Ana səhifə / Aktual / Bitkoin, meymun alveri və silsilə dələduzluqlar

Bitkoin, meymun alveri və silsilə dələduzluqlar

Qəzetdə işləməyin ən mənfi tərəfi odur ki, qohum-əqrəba, tanış-biliş adamı savadlı, məlumatlı, hər şeyi bilən zənn edir və ABŞ-la Rusiyanın münasibətindən tutmuş ta Röya ilə Nigarın İstanbuldakı qovğasına qədər hər şeyi soruşur. Gərək cavab verəsən – bilsən də, bilməsən də.

Əks təqdirdə, “bunun da bildiyi bir şey yoxdur, adını yalandan jurnalist qoyub” deyəcəklər.

Son həftələrdə populyarlaşaraq dünyanı başına götürən bitkoin-kriptovalyuta söhbətində eyni durumdayıq – nə müfəssəl bilgimiz var, nə deyəsi səhih sözümüz. Amma bəzi ehtimallar, ehtiyatlanmalar var. Bunları sonra deyərəm.

İndilikdə bitkoinlə bağlı bir “Feysbuk” dostumuzun (Hüseyn Cavad) şərh olaraq yazdığı lətifəni burda iqtibas edirəm. Çünki məncə, bu lətifə bitkoin qızdırması üçün parasetamol ola bilər. Pritça belədir: “Bir dəfə bir kəndə tacir gəlir və sakinlərə elan edir ki, o, onlardan biri 10 dollara meymun alacaq, kim istəyir, meymun tutub gətirsin. Kənd camaatı işini-gücünü buraxır, cəngəlliyə daraşır, meymun tutub gətirirlər. Tacir 10 dollardan 1000 meymun alır. Ancaq yaxınlıqdakı cəngəlliklərdə meymun azalır və onları tutmaq çətinləşir. Belə olanda tacir deyir ki, indən belə hər meymuna 20 dollar verəcək. Camaat yenə yaxın-uzaq cəngəllikləri ələk-vələk edir. Bəxti gətirib meymun tutanlar onları 20 dollardan tacirə satırlar. Ancaq kənddə ərzaq azaldığından insanlar yenidən tarlalara qayıdıb işləməyə başlayır. Bu dəfə tacir alacağı meymunun qiymətini 50 dollara qaldırır. O, bunu camaata elan edir və deyir ki, indi şəxsi işi üçün şəhərə gedir, yerində köməkçisi qalır, kəndlilər meymunları tutub hazır eləsinlər, o qayıdıb hamısını alacaq. Tacir gedəndən sonra köməkçi camaatı yığıb deyir ki, baxın cəngəlikdə meymun yoxdur, amma bu qəfəslərdə 1000-dən artıq meymun var, gəlin mən onların birini sizə 35 dollardan satım, siz də 50 dollardan tacirə satarsınız, nəticədə hamımız qazanarıq. Kəndlilər düşünür, daşınır, bu işdən nə qədər pul götürəcəklərini hesablayırlar, olan-qalan əmanətlərini toplayır, ordan-burdan borc alır, tacirin köməkçisindən 1000 meymunu alırlar. Köməkçi 35 min dollar pulu cibinə qoyub aradan çıxır və meymun taciri də bir daha kəndə qayıtmır. Kasıb kənd camaatı əllərində heç nəyə yaramayan meymunlarla və borclarla çarəsiz qalırlar”.

Bu pritçanı yazan şəxs qeyd edir ki, bax, bitkoin bu deməkdir.

Əgər belədirsə, onda bu xüsusda xatırladığım başqa söhbətlər də var. 28 il öncə təyinat yerində işlədiyim zaman bir dəfə dostlar, iş yoldaşları bir siyahı gətirdilər ki, belə bir iş var, pul verirsən (o zamankı pulla 10 manat), adını bu kağıza yazırıq, sonra iki adam tapırsan, onların da hərəsi 10 manat verir, onların adı bu kağıza yazılır, beləcə, siyahı artdıqca pul qazana-qazana gedirsən. Mən bu haqda bur rus qəzetində material oxumuşdum, inanmadım, dedim, fırıldaqdır. Onlar da mənə inanmadılar, oyunun dibinə qədər getdilər. Çox çəkmədi, aldandıqlarını başa düşdülər. Amma gec idi.

Ondan sonra “bank piramidası” fırıldağı çıxdı, camaatın pulunu kisəylə alır, bir-iki ay yüksək faiz verirdilər (sadəcə, adamlara öz pullarının 5-10 faizini qaytarırdılar), yerdə qalanının arxasına keçirdilər. Camaat hələ də inanır ki, hökumət mane olmasaydı, “Vahidbank”ın vasitəsilə milyonçu olacaqdılar. Halbuki o “piramida fırıldağı” insanların sonuncu qəpiyini də əlindən alacaqdı. Hələ hökumət bu fırıldağa çox gec “stop” qoydu, camaatın milyardları əlindən çıxdı.

Sonra “Muncuq əməliyyatı” baş verdi. Eyni şey. Daha sonra “Guestnet” məsələsi aktuallaşdı. Həmin söhbət. Pul verirsən, nəsə bir xırda şey verirlər. Sonra verdiyin böyük pullar geri qayıtmır.

Bu tip ölkələrdə insanlar səmimi qəlbdən inanırlar ki, işləmədən pul qazana bilərlər, sadəcə, əldəki pul verilir və “pul özü işləyir”, pul gətirir.

İqtisadçılar izah etməkdən usanırlar ki, bu cür varlanmaq mümkün deyil, çünki ortada istehsal, əmək, əmtəə yoxdur, pul kütləsinin bir cibdən başqa cibə, sandıqlardan çamadanla ötürülməsilə pul üstünə pul gələ bilməz, bu, olsa-olsa, oyun quranların varlanmasına, onlara inananların isə müflisləşməsinə səbəb olacaq.

Amma iqtisadçılara inanan kimdir. “Nə bilirlər axı onlar? Bilirlərsə, özləri niyə milyonçu deyil?” – düşüncə budur.

Di gedin, pulunuzu verin dələduzlara, axırda görüm o meymunları necə edəcəksiniz…

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …