Bazar , Yanvar 17 2021
Ana səhifə / Aktual / Bu gün keçiriləcək Zəfər paradı ilə bağlı TƏFƏRRÜAT

Bu gün keçiriləcək Zəfər paradı ilə bağlı TƏFƏRRÜAT

Bu gün Bakıdakı Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Zəfər paradında 3000 nəfərdən artıq şəxsi heyətin iştirakı, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlərin nümayiş etdirilməsi nəzərdə tutulur.

Paradda Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdiriləcək.

Paradı Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan izləyəcək.

Bundan başqa, tədbirdə yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusların nümayəndələri də iştirak edəcəklər.

Tədbirin ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani olacaq.

A.Qurbani bildirib ki, Zəfər bayrağını meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, Prezidentin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirəcək.

Zəfər paradında həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları nümayiş olunacaq. Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyətləri, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları yürüş edəcəklər.P

Düşmənin məhv edilmiş avtomobilləri və döyüş texnikalarının nömrələrindən hazırlanmış nəhəng “Qarabağ Azərbaycandır!” şüarı da təqdim olunacaq.

Zəfər paradında pilotsuz uçuş aparatlarına xüsusi yer ayrılıb. Türkiyə istehsalı olan “Bayraktar” döyüşlərdə olduğu kimi, Azadlıq meydanında da böyük marağa səbəb olacaq.  

Parad boyunca Hərbi Dəniz Qüvvələrinin və Sərhəd Xidmətinin Sahil Mühafizəsinin döyüş gəmiləri, katerləri də Xəzərin sahil sularında sıralanacaqlar.

Sonda isə paradı Milli Aviasiyamız davam etdirəcək. Döyüş təyyarə və helikopterləri Bakı səmasında möhtəşəm manevrlər edəcəklər. Prezident sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülmüş “Su-25” hücum və hava dəstək təyyarələr qrupunun başçısı general-mayor Namiq İslamzadənin təyyarələr qrupu  Bakı üzərində uçaraq, üşrəngli tüstü ilə Azadlıq meydanının üzərində Azərbaycan bayrağının təsvirini yaradacaqlar. 

Paradın özəlliklərindən biri də Türkiyədən gəlmiş 200-ə yaxın əsgərin keçidi olacaq. Onlar Türkiyənin bayrağı ilə addımlayacaqlar.

Həmçinin oxuyun

Xankəndiyə kimlər qayıdır?

Qarabağa ermənilərin qayıtması prosesi belə görünür ki, yekunlaşır. Rusiya Müdafiə Nazirliyinin yaydığı dünənki məlumata görə, …