Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / “Biz hökumətə işləmirik, millətə işləyirik” – Novella Cəfəroğlu

“Biz hökumətə işləmirik, millətə işləyirik” – Novella Cəfəroğlu

Azərbaycana Avropadan, Qərbdən siyasi məhbus iddiası ilə təzyiqlər səngimir. Bu, illərdir ki, davam edir. Hansısa gizlinlər, siyasi mübhəmlərin ucbatından ölkənin siyasi dustaq məsələsi birdəfəlik həllini tapmır.

Halbuki hüquq müdafiəçiləri bu məsələni birdəfəlik qapatmağın mümkün olduğunu bildirirlər.

Bununla beynəlxalq tənqidlər azalmış olar, iqtidara ittihamlar səslənməz, Qərb təşkilatları qətnamələr qəbul eləməz, ən həssas məsələ – onlarla ailənin üzü gülər, övladları sevinər.

Bu mövzuda söhbətləşdiyimiz Beynəlxalq İnsan Haqları üzrə birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu sözlərinə bloger Mehman Hüseynovdan başladı:

– Mən prezidentin bu qərarını alqışlayıram. Tezliklə Mehmanı və digər siyasi məhbusları azadlıqda görmək istəyirəm. Onların hamısı azad edilməlidir. Siyasi məhbus problemi Azərbaycana, müasir dövlətə başucalığı gətirmir. Mehmanla bağlı atılan addım çox yaxşı oldu.

Əgər o insanlar həbsxanalardan azad olunsalar, əmin olun ki, Azərbaycana söz gəlməyəcək. Bizi nə Avropa İttifaqı, nə Avropa Şurası qınaya biləcək. Birdəfəlik bu məsələdən canımız qurtaracaq.

– Novella xanım, bəs bu problemin köklü həllinə nə mane olur?

– Mən bunu bilmirəm. Görünür ki, kimlərsə belə olmasını istəyir. O uşaqlar azadlığa çıxsalar, qurban kəsəcəyik. İstər Səid Dadaşbəylinin dəstəsi olsun, lap Nardaran hadisələrinə görə tutulan islamçı qrup olsun, hər birinin azad olunmasını istəyirəm.

Səidin dəstəsi 15 ildir həbsdədir. Onlar ailələrinin üzünə həsrət qalıblar. Bu müddətdə islah da olublar, onlardan nə zərər gələcək? Eləcə də Əli İnsanov, Gözəl Bayramlı, jurnalistlər azadlığa buraxılsınlar. Onda Avropadan Azərbaycana alqış olacaq. 

– Ola bilərmi hansısa ruspərəst qanad Qərbi hökumətin üstünə qaldırmaq üçün siyasi məhbus problemini davamlı olaraq saxlayır?

– İstisna eləmirəm. Ancaq biz bu problemi birdəfəlik həll eləsək, Qarabağ məsələsini rahatlıqla müzakirə edə bilərik. İstər bizim siyahıda, istərsə başqa hüquq müdafiəçilərinin siyahısında olanların hamısının azadlığa buraxılmasını arzulayıram.

Ona görə də martda əfv fərmanı ilə azadlığa buraxılsalar Azərbaycanda əmin-amanlıq olar, Qarabağ məsələsində də mövqeyimiz güclənər.

– Martda əfv gözlənilirmi və hazırda Əfv Komissiyası ilə işləyirsizmi?

– Belə gözləntilərimiz var. Həm Əfv Komissiyası, həm də hökumətlə işləyirik. Biz hökumətə işləmirik, millətə işləyirik, buna görə umacağımız da yoxdur. Biz istəyirik ki, bütün siyasilər azadlığa çıxsın. Ona görə Qarabağ məsələsi və siyasi məhbus problemi ilə bağlı həmişə hökumətlə işləyəcəyik. Əgər siyasi dustaqların azadlığa çıxması reallaşsa, Avropanın cavabını özüm verəcəyəm.

– Bəs onda niyə buraxmırlar, nə üçün bu məsələ birdəfəlik həll olunmur?

– Bizə də qaranlıqdır. Görünür, kimlərsə Azərbaycanda sabitliyin olmasını istəmirlər. Kimlərinsə həmin adamlar xoşuna gəlmir. Məsələn, Gözəl Bayramlı həbsdə olan yeganə siyasi dustaq qadındır.

Leyla Yunusu çıxarmaq üçün ABŞ, Avropa nələr eləmədi, amma bu qadının adını dilə gətirmirlər. Gözəl Bayramlı dövlətini sevən, vətənini sevən, özü də Ermənistandan qaçqın olan insandır.

Onu niyə buraxmasınlar? Nə qədər siyasi məhbus problemi tez həll olunsa, o qədər Azərbaycana alqış gələcək.

– Hüquq müdafiəçilərinin, təşkilatların toplanıb birgə dövlət rəhbərliyinə siyasi məhbus probleminin kökündən həlli üçün müraciət etməsi nəzərdə tutulubmu?

– İnşallah, fevralın 2-də yığışırıq. Bütün hüquq müdafiəçiləri, partiyalar toplaşacaqlar. Prezidentə müraciət ünvanlayacağıq ki, hamısını azad eləsinlər.

Artıq bu problemin tamamilə yox edilməsinin vaxtıdır. Gözləyək, görək necə olacaq. Mən çox ümidliyəm və inanıram ki, Mehman Hüseynov kimi digər siyasilərin işinə də baxılacaq.
“Yeni Müsavat”

Həmçinin oxuyun

Prezident xalqa müraciət edəcək

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edəcək.