Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Aktual / “Bizi niyə siyahıya almadılar?”

“Bizi niyə siyahıya almadılar?”

Xəbər verdiyimiz kimi, bu il 1-10 oktyabr tarixlərində Azərbaycanda əhalinin növbəti siyahıyaalınması keçirilib. Bu məqsədlə ölkə ərazisi üzrə 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb. Siyahıyaalma zamanı sayıcıların təqdim etdiyi ümumilikdə 52 sualdan ibarət olan sorğu vərəqələri ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verir.

“Qafqazinfo” xəbər verir ki, proses dünən yekunlaşsa da, bu gün sosial şəbəkələrdə əsas mövzu siyahıyaalınmayan vətəndaşlardır. Onlar “Bəs, bizi niyə siyahıya almadılar?” yazaraq narazılıq ediblər.

Həmin şəxslər arasında məşhur aparıcı İlkin Həsəni də var:

“Mənə maraqlıdır ki, bu 10 gün ərzində sizə kimsə yaxınlaşıb siyahıya alıb? Yoxsa Statistika Komitəsi təkcə məni almayıb?”

İqtisadçı-ekspert Toğrul Maşallı da siyahıya alınmadığı üçün narazı olan şəxslərdəndir. O bildirib ki, siyahıyaalmanın bütün dünya üzrə metodikası var və onun məhz mənası statistikanı yoxlamaq üçün ev-ev gəzməkdir:

 “Dünən rəsmi olaraq əhalinin siyahıyaalınması bitdi, ancaq bizim evimizə, hətta binamıza gələn olmadı. Müvafiq olaraq siyahıyaalınmanın nəticələri artıq məndə şübhə doğurur. Düzdür, hər bir şəxsin ixtiyarı var ki, onları evə buraxmasın (könüllüdür), amma sayıcı ən azı gəlməlidir. Məhz siyahıyaalma nəticəsində mövcud statistika yoxlanılır və onun nə qədər reallığa aid olub-olmaması müəyyən edilir”.

“Qafqazinfo” olaraq Dövlət Statistika Komitəsinin “qaynar xətt”inə müraciət etdik. Bildirildi ki, evdə kimsə olmadığı təqdirdə qapıya əlaqə üçün xüsusi bildirişlər qoyulur:

“1-10 oktyabr tarixlərində əhalinin növbəti siyahıyaalınması keçirilib. Hər bir məntəqəyə ayrıca sayıcı təhkim olunur. Sayıcı ona həvalə olunmuş orqanlara gedib siyahıya alır. Ola bilər ki, hansısa evdə qapını açan olmur. Bu zaman bildiriş qoyulur ki, onlarla əlaqə saxlasınlar. Ola bilər ki, bildirişi qoyub gedib, bildiriş ya düşüb, ya itib. Ancaq sayıcı hökmən ona təhkim olunmuş məntəqələrə, ünvanlara gedir, hökmən bildiriş kağızı qoyur”.

O da qeyd edilib ki, müddət dünən bitsə də, Qaynar xəttə müraciət edən vətəndaşların siyahıya alınması hələ də davam edir: “Oktyabrın 15-nə qədər siyahıyaalınma prosesi həyata keçiriləcək”.

Qeyd edək ki, siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …