Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / “Bölmədə “pandemiya bazarı” açıblar” – Vilayət Eyvazova MÜRACİƏT

“Bölmədə “pandemiya bazarı” açıblar” – Vilayət Eyvazova MÜRACİƏT

Bakı sakini Rövşən İbişov Sabunçu rayon 14-cü polis bölməsinin əməkdaşlarından şikayətçidir.

R.İbişov bakupost.az-a bildirib ki, polislər onu yol kənarında maskasız siqaret çəkdiyi üçün bölməyə aparıblar:

“Maşından düşüb siqaret çəkdiyim yerdə heç kim yox idi, yalnız avtomobillər şütüyüb gedirdi. Post patrul əməkdaşları yaxınlaşıb, onlarla bölməyə getməyimi tələb etdilər. Səbəb kimi də maskasız siqaret çəkməyimi göstərdilər. Dedim, maşında ailəm, uşaqlarım var, ona görə düşüb burda çəkirəm. Maşınımı saxladığım yer də böyük şose idi, yəni insanların toplaşdığı ərazi deyildi. Əks halda heç özüm də maskasız durmazdım. Bir sözlə, nə qədər izah etməyə çalışsam da, başa düşmək istəmədilər. Ailəmi yolda buraxıb onların avtomobili ilə bölməyə getməyimi tələb etdilər”.

R.İbişov bildirib ki, polislərə cəriməni yerində ödəmək istədiyini bildirdikdən sonra bölməyə aparmaq üçün başqa bəhanə tapılıb:

“Bundan sonra dedilər ki, heç sizin portalda da icazəniz yoxdur. Mən də şəxsiyyət vəsiqəmi uzatdım ki, yoxla, gör var, yoxsa yox. Yoxlamaq üçün terminalın olmadığını, dövlətin həmin cihazla onları təmin etmədiyini və yalnız polis şöbəsində bunu aydınlaşdırmağın mümkünlüyünü dedi. Mənim israrlı xahişimdən sonra, ailəmi yaxınlıqdakı qohumlara çatdırmağıma icazə verdilər. Dalımca sürüb məni qohumumgilin həyətindən post-patrul maşınına əyləşdirib Maştağadakı 14-cü polis bölməsinə getdik. Bölməyə çatan kimi “KPZ”yə salmaqla hədələdilər. Çünki mən rəisin yanına gedib etirazımı bildirmək istəyirdim. Məni cərimə ödəmək üçün bölməyə niyə aparmalıdılar, niyə iki yaşlı övladım dalımca ağlamalıdır, niyə qohumlarımın gözü qarşısında polis maşınına mindirilməliyəm, niyə ailəm o gərginliyi yaşamalıdır və nəhayət, niyə mənim vaxtım getməlidir? Məni rəisin yanına buraxmadılar. Sonra da nağd şəkildə cəriməmi ödəməyimi tələb etdilər. Mənsə burda bazar açıldığını görüb, üstümdə pulun olmadığını, gedib bankdan ödəyəcəyimi bildirdim. Razılaşmadılar. Dedilər, 30 sutka həbs verəcəyik, dost-tanışa xəbər edərsən, nə vaxt ödəyərlər, onda da çıxarsan”.

R.İbişovun sözlərinə görə, bölmənin həyətinə çıxıb “102”yə zəng edərək, baş verənlərdən şikayətçi olduğunu bildirib:

“Ancaq hələ də “102”dən cavab gəlməyib. Mən də xeyli mübahisədən sonra kart hesabımdan 100 manat ödəyib, oradan uzaqlaşdım. Baş verənləri Azərbaycan polisinə qətiyyən yaraşdırmıram. Vilayət Eyvazov nazir təyin ediləndən sonra polis sistemində ciddi islahatlar aparılır. Biz də xalq olaraq bu islahatları dəstəkləyirik. Ancaq bu cür hallar vətəndaşda ümidsizlik yaradır. Bütün görülən işlərə də kölgə salır. Polis bölməsində mənim kimi onlarla insan var idi. Hamısı masaya 100-200 manat qoyub gedirdi, ya da evlərinə zəng etdirib pul gətizdirirdilər. Onsuz da pandemiya, az qala bir ilə yaxındır davam edən karantin insanların əsəblərini pozub. İl boyu hamımız gərgin günlər yaşadıq. Olmazmı ki, polis vətəndaşa daha təmkinli yanaşsın?

Birincisi, şosenin kənarında, insanların olmadığı yerdə siqaret çəkməyin pandemiyayının yayılmasında heç bir təsiri ola bilməz. İçəridə körpə uşaq olduğu üçün məcbur olub maşından düşüb, siqaret çəkmişəm. Bu qayda pozuntusu sayılsa belə işimi-gücümü yarımçıq qoyub, məni məcbur bölməyə aparmağın mənası nədir? Cəriməm nədirsə, yaz, ödəyim.

İkinci, portalda icazəm ola-ola polis boynuma qoymağa çalışır ki, icazən yoxdu, deyirəm yoxla, deyir cihazım yoxdu, yoxlaya bilmirəm. Bəs cihazın yoxdusa, hardan bildin ki, icazəm yoxdu? Sənin cihazın yoxdursa, bunun əziyyətini mən çəkməliyəm, bütün günümü polis bölməsində keçirməliyəm?

Üçüncü, sənin cəriməmi nağd şəkildə ödəməyimi istəməkdə məqsədin nədir? Bu, hansı qanunda var?

Məsələni ictimailəşdirməkdə məqsədim odur ki, səsim cənab nazirə çatsın. Pandemiya vəziyyətindən istifadə edib özünə bazar açan, vətəndaşları onun keşiyində duran polisdən incik salan, öz cibi naminə gərginlik yaradan şəxslər cəzalandırılsın. Əminəm ki, nə bu xalqın, nə də nazir Vilayət Eyvazovun belə polis nəfərlərinə qətiyyən ehtiyacı yoxdur”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …