Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

“Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.Noyabrın 26-da “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Nəsimi rayonu, Alı Mustafayev küçəsi 17-17a ünvanında 1200 nəfərə yaxın sakinin məskunlaşdığı binaları əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 15 000 m² sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə 120 m² ərazidə uşaq oyun elementləri, 200 m² – mini futbol, 140 m² – idman-fitnes və 100 m² – şahmat meydançaları salınıb. Bu cür meydançaların salınmasında əsas məqsəd gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmlədirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə, o cümlədən onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılmasına nail olmaqdır.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 200 ədəd ağac və kol əkilmiş, 2000 kvadratmetr ərazidə qazon salınıb. Həmçinin sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müşahidə kameraları quraşdırılıb.

Qeyd edək ki, “Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib. Nəsimi rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan səkkizinci həyətdir.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ərazinin sakinləri ilə görüşərək sakinləri maraqlandıran sualları cavablandırdı. Görüşdə sakinlərin qaldırdığı  problemlərin operativ həlli ilə əlaqədar aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verildi.

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …