Ana səhifə / Aktual / Biz özümüz öz tariximizi niyə dağıdırıq? -Tural İRFAN

Biz özümüz öz tariximizi niyə dağıdırıq? -Tural İRFAN

“İçəri Şəhər” tarixi qoruğunun təhlükəylə üzləşməsi əslində dövlətimizin gələcəyi üçün təhlükədir. Çünki bir xalqın mövcudluğunun və o xalqın dövlətinin varlığı ilk öncə onun tarixi ilə isbat olunur. Azərbaycanın paytaxt şəhəri olan Bakının mərkəzində yerləşən bu abidələr silsiləsinin qismən sökülməsi mənə yəhudilərin Qüds məscidinin altına lağım ataraq tədricən müqəddəs abidəni sıradan çıxarmalarını xatırlatdı. Və ermənilərin İrəvan Cümə məscidini, Ağdam məscidini, Şuşa məscidini dağıtdıqlarını xatırlatdı. Onları başa düşmək olar ki, düşməndirlər, tariximizi yox etmək istəyirlər. Yaxşı, bəs biz özümüz öz tariximizi niyə dağıdırıq? Özümüz özümüzə düşmən kəsilmişik. Ermənilər ondan-bundan oğurlayıb özlərinə qondarma tarix düzəldirlər, Alban abidələrini öz adlarına çıxırlar, hələ bir az da həyasızlaşıb bizim tariximizi, abidələrimizi, milli musiqi kulinariyamızı öz adlarına çıxırlar, biz isə özümüzünkindən imtian edirik, öz əlimizlə dağıdırıq… Bu faciədir ! İlk baxışdan adi görsənə bilər, lakin bu çox ciddi məsələdir.

O qala divarları, abidələr, tarixi özündə əks elətdirən tikililər əsrlərdir qorunub, hətta 73 illik Sovet İttifaqı zamanında belə toxunulmayıb, ancaq biz indi onu müstəqillik zamanında dağıdırıq, altını eşirik, məfəət xatirinə dağıdıb əvəzinə kafe-restoran tikirik. Mən bilmirəm oranı dağıdanlar kimdir, kim onlara rüxsət verib ki, xalqın tarixini məhv etsinlər, bir onu deyə bilərəm ki, oranı eşənlər bilsinlər ki, xaricilər ora məhz o dağıtdıqları daş-divara, qədimliyə görə gəlirlər. Əgər onları viran edib yerində müasir obyektlər tikəcəklərsə, orada illər sonra qədimlikdən əsər-əlamət qalmayacaqlarsa həm mənən, həm də maddi cəhətdən uduzacaqlar. Qədimlik olmasa turist axını olmayacaq və xalq da onları lənətləyəcək. O sökülən daşların hər birinin üzərində xalqımızın qan yaddaşı, qarşılaşdığı müsibətlər, əsrlərin qəzavü-qədəri yatır. İçəri Şəhər Bakının Məkkəsidir, onu dağıdanlar cinayətkardırlar. Rəsul Həmzətovun belə bir sözü yadıma düşür. O yazır ki, əgər sən keçmişinə tapançadan atəş açsan, gələcək səni topa tutacaq. Gələcək nəsillər bu faciəyə göz yumduğumuza görə bizi topa tutmasın deyə, bu soyqırıma səssiz qalmamalıyıq. Ona görə soyqırım deyirəm ki, o daşların hər biri canlı tarixi özündə ehtiva edir, kitablardakı tariximiz məhz o cansız saydığımız daşların sayəsində canlanır.

Oradan götürülən, itirilən hər bir daş canlı insan timsalındadır. Əksinə oradan qopan bir daşı cilalayıb yenidən qaytarıb yerinə qoymaq əvəzinə, onu məhv etmək əsl milli xəyanətdir. Onsuz da İçəri Şəhərdəki obyektlər bu xalqın tarixi qanan təbəqəsinə aid deyil. Onların xidməti də varlı və yalnız imkanlı xarici vətəndaşlar üçündür. Azərbaycan müəllimi, maaşla dolanan ziyalısı, elm adamı, yazarı o kafe-restoranlarda ildə bircə dəfə də olsun oturmaq imkanında deyil onsuz da. Həddən artıq baha qiymətlər və ziyalı təbəqənin maddi yoxsulluğu imkan vermir ki, o tarixi abidənin daxilindəki bir kafe-restoranda heç olmasa ildə bir dəfə əyləşib öz tarixinə baxıb ləzzət alsın. Bu bir tərəfə qalsın, indi də bu tarixin özünü dağıtmaq, yaralamaq, zədələmək, bu millətin onurğa sütununa xəncər saplamaq, iliyinə balta vurmaq gədər cinayətdir.

Tural İrfan,

Azərbaycan Yazıçılar Birliyinin üzvü

Həmçinin oxuyun

Deputatlarımız harada istirahət edəcəklər? – Telefonlarımız daima açıqdır

Artıq yay fəsli öz isti nəfəsini yavaş-yavaş hiss etdirməyə başlayır. Bir çoxları artıq yay istirahəti …