Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Bizdə həkimdən çox qonşuya, aptek işçisinə inanırlar” – Fotolar+Video

“Bizdə həkimdən çox qonşuya, aptek işçisinə inanırlar” – Fotolar+Video

“Qafqazinfo”nun budəfəki müsahibi Travmatoloq-ortoped Sənan Aşirovdur. Əvvəlcə həkimin bioqrafiyasına nəzər salaq: 

Sənan Aşirov 2000-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub, 2006-cı ildə universiteti bitirdikdən sonra təhsilini Sankt Peterburq şəhərində Klinik Ordinatura Travmatologiya və Ortopediya ixtisası üzrə davam etdirib. Daha sonra 2010-2011-ci illərdə Türkiyə Florence Nightingale xəstəxanasında internatura keçib. Fransa, İtaliya, Türkiyə, Ukrayna və Gürcüstan kimi ölkələrdə müxtəlif kurs və treninqlərdə iştirak edib. Hazırda isə fəaliyyətini “Funda Hospital”da davam etdirir. 

Həkim suallarımızı cavablandırmazdan öncə bizi əməliyyatını izləməyə dəvət edir. Yarım saat çəkən əməliyyatda xəstənin bilək nahiyəsində olan “kista” götürülür. Əməliyyatın riskli olmasının əsas səbəbi isə kəsiləcək hissənin arteriya damarının üzərində yerləşməsidir.

– Azərbaycanda vətəndaşların öz həkimlərimizə inamı bir qədər aşağıdır. Sizcə, bunun səbəbləri nədir?

– Sahəsindən asılı olmayaraq Azərbaycanda xeyli yaxşı həkim var. Bütün dünyada xəstə axını deyə bir anlayış var. Səhiyyənin yüksək səviyyədə olduğu ölkələrdə belə xəstələr müxtəlif ölkələrə üz tuturlar. Ancaq faiz fərqləri var. Bizdə əsas səbəb inamın olmamasıdır. Niyə? Çünki xəstə bir neçə həkimdə olur, düzgün diaqnoz qoyulmur və xəstə başqa ölkəyə üz tutur. Müalicə və cərrahiyyə hissəsi asandır. Əsas düzgün diaqnoz qoyulmalıdır. Bu gün insanımız aptek işçisinə, qonşuya həkimdən daha çox inanır. Xəstəyə resept yazırıq, gedir aptekə və əczaçının fikrinə daha çox güvənir.

– Peşəsini yaxşı bilməyən həkimlərlə yanaşı, sizin sahənizdə sınıqçılarla da tez-tez problem yaşanır. İnsanların sizdən əvvəl sınıqçıya müraciəti işinizi nə dərəcədə çətinləşdirir?

– Dövri-qədimdən bəzi istedadlı insanlar var ki, onlara sınıqçılar deyilir. Amma artıq XXI əsrdir, insanlar Marsa uçur, bizim sınıqçıdan danışmağımız gülməlidir. Biz həkimlər rentgen çəkirik, MRT edirik və sairə ilə bir diaqnoza zorla çatırıq. Sınıqçıların əllə baxıb bunu bilməsi o qədər də mümkün deyil. Hamısının da bir sözü var ki, çıxmışdı, yerinə salıb. Biri demir ki, sınmışdı. Sınıqçıya gedənlərin ağır fəsadları sonradan bizə gəlib çatır. Ona görə tövsiyə etmirəm.

– Ölkəmizdə unikal əməliyyatlar həyata keçirirsiz – Qopmuş qolun və ya ayağın yerinə tikilməsi. Hətta bildiyimə görə, cəmi 5-10 dəqiqəyə başa çatdırdığınız əməliyyatlar da var ki, əslində xeyli vaxt tələb edir.

– Bizim sahənin bölmələri çox genişdir, ona görə də ağır sahədir. Əsasən inşaatda işləyən insanların əllərində böyük kəsiklər yaranır. Bunların bərpası ilə məşğuluq. Ancaq son zamanlar travmatologiyanın ən şah əməliyyatları endoskopik və endoprotez əməliyyatlarıdır.

–  Endoprotez əməliyyatları son zamanlar geniş yayılıb və xeyli maraq var. Xəstə əməliyyatdan sonra nə qədər müddət yataqda qalır?

– Hər ay şəxsən mən 15-25 aralığında xəstəyə endoprotez qoyuram. Endoprotez dediyimiz oynaqların dəyişdirilməsidir. Ən üstün cəhəti odur ki, xəstə səhəri gün gəzə bilir. Yataqda qalmırlar. Ortalama sağalma müddəti 2 həftə ilə bir ay arasındadır. Əməliyyatdan sonra yerişində heç bir fərqlilik olmur. Ayaqlarda olan ağrı və əyriliklər keçir. İnsanları ən çox maraqlandıran suallardan biri də odur ki, bu protezlərin ömrü nə qədərdir? Konkret bir ömrü yoxdur, ancaq standart rəqəm 30-35 ildir. 

