Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / ” Bu baxımdan da Naxçıvan bütün Azərbaycan üçün nümunəvi bir yerdir”

” Bu baxımdan da Naxçıvan bütün Azərbaycan üçün nümunəvi bir yerdir”

Azərbaycanda keçirilən yas mərasimlərindəki israfçılıqdan hər gün qalaq-qalaq yazı yazsaq, açıqlama alsaq da, lap elə bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə tövsiyə və göstərişlər versə də, bu məsələni nizama salan olmadı. Əksinə, ölkədəki yas biznesi günü-gündən daha da inkişaf etməyə, yas mərasimləri çadırlardan VİP mərasim evlərinə, restoranlara ayaq açmağa başladı.

Bu məqamda Naxçıvanda keçirilən yas mərasimlərini ayrıca vurğulamaq istərdim. Məsələ burasındadır ki, yas mərasimlərinin keçirilməsi baxımından Naxçıvan bütün Azərbaycanda fərqlənir. Elə Naxçıvandan seçilən deputatlar da öz açıqlamalarında bunu təsdiq ediblər.

Ölünün varlısı-kasıbı olmur…

Parlamentə 4 saylı Naxçıvan şəhər seçki dairəsindən seçilən deputat Eldar İbrahimov deyir ki, başqa bölgələrdən fərqli olaraq, Naxçıvanda yas mərasimləri adət-ənənələrə uyğun təşkil edilir:

“Burada yas mərasimləri göstəriş üçün deyil, yası düşən şəxsə, ailəyə dəstək olmaq məqsədilə keçirilir. Mərasimlərdə ancaq çay, qənd, bəzən də limon verilir. Əgər yasa kiminsə dərdinə şərik olmaq üçün gedilirsə, bu, belə də olmalıdır. Ancaq çox təəssüflər olsun ki, başqa yerlərdə, xüsusilə də Bakıdakə yas yerlərində hədindən artıq çeşidli yeməklər verirlər. Artıq orada ölü sahibinin kədərinə qoşulmaq yaddan çıxır. Hər kəs başlayır söhbət etməyə.
Bizim milli mentalitetimiz var, müsəlmanıq. Buna görə də islam dininin qayda-qanunlarına riayət etməliyik. Bu baxımdan Prezident İlham Əliyevin 2017-ci ili “İslam həmrəyliyi ili” elan etməsi təsadüfi deyil. Biz öz dinimizə, mentalitetimizə uyğun hərəkət etməliyik. Mənim yadımdadır, gənc vaxtlarımda kənddə rəhmətə gedən olanda, düz bir il kimsə övladına toy etmirdi. Toy edəndə də icazə alıb, Quran oxutdurub edirdi. Bu, azərbaycançılığın, türklüyün, islamın nümunələridir. Biz buna riayət etməliyik. Naxçıvanda bu məsələlər çox yüksək səviyyədə təşkil edilir. Hər bir insan üçün varlısından-kasıbından asılı olmayaraq, qədimdən gələn adət-ənənələr qorunub saxlanılır. Necə ki, ölülərin o dünyada varlısı-kasıbı yoxdur, hamısı altı arşın ağ aparır. Orada demirlər bu vəzifədə işləyib, yoxsa işləməyib, pulu çoxdur, ya da pulu azdır. Naxçıvandakı yas mərasimlərinin də bu baxımdan fərqi yoxdur. Hamı mərasimi eyni dərəcədə keçirməlidir. Çay içib yas yiyəsinin dərdinə şərik olmalıdır”.

Vasif Talıbov ənənələri yaşadır

Parlament üzvü bildirib ki, Naxçıvanda yas mərasimləri əsasən məscidlərdə keçirilir:

“Bəzi insanlar var ki, evi məsciddən uzaqdır. Onlar öz qapısında çadır qurur, yaxud həyəti genişdirsə, elə öz həyətində keçirir. Elə adam olur ki, ölməmiş vəsiyyət edir ki, onun hüzr mərasimi öz həyətində təşkil edilsin. Yas verməklə ölən adamın ruhu qarşısında son borcunu yerinə yetirirsən. Amma bu yası verməklə onun ailə üzvlərinə əziyyət çəkdirmək olmaz. Bir sözlə, ölüyə varlı-kasıb yaşadığına görə fərq qoyulmamalıdır. Gəlib-gedənə çay vermək, müxtəlif cür xörəklər hazırlamaq əlavə və yersiz əziyyətdir.
Xüsusilə Naxçıvanda cavan adamın ehsanını yaxınlarından başqa heç kim yemir. Deyirlər ki, cavanın ehsanını yeməzlər. Yaxud da yası olan adama əl tutarlar, yığışıb köməklik edərlər. Çünki yas birdən-birə düşür. Toy deyil ki, əvvəlcədən pul yığıb hazırlıq görəsən. Mən həmişə xeyirə-şərə gedən adamam. Yasların çoxunda, xüsusilə də paytaxtda, süfrəyə yemək gələn kimi ölü yaddan çıxır. Təkcə çay və qənd özü kədəri bölüşməyə bəs edir. Onsuz çay da ehsandır. Vacib deyil ki, cürbəcür yeməklər olsun.
Yadıma gəlir kənddə kimsə öləndə qonum-qonşu yas yiyəsinin xəbəri olmadan yığışıb hər şeyi hazır edirdi. Bu qədimdən bizə qalmış mirasdır. Biz bunları itirməməliyik. Bu baxımdan da Naxçıvan bütün Azərbaycan üçün nümunəvi bir yerdir. Bu da təbii ki, bu cür məsələlərə orada rəhbərlik edən insanlardan asılıdır. Xüsusilə də Ali Məclisin sədri Vasif Talıbovun gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin nəticəsidir”.

Naxçıvanda dəbdəbəli başdaşı yoxdur

E.İbrahimov Naxçıvandakı qəbiristanlıqlardan da danışıb. O bildirib ki, Muxtar Respublikada qəbir yerləri tamamilə pulsuz verilir:
“Orada heç kim yer seçmir. Hər kəs növbə ilə öz ölüsünü dəfn edir. Dəfn mərasimi də tamamilə pulsuzdur. Kimsə böyük qara mərmərdən başdaşı qoya bilməz. Naxçınavda birmənalı və qəti şəkildə bütün qəbirlərin başdaşı eynidir. Ölü üçün fərq olmamalıdır. Onsuz da o biri dünyada hamı eynidir. Kiminsə vəzifəsi, stolu olmur. Allah hamıya xeyir işlər qismət etsin. Amma təbii ki, ölüm də həyatın reallığıdır, bundan qaça bilmərik”.

Çay, limon, qənd…

2 saylı Şərur seçki dairəsinin deputatı İsa Həbibbəyli də həmkarının fikirlərinə şərik olub:
O deyib Naxçıvanda keçirilən yas mərasimləri həm adət-ənənələrə, həm də müasir tələblərə uyğun şəkildə təşkil edilir:
“Yas mərasimləri 3 gün ərzində davam edir. Bu müddətdə yalnız bir gün ehsan verilir. Süfrələr sadə olur. Süfrədə çayın yanında yalnız xurma, limon və qənd verilir. Yas mərasimlərində başqa menyu olmur”.
İ.Həbibəyli bildirib ki, Naxçıvanda yas mərasimləri əsasən məscidlərdə təşkil edilir:
“Yas keçirmək üçün əsasən evlərin yaxınlığında çadırlar qurulur. Yaxud da hər rayonda olan məscidlərin zalında təşkil edilir. Bəlkə də Naxçıvanda mərasim evləri az sayda var, amma mən rast gəlməmişəm. Daha çox çadırlarda və məscidlərdə təşkil edilir”.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın