Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi(NİİM) Bakı Nəqliyyat
Agentliyinə veriləndən sonra bu sistemin ayrı-ayrı komponentləri üçün
bütövlükdə 29 milyon manat vəsait ayrılıb.
“Yeni
Müsavat” xəbər verir ki, informasiya texnologiyaları üzrə ekspert Osman
Gündüz bu məlumatı facebook hesabında paylaşıb. Onun sözlərinə görə,
NİİM nəhəng infrastrukturdur, tərkibində müxtəlif sektorlar, rəqəmsal
xəritələr, proqram təminatları, divar monitoru, serverlər və s. var. Son
iki ildə NİİM-in ayrı-ayrı komponentləri üçün bir neçə şirkətə toplam
29 261 302 manat vəsait ödənilib və bununla bağlı müqavilələr bağlanıb.
Yoxa çıxan fiber optik infrastruktur, GPS və…
O.Gündüz
bildirib ki, NİİM üçün BNA-ya 29 milyon ayrılması dəhşətdir. Bu sistem
2007-ci ildə yaradılıb. Artıq 12 il ərzində bu struktur təkmilləşməli,
şəhərin ictimai nəqliyyat sistemi intellektuallaşmalıydı. Sanki qurum
qeybə çəkilib, bu nəhənglikdə qurum mövcud deyil. Qurumun internet
resursları da aktiv fəaliyyət göstərmir.
Əslində
çox gözəl bir təşəbbüs olan intellektual idarəetmə mərkəzi, çox təəssüf
ki, böyük miqdarda maliyyə ayrılan, lakin faydasını yetərincə
görmədiyimiz layihələrdən oldu.
Nəqliyyat
Nazirliyi və Cənubi Koreyanın birgə layihəsi olan NİİM-in reallaşmasına
büdcədən 100 milyon manat vəsait ayrılmışdı. O zamankı nəqliyyat naziri
Ziya Məmmədov bu layihə ilə bağlı böyük vədlər verirdi. O, bütün
ölkəboyu bu sistemin işləyəcəyini bildirirdi. Təəssüf ki, nazirlik
zamanında bu qurumun effektiv fəaliyyəti üçün zəruri olan addımları
atmadı.
Dayanacaqlarda
quraşdırılan və hərəsinin dəyəri az qala 10 min dollar olan
monitorların vəziyyəti göz qabağındadır və ümumilikdə 100 milyonun necə
göyə sovrulduğu göz önündədir. Yüzlərlə müşahidə kamerasına,
kilometrlərlə fiber optik infrastruktura, yüzlərlə avtobusda
quraşdırılan GPS tipli avadanlıqlara, dünyanın ən böyük monitoruna
məxsus olan bu nəhəng infrastruktur tamamilə sıradan çıxıb. Kiyevdə
intellektual idarəetmə sistemi təxminən 30 milyon manata başa gəldiyi
halda, Bakıda bu sistemə 100 milyon xərclənməsinin heç bir məntiqi izahı
yoxdur.
Avtomatik işıqforlar, SMS sistemi da tam hazır deyil
NN-in
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra
NİİM BNA-ya verildi. Lakin son iki ildə də agentliyə ayrılan 29 milyon
manatla heç bir ciddi addım atılmayıb. Əslində qarşıya qoyulan vəzifə
Bakıda nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə
etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə
tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS
məlumatlandırma ilə tıxac vəziyyətindən çıxış, alternativlər təqdim
etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub.
2015-ci
ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda Nəqliyyat Nazirliyinin
tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA-nın
tabeliyinə keçdi.
Yəni
həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada,
mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA səlahiyyətindədir.
Ondan sonra qəbul edilən bütün fərman və sərəncamlarda, qərarlarda BNA-ya tapşırıqlar verilib ki, bu sahədə qayda yaradılsın.
“Elektron protokol” sistemi nə tez işə düşdü?
Bakı
şəhərindəki bütün işıqforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi
vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməli idi. Hətta prezident
fərmanı ilə DİN-in idarəetməsində olan işıqforlar da BNA-nın tabeliyinə
keçirilib.
BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb.
Yəni
effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetərincə köməkliklər
olunub. Bütün bu tapşırıqlar isə 2015-2018-ci illər aralığında olub.
Nəticə varmı? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq
idarə olunurmu? Təəssüf ki, bu suala müsbət cavab vermək olmur.
Bu
müddətdə BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalıb,
nələrdən istifadə olunur. Yeni hansı həllər təklif olunur?
Bu haqda heç bir rəsmi açıqlamalar yoxdur. Yeri gəlmişkən, prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib.
Dayanma
və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib
edilməsi məqsədilə foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi
texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı
tədbirlər görmək də BNA- ya tapşırılıb.
Qəribədir
ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA
“elektron protokol” sistemini tezliklə quraşdırıb və dərhal da
fəaliyyətə başlayıb
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Yeni Müsavat”a bildirmişdi ki, monitorların işləməməsinin bir neçə səbəbi var:
“Bildiyiniz
kimi, monitorlar bizdən öncə quraşdırılıb və quraşdırılan zaman da
yaradılan sistemdə müəyyən çatışmazlıqlar olub. Digər bir yandan, bu
monitorların işləməməsi müxtəlif vaxtlarda yollarda koordinasiyasız
işlərin aparılması olub. Müxtəlif təşkilatlar və ya ayrı-ayrı şəxslər
tərəfindən qazıntı işləri zamanı monitorları qidalandıran xətlər, optik
naqillər yararsız hala salınıb. Ona görə də monitorlar bu gün işləmir.
Bakı Nəqliyyat Agentliyi ötən dövr ərzində NİİM-in fəaliyyətinin
təkmilləşdirilməsi, dayanıqlı sistem əsasında fəaliyyət göstərməsi
istiqamətində mühüm işlər görüb.
Bununla
bağlı müxtəlif xarici ölkə şəhərlərinin aidiyyəti qurumları ilə də sıx
əməkdaşlıq edilir. Bunlar hamısı zaman alan məsələlərdir. Müəyyən bir
vaxtdan sonra dayanacaqlarda yenidən informasiya tabloları
sərnişinlərimizə xidmət göstərəcək. Çətin proses olsa da agentlik
tərəfindən bu istiqamətdə iş aparılır ki, dövlətin çəkdiyi xərclər
nəticəsiz qalmasın və camaatımız rahat şəkildə bu sistemdən istifadə edə
bilsin”.