– Bəs endoskopik əməliyyatların üstünlüyü nələrdir?

– Endoskopik əməliyyatlar zamanı böyük kəsik aparmadan dəliklərdən əməliyyatları həyata keçiririk. Bundan daha çox idmançılar menisk, çarpaz bağ əməliyyatında istifadə edirlər. Əməliyyat olunub bir həftə sonra idmana geri dönürlər. Bu əməliyyatlar bugünkü gündə ən son texnologiya ilə edilir.

– Deyirsiz ki, ölkə əhalisinin 70%-i bel ağrılarından şikayət edir…

– Bel ağrıları sadəcə bellə bağlı olmur. Dizində, topuğunda, öd kisəsində, böyrəyində problemi olan, bürsülyoz keçirən adamın beli ağrayacaq. Bel ağrısı ümumi addır. Ona görə də həmişə deyirəm ki, bu kimi problemlər ciddi araşdırılmalıdır ki, diaqnoz doğru qoyulsun.

– 50 yaşdan yuxarı insanların, xüsusilə də qadınların əksəriyyəti lal epidemiya adlandırılan osteoporoz xəstəliyindən əziyyət çəkir. Xəstəlik niyə bu qədər geniş yayılıb və müalicəsi necə aparılmalıdır?

– Bu, çox ciddi bir problemdir və çox da ağır fəsadları var. Osteoporoz nədir? Sümüklərin əriməsi. Dünyada bəlkə də hər il 10 milyondan çox adam bu xəstəlikdən əməliyyat olunur. Bir qrup ölkələrdə hətta bu xəstəliyin müalicəsi məcburidir. Bu dəqiqə bud boynu sınan yaşlı insanların əksəriyyətində buna səbəb  osteoporozdur. Klimaksa girən qadınların böyük əksəriyyətində osteoporoz gedir. Bu diaqnozu qoyduğumuz xəstələrin əksəriyyətinin cavabı belə olur ki, kalsium qəbul edir. Kalsium içməklə bu xəstəlik müalicə olunmur. Səbəblərinə baxılmalıdır. Ciddi bir müalicəsi var və elə etmək lazımdır ki, cərrahiyyəyə gəlib çıxmasın. Onurğadan, biləklərdən, bud və daban sümüyündən başlayır. İnsanlarda əzginlik ağrısı olur. İş orasındadır ki, bugünkü gündə sadəcə yaşlı insanlarda yox, D vitamini çatışmayan gənc, cavan şəxslərdə də bu xəstəlik müşahidə olunur.

– Körpəlikdə qəbul olunmayan D vitamini gələcəkdə hansı fəsadları yaradır?

– İrəli zamanlarda sümüklərdə zəiflik və sınmalar ola bilər. Döş qəfəsində, ayaqlarda raxit dediyimiz deformasiyalar olur. D vitamininin əsas qəbulu qidadadır. Təkcə günəşlə bağlı deyil. Qidalanmamız düzgün deyil. Normal insan ay ərzində 3 kiloqram balıq yeməlidir. Yeyirikmi? Yox. Aktiv həyat sürən insanlarda da D vitamini daha çox olur.

– Azərbaycanda diz oynaqları problemləri də xeyli yüksəkdir?

– Bir neçə səbəbi var. Balacaboyluluq və çəkinin çox olması. Bizim qadınlarımızın əksəriyyətində də bu hal var. Orqanizmdə ən çox yük daşıyan orqan dizdir. 

– Bel əyriliklərindən əziyyət çəkən insanlar daha çox korsetə üstünlük verirlər. Bu vasitə nə dərəcədə effektivdir?

– Qəti olmaz. Niyə? Onurğanın əyilməsinə səbəb olan şərtlərdən biri də əzələlərdir. Əzələlər zəif olduğu üçün onurğa əyilməyə başlayır. Korset taxılan zaman əzələ bir qədər də zəifləyir. Bizə isə tam əksi lazımdır. Buna görə də həmin insanlar düzgün idmanla məşğul olmalıdır. Qadınları narahat edən ikinci məqam isə “podaqra” dediyimiz Halluks valgus xəstəliyi – ayaqdakı baş barmağın əyilməsidir ki, bu, irsi keçir və müalicə olunmur. Hündürdaban ayaqqabılar bunu artıra bilər, ancaq səbəbi deyil, genetik xəstəlikdir. İlk başda qarşısı alına bilər, ancaq sonradan cərrahiyyə yolu ilə aradan qaldırılır. Həmin barmaq ağrıları belə bel ağrılarına səbəb ola bilər.

Günel Hacı

Fotolar – Video: Nuran Məmmədov

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …