Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Bizə qarşı həm haqsızlıq edib, həm də qurumdan çıxarmaqla bağlı hədələrə məhz belə də cavab olmalıdır”

“Bizə qarşı həm haqsızlıq edib, həm də qurumdan çıxarmaqla bağlı hədələrə məhz belə də cavab olmalıdır”

Vüqar Qədirov: “Yəqin ki, ölkə başçısının bu çıxışından sonra bizə qarşı qərəzli olan qurumlar da fəaliyyətlərində bir qədər dönüş etmiş olarlar”

Ölkə başçısı İlham Əliyev YAP-ın yaradılması ilə bağlı yubiley tədbirində çıxışı zamanı bildirib ki, beynəlxalq təşkilatlara üzvlük və ordan çıxmaq məsələsində Azərbaycan tam sərbəst iradəyə sahibdir:
“Biz bundan sonra da beynəlxalq təşkilatlarda fəal iştirak edəcəyik. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı bizim üçün əsas prioritet təşkil edir. Biz 15 ildən çoxdur ki, Avropa Şurasının fəal üzvüyük və bir çox tədbirlər bu təşkilatın xətti ilə keçirilmişdir. Ancaq son vaxtlar Avropa Şurasının baş katibinin fəaliyyəti nəticəsində bu qurum ilə Azərbaycan arasında süni böhran yaradılmışdır. Bu böhranın təşəbbüskarı biz deyilik. Biz, sadəcə olaraq, bizə qarşı aparılan riyakar və ədalətsiz siyasətlə bağlı adekvat addımlarımızı atırıq. Həmişə bizə olan hücumları heç vaxt cavabsız qoymamışıq. Ona görə hesab edirəm ki, bizim adekvat cavabımız da yerində və vaxtında atılan addımdır. Hesab edirəm ki, ümumiyyətlə, Avropa Şurası kimi tanınmış beynəlxalq təşkilat hər hansı bir fərdin uğursuz ambisiyalarının qurbanına çevrilməməlidir. Ümid edirəm ki, bu təşkilatla bağlı olan məsələlər də öz həllini tapacaq. Biz bunu istəyirik, ümid edirik. Əgər bu böhran dərinləşsə, onda əlbəttə ki, Azərbaycan öz seçimində tam azad olacaqdır. Biz üzv olduğumuz bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik. Heç kim bizi zorla hər hansı bir təşkilatda saxlaya bilməz”.

Prezident “bütün təşkilatlara könüllü şəkildə daxil olmuşuq və könüllü şəkildə də çıxa bilərik” ifadəsini işlətməklə nə demək istəyib?

Politoloq Vüqar Qədirov qəzetimizə bildirdi ki, ölkə başçısı bu fikrilə bəzən bizi hədələyənlərə korrekt cavab verib: “Bilirsiniz ki, uzun illərdir Azərbaycan beynəlxalq təşkilatların ikili standartlarından əziyyət çəkir. Biz bunu xüsusilə də Dağlıq Qarabağ münaqişəsilə bağlı daha çox görmüşük. Ancaq buna baxmayaraq, ölkəmiz həmin qurumlarla əməkdaşlığını davam etdirib. Prezident doğru olaraq qeyd edir ki, onlarla olan qarşılıqlı münasibətlərimizdə haqsızlıq hər zaman onlar tərəfdən olub. Xüsusilə də ölkəmizin hansısa sahədə irəli çıxması, mötəbər tədbirlərə evsahibliyi etməsi zamanı biz pressinqlərin artdığını hiss edirik. Dəfələrlə şahidi olmuşuq ki, müəyyən qurumların əlilə onlar Azərbaycana təzyiq etməyə, bizi öz dediklərilə hesablaşdırmağa çalışırlar. Bəzi süni yaradılmış mövzulardan istifadə etməklə ölkəmizin daxili işinə qarışmaq istəyirlər. Ancaq maraqlıdır ki, Ermənistanda olan seçki saxtakarlıqlarına, demokratiyanın boğulmasına adi hal kimi yanaşırlar. Ən başlıcası isə budur ki, çox vaxt bizi hansısa qurumlardan çıxaracaqları ilə qorxudurlar. Sanki bəzi Avropa təsisatları bunu şantaj vasitəsinə çeviriblər. Məhz buna görə də Prezident belə ifadə işlədir ki, bu məsələdə biz sərbəstik. Yəni bu vasitələrlə bizə təzyiqlər etmək mümkün deyil. Bir daha xatırladıram ki, Azərbaycan heç bir qurumdan çıxmaq siyasətini yürütməyib. Amma bizə qarşı həm haqsızlıq edib, həm də qurumdan çıxarmaqla bağlı hədələrə məhz belə də cavab olmalıdır. Yəqin ki, ölkə başçısının bu çıxışından sonra bizə qarşı qərəzli olan qurumlar da fəaliyyətlərində bir qədər dönüş etmiş olarlar”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Qubadlı rayonu Ermənistan ərazisindən artilleriya atəşinə tutulur – Müdafiə Nazirliyi

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun …