Ana səhifə / Aktual / Bu gün – ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə ürəklərimizdə həmişə yaşayacaq

Bu gün – ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə ürəklərimizdə həmişə yaşayacaq

İnsanın ömrü onun əməlləri qədərdir. Alını açıq, başı dik  yaşamaq və yaşadığın ömrə sığdırdığın xeyirxah işlər insana  ikinci ömür, ikinci həyat  qazandırır.

Görkəmli etnoqraf alim, dəyərli ziyalı, gözəl insan Hacı Qadir Qədirzadə də ürəklərdə özünə sağlığında abidə ucaldan insan kimi həmişə yaşayacaq.

O, 1948-ci ilin gözəl bir yaz günü-mayın 20-də Babək rayonunun  Cəhri kəndində zəhmətkeş ailəsində anadan olmuşdu. Düz 70 il sonra- martın 8-də isə aramızdan ayrıldı.

Uşaqkən kəndimizin mərkəzində, məktəblərimizdə tez-tez rastlaşdığımız bu dəyərli insan Cəhrinin sayılıb-seçilən, yol göstərən görkəmli ziyalılarından biri idi.

1966-cı ildə Cəhri kənd orta məktəbini bitirmiş, 1967-ci ildə APİ-nin Naxçıvan filialının (İndiki Naxçıvan Dövlət Universiteti) tarix ixtisasına qəbul olmuş  və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib Cəhri kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ilin iyun ayından Naxçıvan Elm Mərkəzində kiçik elmi işçi, 1979-1986-cı illərdə Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinin, 1987-1992-ci illərdə Arxeologiya  və Etnoqrafiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1992-2001-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini vəzifəsinin də öhdəsindən bacarıqla gəlmişdir. 2002-ci ildən AMEA Naxçıvan Bolməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışaraq Azərbaycan elminə bir birindən dəyərli töhfələr vermişdir.

2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr” mövzusunda doktorluq dissertasiyası müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsi alan Qadir müəllim 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 400-ə yaxın elmi, elmi-kütləvi məqalə və 20 kitabın müəllifi olan Qadir Qədirzadənin tədqiqatlarında qədim diyarımız Naxçıvanın tarixi və etnoqrafiyasının tədqiqi xüsusi yer tutur. Nuh peyğəmbər, dünya tufanı və Naxçıvan məsələsi, Naxçıvanda şəhərsalma mədəniyyəti, islamaqədərki milli adət və ənənələr məhz Qadir müəllimin araşdırma və tədqiqatlarında üstün mövqedə dayanır.

Təsadüfi deyil ki, Qadir müəllimin müəllifi olduğu “Naxçıvan: Nuh baba və türk atadan gələn yol” kitabı ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi mükafatına layiq görülmüş, ali məktəblərə dərslik kimi tövsiyyə olunmuşdur.

Naxçıvanı dərin məhəbbətlə sevməsi, diyarımızın tarix və mədəni irsinin tədqiqi istiqamətində yorulmaq bilmədən çalışması onun həm də böyük vətənpərvər bir alim olduğunun təsdiqidir. Qadir Qədirzadə təkcə mühüm tədqiqat və elmi işləri ilə deyil, həm də yetişdirdiyi yüzlərlə gənc alim və ziyalıların müəllimi kimi də həmişə xatırlanacaq.

Söz var, deyirlər ki, insan var evdən gedir, insan da var eldən. Ömrünün 70-ci ilində bizimlə vidalaşan Qadir Qədirzadə də evdən yox, eldən ayrılan şəxsiyyətlərdəndir. Çünki onun evi təkcə kəndimizin mərkəzindəki sakit mənzili yox, həm də qarış-qarış gəzib tədqiq etdiyi Naxçıvan abidələri, Naxçıvan torpağı, Naxçıvan mədəniyyəti, Naxçıvan təbiəti, Naxçıvan inanc və etiqatlarıdır.

Qadir Qədirzadə kənddə doğulub böyüyən, amma dünya miqyasında böyük tədqiqatlar aparmağı bacaran bir alimlik nümunəsi, alimlik məktəbi də yaratmışdır.

Gözəl və işıqlı insanın xatirəsinə ehtiramla

Sahil Tahirli

 jurnalist

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …