Ana səhifə / Aktual / BŞTİ və 220 saylı məktəbin direktoru məhkəmədə uduzdu – Müavin işə bərpa edildi

BŞTİ və 220 saylı məktəbin direktoru məhkəmədə uduzdu – Müavin işə bərpa edildi

Nəsimi rayon məhkəməsində iddiaçı Zeynəb Rzayevanın 220 saylı məktəbə bərpa olunması ilə bağlı məhkəmənin yekun iclası keçirilib. Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Əvvəlcə qeyd edək ki, işin mahiyyəti Bakı Şəhər Təhsil İdarəsi və 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevin , həmin məktəbin direktor müavini Zeynəb Rzayevanı işdən azad etməsi ilə bağlı idi. Belə ki, Z.Rzayeva ona qarşı işdən çıxarılma ilə bağlı əmrlə razılaşmadığı əmrlə razılaşmadığından məhkəməyə müraciət etmişdi. Əmrə görə, Z.Rzayeva müavin kimi öz səlahiyyətlərini düzgün icra etməmiş, məktəbdə dərs gedişatının pozulmasına göz yummuş, ona aid olan dərsləri keçməmiş və iclas zamanı direktora qeyri-etik ifadələr işlətmişdi.
İclasda ilk olaraq cavabdeh tərəfin şahidi Rzayeva Gülyanaq çıxış edib. 1990-cı ildən bu məktəbdə işləyən müəllimə bildirib ki, T.Mirzəliyev gələndən sonra müəllimlərə işə daha ciddi yanaşmağı tələb edib:
“Tural müəllim gələndən çox sakit işləyirik. Zeynəb xanımın direktor müavini kimi işində hər hansı nöqsan olub-olmadığını bilmirəm, mən sıravi müəlliməyəm. Ama o, ona ayrılan dərslərə girmirdi. Yanvarda ibtidai sinif müəllimlərinin iclasında qeyri-etik ifadələr işlətdi”.
Hakim şahidə bildirib ki, o, iddiaçının əleyhinə şahidlik etməsinə baxmayaraq, adı və imzası Rzayevanın əleyhinə ərizə yazan müəllimlərin siyahısında yoxdur. Şahid isə belə bir siyahıdan xəbəri olmadığını bildirib.
Cavabdehin hüquqlarını müdafiə edən Ramal Məmədov şahidə sual verib: “Məktəbdə ibtidai siniflərə nəzarəti, ibtidai siniflərin işləri üzrə digər fəaliyyətləri kim edirdi? Cavab gözləniləndən fərqli olub:
“Məktəb rəhbərliyi, Aybəniz xanım”. Daha sonra iddiaçı tərəf şahidə suallar ünvanlamaq istədikdə Gülyanaq xanım iltizama qol çəkməsinə baxmayaraq, suallara cavab verməkdən imtina edib:
“Mən qarşı tərəfə cavab vermək istəmirəm, daha artığını bilmirəm. Zeynəb Rzayevanın direktorla arasındakı ədavətdən xəbərim yoxdur, mən oturub onları izləmirəm ki. Onu deyə bilərəm ki, Zeynəb xanım bizi məcbur edirdi ki, uşaqlardan pul yığaq”.
Bu zaman iddiaçının nümayəndəsi Rza Rzayev şahiddən pulun hansı formada yığıldığını soruşub. Bu zaman da şahid suala cavab verə bilməyib.
İddiaçı Z.Rzayeva deyib ki, Qurana əl basaram ki, Gülyanaq müəllimin qızı Siyatel İsgəndərova (o da 220 saylı məktəbdə ibtidasi sinif müəlliməsidir) müəllimlər otağında onlara Tural Mirzəliyevin qeyri-etik hərəkəti və təklifindən danışıb:
T.Mirzəliyev müəllimləri otağa çağırıb, çay, kofe təklif edirdi. Siyatel Rzayevanı da otağına çağırıb. Direktor ondan soruşub ki, nə istəyirsən? O da deyib ki, heç nə. Direktor deyib ki, bəs onda nə istəyirsən? Bu zaman Gülyanaq müəllimə qızına dedi ki, deyərdin ki, nə istəyəcəm, səni istəyirəm də. Əgər belə bir şey olmayıbsa, o Qurana əl basıb desin ki, olmayıb”.
Rzayeva direktorun əxlaqsız əməllərinin qarşısını aldığı üçün məktəbdən çıxarıldığını bildirib.
Daha sonra hakim iddiaçının vəkili Adəm Məmmədova söz verib. Vəkil bildirib ki, xəbərdarlıq intizam məsuliyyəti deyil və işdən çıxarılma üçün əsas vermir:
“Əgər direktorun müavindən narazılığı var idisə, nəyə görə BŞTİ-yə təqdimat yazıb onun işdən çıxarılmasını tələb etməyib? İclas keçirib və bütün müəllimlərin içində onun yerini dəyişdirdiyini elan edib. Maraqlıdır ki, məhz Zeynəb xanım qərara etiraz etdikdən sonra T.Mirzəliyev məktəbə BŞTİ-nin əməkdaşlarını dəvət edib və yoxlamalardan sonra Rzayevanın işində nöqsanlar aşkar edilib. 15 ildir normal şəkildə işləyən Zeynəb xanım birdən-birə nə baş verdi ki, Tural müəllim gələn kimi nöqsanlara yol verməyə başladı? Hansı ki, o gələnə kimi bu məktəb iki dəfə ilin ən yaxşı məktəbi seçilib. Respublika birincilərini yetişdirən məktəb olub. Əgər onun işində qüsurlar var idisə, nəyə görə birbaşa işdən çıxarmaq haqqında təqdimat yazmadı? Əvvəlcə yerinin dəyişdirilməsini istədi? Xahiş edirəm müvəkkilimin işinə bərpası və T.Mirzəliyev haqqında korrupsionerliklə bağlı prokurorluğa məlumat verilməsi barədə qərar qəbul edəsiz”.
Cavabdeh – BŞTİ-nin nümayəndəsi Ramal Məmmədova söz verilib. O bildirib ki, məktəbdə müavinlərin hesabatları əsasında qərarları direktor verir. Məktəbdəki yoxlama barədə 200 səhifəlik hesabat var. Z.Rzayevanın işdən çıxarılması ilə bağlı əmrə biz 200 səhifəlik hesabatdakı nöqsanları daxil edə bilməzdik. Araşdırmalardan sonra məlum olub ki, o, öz işini layiqincə yerinə yetirməyib, ona ayrılan dərs saatlarına girməyib, məşğələlərə nəzarət etməyib, jurnallarda səhvlər var. Ötən iclasda şahid kimi çıxış edən Nəzrin xanım idarəedici heyətdə olduğunu deəsə də, belə olmayıb, o texniki işçi, yəni xadimə olub. Tural müəllim ona öz işini görməsi ilə bağlı xəbərdarlıq edib, o isə bununla razılaşmadığı üçün işdən çıxıb və direktora əsəbi formada qərəzli şahidlik edib. Xahiş edirik ki, iddia təmin olunmasın”.
Məhkəmə müşavirə elan edib, bir müddət sonra Natavan Tağıyeva qərar elan edib. Mülki Məcəllə və Əmək Məcəlləsini əsas tutan hakim iddianı qismən təmin edib. Z.Rzayeva 220 saylı məktəbdə direktor müavini vəzifəsi üzrə işinə bərpa olunub və onun işləmədiyi müddətə görə BŞTİ tərəfindən müvafiq miqdarda konpensasiya ödənilməsi barədə qərar qəbul olunub/femida.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …