Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Bizə göndərilən yalançı SMS-lər…

Bizə göndərilən yalançı SMS-lər…

Hazırkı dövrdə ən çox yayılmış reklam formalarından biri kütləvi şəkildə göndərilən sms-reklamlardır. Çoxlarımız öz mobil nömrələrimizə dəfələrcə qısa nömrələrdən və hansısa şirkətlərdən fərqli mal və xidmətlər, kampaniyalar, endirimlər və digər mövzularda reklam xarakterli sms-ismarıclar alırıq.

Azinforum.az  xəbər verir ki, vəkil Allahverən Oruclu “Marja”y bildirib ki, bunun müxtəlif səbəbləri ola bilər: “Bəzi hallarda biz bilərəkdən və ya bilməyərəkdən belə sms-lərin gəlməsinə yol açmış oluruq.

Bəzən isə nömrələrimiz və digər məlumatlarımız mobil operatorlar və ya digər xidmət subyektləri tərəfindən sms-reklam yayan şirkətlərə, reklamvericilərə razılığımız olmadan qanunsuz olaraq ötürülür.

Abunəçinin yazılı müqavilə ilə verdiyi razılığı olmadıqda ona reklam sms-ləri göndərilə bilməz”.

Qeyd edək ki, Azərbaycan qanunları ilə SMS-reklamlar məhdudlaşdırılıb. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanılan yazılı müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər.

Vəkil deyir ki, telekommunikasiya operatoru və ya provayderilə bağlanılan müqavilələrdə reklam göndərməsinə razılıq verilməsi qeyd edilməyibsə, o zaman mobil operator tərəfindən abunəçiyə reklam göndərməsi qanunsuzdur.

A. Allahverənov bildirib ki, SMS göndərən şirkətlər bəzi hallarda istehlakçı hüquqlarını da pozur: “Təcrübə göstərir ki, istehlakçılara göndərilən sms-reklamlarda verilən məlumatlar yarımçıq, qısa, çaşdırıcı, bəzi hallarda isə aldadıcı olur.

Bu halda əlavə olaraq nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.9-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi istehlakçıların hüquqlarının pozulması sayılır və buna görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir”.

SMS-reklamlardan necə xilas olmaq olar?

1. İlk növbədə əvvəldən diqqətli olmaq, mobil operatorlarla bağlanılan müqaviləni ətraflı oxumaq, müqavilə bağlanan anda belə reklam sms-lərinin qəbul etmək və ya etməmək istəyini bildirmək lazımdır.

2. Sübutlar toplamaq: gələn SMS-reklamları skrinşot etmək, sms-lərin şəklini çəkmək lazımdır.

3. Mobil operatora müraciət etmək: belə sms-lərin dayandırılmasını, bu növ xidmətlərin bağlanılmasını tələb etmək və reklamlardan imtina edildiyini bildirmək lazımdır. Müvafiq razılıq verməyibsinizsə, bunu mütləq ərizənizdə bildirin. Razılığın verildiyini sübut etmək vəzifəsi mobil operatora və reklam yayana aiddir. İstənilən halda, belə razılığın verilməsi heç bir halda sizi sonradan bu paylaşımın dayandırılmasını tələb etmək hüququndan məhrum etmir.  Sizin dayandırma (reklamlardan imtina) barədə müraciətiniz əsasında mobil operator belə sms-ləri dayandırmaları, onları öz şəbəkəsindən sizin nömrənizə buraxmamalıdır.

4. Müvafiq nəzarət orqanlarına və ya məhkəməyə müraciət edin. Mobil operatorunuz müraciətinizi təmin etmədiyi halda siz, mobil operatorun qanunvericiliyi və hüquqlarınızı pozması səbəbi ilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə, müəyyən hallarda əlavə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və ya birbaşa məhkəməyə şikayət edə bilərsiniz. Bu zaman şikayətinizə müvafiq sübutları: abunə müqaviləsini, mobil operatora müraciətinizi, onun cavabını (əgər olubsa), sms-lərin skrinşot şəkilləri və digər zəruri sübutları əlavə etməlisiniz.

Məhkəməyə müraciət edərkən hüquqların bərpa edilməsini, habelə, dəymiş maddi və mənəvi zərəri də mülki qanunvericiliyə əsasən tələb etmək olar”.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …