intensivləşməkdədir. Hətta bəzi rəsmilərin  zaman-zaman verdiyi açıqlamalardan da hiss edilir ki, ötən beş il ərzində Milli Məclisdə təmsil olunan bəzi deputatlar bir sıra tələblərə görə etimadlarını doğrultmayıblar.
Rakurs İA-ya özəl mənbədən daxil olan məlumata görə,  bu və ya digər səbəbdən 2015-ci il parlament seçkilərində bir sıra millət vəkilləri mandatları ilə vidalaşmalı olacaq. Eyni zamanda,  yeni namizədlər də gərgin fəaliyyətlərinin nəticəsində 2015-ci ildə parlamentə mandatı əldə edə biləcəklər. Hazırkı millət vəkillərindən bir neçəsinin isə müəyyən vəzifələrlə mükafatlandırılacağı da gözlənilir.
Qeyd etdiyimiz kimi, millət vəkillərindən bir qisminin mandatsız qalmasına səbəb onların  ötən illlər ərzində çoxsaylı qalmaqalları ilə gündəmdə gəlmələri olub. Əks-sədaya səbəb olan deputatlara misal olaraq adı  nurçuluqda ittiham olunan Prezident Administrasiyasının eks şöbə müdiri Elnur Aslanovun xeyir-duası ilə parlamentdə mandat sahibi olmuş Ceyhun Osmanlının və keçmiş musavatçı Rasim Musabəyovun, eyni zamanda Elnur Aslanovun anası Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanovanın, Azərbaycan hökumətində uzun illər baş nazirin müavini vəzifəsini daşımış Abbas Abbasovun oğlu Aydın Abbasovun artıq deputat ömürlərini başa vurmaqda olduqları ilə bağlı ictimai rəy mövcuddur.
Mənbənin məlumatına görə, biznes fəaliyyətlərindəki problemlərlə zaman zaman  gündəmə gələn, vətəndaşları narazı salan, adları son illər media səhifələrindən düşməyən millət vəkilləri Fərhad Qəribov, Rəfael Cəbrayılov, Əsabil Qasımov, Nəriman Əliyev, İqbal Məmmədov, Mahir Aslanov və Cavanşir Feyziyevin adları çəkilir.
Millət vəkilləri Etibar Hüseynov, Fəzail Ağamalı, Hadı Rəcəbli, Kamilə Əliyeva, Salahzadə Qalib və Ayaz Orucovun isə mandatsız qalmalarına səbəb  zaman-zaman mediyada lazımsız açıqlamları ilə gündəmə gəlmələri göstərilir.
Milli Məclisdə deputat olduğu vaxtdan bəri heç bir çıxışı ilə yadda qalmayan, iqtidarın siyasətinin əhali arasında təbliğində yetərincə iştirak etməyən, xarici təşkilatların Azərbaycanla bağlı haqsız mövqelərinə  qarşı əks mövqe belə sərgiləməyi düşünməyən  daha bir neçə deputat da bu il mandatsız qala bilərlər ki, onlarında sırasına Leyla Əliyeva, Sədaqət Vəliyeva,  Sevinc Hüseynova, Rüstəm Xəlilov,  Ağalar Vəliyev,  Astan Şahverdiyev və digərlərinin adları çəkilir.
Yaşlı millət vəkillərinin sırasında 87 yaşlı Cəlal Əliyev, 78 yaşlı Ağacan Əbiyev, 77 yaşlı Fəttah Heydərov, 79 yaşlı Zeynəb Xanlarova, 77 yaşlı İlyas İsmayılov, 73 yaşlı Xanhüseyn Kazımlı, 74 yaşlı Arif Rəhimzadə, 75 yaşlı Ziyad Səmədzadə, 75 yaşlı Elxan Süleymanov, 76 yaşlı Yaqub Mahmudov,  70 yaşlı Hüseynbala Mirələmov və Rafiq Məmmədhəsənovda  var. Onların artıq bir neçəsi yaşı ilə əlaqədar parlamentlərin plenar iclaslarında mütəmadi olaraq iştirak etmirlər. Və növbəti çağırış bu şəxslərin əksəriyyətinin mandatla vidalaşacağı heç kimdə şübhə doğurmur.
Mənbənin sözlərinə görə, bir sıra millət vəkillərinin iki və daha artıq vəzifə daşımaları ilə bağlı da hakimiyyət dəhlizlərində  müəyyən fikirlər  mövcuddur. Belə ki, prezident sərəncamı ilə vəzifəyə təyin olunan bir sıra millət vəkillərinin seçim qarşısında qalacaqları ilə bağlı da fikirlər mövcuddur ki, bu sirada Rövnəq Abdullayev,  Cavid Qurbanov, Ağacan Əbiyev, Əhliman Əmiraslanov,  Gülçöhrə Məmmədova, Səməd Seyidov, Abel Məhərrəmov, Aqiyə Naxçıvanlı qeyd etmək olar. Musa Qasımlı, İsa Həbibbəylı, Gövhər Baxşəliyeva, Arif Alışanov, Muxtar Babayev  və digər millət vəkilləri də hazırda parlament təmsilçiliyindən əlavə digər qurumlarda rəhbər vəzifə icra edirlər.
Yuxarıda qeyd olunanlar bir daha ona işarə edir ki, Milli Məclisin tərkibində dəyişikliklərin olacağı qaçılmazdır. Mənbənin verdiyi məlumata görə, bu il parlamentdə mandat sahibi olmaq şansları yüksək qiymətləndirilən  bir neçə adlar da artıq mövcuddur. Ancaq bu adlar seçkiyə yaxın bir zamanda ictimaiyyətə açıqlana bilər.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın