Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / “Boymadərən”dən çıxan çörək, 13 yaşlı gəlin, “Qəhrəman ana” və çiy kərpic

“Boymadərən”dən çıxan çörək, 13 yaşlı gəlin, “Qəhrəman ana” və çiy kərpic

Qısa bir müddətdə 2 ev,1 böyük tövlənin kərpicini təkbaşına kəsən “qəhrəman ana”

“Mən uşaqlığın, gəncliyin nə olduğunu bilmədim. Yeddi yaşlı arıq, balaca qız uşağı oyun oynamaq əvəzinə dərman bitkiləri yığıb, qardaş-bacısı ilə yol kənarında satıb evə qəpik-quruş pul aparmağının və ananın üzündə yarı sevinc, yarı kədər görüb əzab çəkməyinin nə olduğunu bilirsinizmi?!”

Şabran rayon sakini, 15 uşaq anası olan 85 yaşlı Qəhrəman ana Şirinbacı Nəcməddinova acı həyat hekayəsini Sputnik Azərbaycan-a danışıb.

Şirinbacı nənə keçmişdə uşaq olmağın da, gəlin olmağın da, ana olmağında çox çətin olduğunu deyir: “Mən Şabranın Mumlu kəndində dünyaya göz açmışam. Biz ailədə 3 uşaq – 2 bacı, 1 qardaş olmuşuq. Mənim 6 yaşım olanda atamı müharibəyə apardılar. O gündən də qara günlərimiz başladı. Atamın qara xəbəri gəldi. Anam bu xəbərdən çox sarsıldı, iflic xəstəliyi keçirdi və uzun zaman yataq xəstəsi oldu. Ata yox, ana yataq xəstəsi… Artıq evin yükü biz uşaqların üzərinə düşürdü. Evimizin yaxınlığındakı təpələrdən “boymadərən” adlı bitkidən dəstə-dəstə yığıb satır, evimizə sevinə-sevinə çörək pulu aparırdıq. Anam görüb həm sevinər, həm də bizə yazığı gələrdi. Anamız əlimizin tikan zədələyən yerlərini görməsin deyə, yaralanan yerlərə gecələr gizlicə yağ çəkərdik. Beləliklə biz uşaqlığın nə olduğunu bir gündə olsa bilmədik”.

Şirinbacı nənə hələ min əziyyətlə böyüdüyü uşaqlığını tam yaşamamış yaxınları tərəfindən ailə həyatı qurmağa məcbur edilib.

“Mən əzablı olsa da uşaqlıq illərindən doymadan ailə həyatı qurdum. Bizim dövrümüzdə ata yoxdursa, onun yerinə qərarları ya əmi, ya da dayı verirdi. Mənim qohumlarım da 13 yaşım olanda qonşu kəndə ərə verdilər. Ailə qurduğum oğlanın isə 14 yaşı vardı. Yəni ikimiz də uşaq idik” – deyə xatırlayır.

“İnsanın gərək taleyi əvvəldən gətirə, gətirmədisə sonacan elə davam edir. Gəlin gəldikdən sonra da zülmlərim çox oldu. Ot çalmaq, əkin əkmək, bostan becərmək… Hansı birini deyim sizə? Bir sözlə, həm qadın işi, həm də kişi işi görürdüm. Ən ağır işim isə kərpic kəsmək idi. “Kolxoz” dövründə kolxozun tövləsinin tikilməsi üçün yüzlərlə çiy kərpici təkbaşıma kəsirdim. Bundan başqa, gecələr də yatmayıb özümüz üçün 2 evin və 1 tövlənin kərpicini tək başına kəsdim. Bu hər qadının işi deyil” – deyir nənə.

Adı kimi dili də şirin olan “tat ”qızı Şirinbacı nənənin 15 övladı olub: ”Mənim 15 övladım olub. Onlardan 4-ü uşaq yaşlarında dünyası dəyişib. Üç, dörd, beş yaşlı övladlarım və 40 günlük körpəm ölüb. Uşaqlarımın hələ də “ana “deyib məni çağırmaları, oynamaları gözümün önündən getmir. Hər dəfə övladlarım dünyasını dəyişəndə canımdan can, nəfəsimdən nəfəs ayrılıb. 

Hansı səbəbdən öldüklərini də bilə bilmirdik. Hamı kimi oynayan uşaqlar birdən-birə xəstələnib can verirdilər. Onlardan sonra 11 övladım oldu və Allaha şükürlər olsun ki, böyüyüb boya-başa çatdılar. Mənə çoxuşaqlılığa görə “Qəhrəman ana” adı və medalı verildi. Həqiqətən o günü sevincimin həddi-hüdudu yox idi. Çünki o uşaqları çox əzab-əziyyətlə böyütmüşdüm. Uşağı belə bağlayıb dizlərə qədər palçığın içində kərpic kəsməyin nə demək olduğunu təsəvvür belə edə bilməzsiniz. 8 qızımı ərə verib, 3 oğlumu evləndirdim. Bir neçə il öncə oğullarımdan biri atası kimi ürək çatışmazlığından dünyasını dəyişdi. Hələ də onun ağrısını hiss edirəm, elə bil bu gün baş verib hadisə. Amma neyləmək olar? Qalan övladlarıma, nəvələrimə baxıb təsəlli tapıram”.

“Qəhrəman ana” adına layiq görülən Ş.Nəcməddinova indi gənclərimizə çox uşaq dünyaya gətirməkdən, baxmaqdan qorxmamalarını, vaxtlarının çoxunu uşaqlara həsr etmələrini tövsiyə edir.

Həmçinin oxuyun

“Onun psixi problemləri var” – Erməni generaldan Paşinyana CAVAB

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”. Azinforum.az …