Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Bir gün əvvəl nişanlısı üçün gül sifariş veribmiş…

Bir gün əvvəl nişanlısı üçün gül sifariş veribmiş…

İkinci Qarabağ müharibəsində şəhid olan və ya evinə qazi kimi dönən hər bir igidimizin həyatı bir dastandır. Ülvi Rəfail oğlu Rəfiyev də onlardan biridir. “Qafqazinfo” xəbər verir ki, o, Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin nəslindən, Vətən üçün canını əsirgəməyən Rəfiyevlərdən biri idi. Ülvi həm də xoşbəxt, zəhmətkeş və kökünə bağlı bir ailənin ilk övladı idi. Bütün qohumları, xüsusilə babası və nənəsi tərəfindən çox sevilirdi, çünki adı kimi o qədər saf, təmiz və mehriban idi ki, onu sevməmək mümkün deyildi.

Orta məktəbi bitirdikdən sonra Neft və Kimya Universitetinə (indi ki ADNSU) qəbul olundu. Yaxşı oxumaqla bərabər, həm də universitetin ictimai həyatında fəal iştirak edirdi. ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının ən fəal üzvü idi, bütün yarışlarda, beynəlxalq festivallarda universitetin şərəfin qoruyur, həmişə də qalib kimi qayıdırdılar. Hətta Türkiyənin məşhur “Yetənək sizsiniz” proqramında uğurla çıxış etmişdi Ülvi. Gələcəklə bağlı böyük arzuları var idi. Daha çox Azərbaycanı Beynəlxalq festivallarda layiqincə təmsil etmək istəyirdi. 

Tələbə həyatından sonra hərbi xidmətə çağırıldı, burda da özünü nümunəvi bir hərbçi kimi göstərdi, özünün, ailəsinin başını uca tutdu. Hərbi xidmətdən qayıtdıqdan sonra həm sərbəst yaşamaq,  həm də ailəsinə dəstək olmaq üçün əmək fəaliyyətinə başladı. İşini sevdi, sevildi, ailə qurmaq üçün planlar qurmağa başladı. Deyərdi ki, özümə möhtəşəm toy edəcəm və toyda “Zeybək” rəqsini oynayacam.

Vətən müharibəsi başlayanda artıq dörd ay var idi ki, sevdiyi xanımla nişanlanmışdı. Məlum səbəblərdən toy məsələsi yubanırdı və düşünürdü ki, tezliklə hər şey düzələr və ilin sonunda qohumların, dostların şahidliyi ilə yaxşı bir toy edər özünə. 

İyul hadisələrindən sonra o, da minlərlə gəncimiz kimi Səfərbərlik İdarəsinə gedib Orduya könüllü yazılmışdı. 27 sentyabrda müharibə başlayandan bir neçə gün sonra Ülvi də çağırış vərəqi aldı. Kiçik qardaşı Ülvanın hərbi xidmətdə olmasına baxmayaraq, elə həmin gün şöbəyə getdi, eyni gündə də döyüşə yollandı. Füzulinin, Cəbrayılın alınmasında döyüş yoldaşları ilə bərabər qəhrəmancasına vuruşdu. 

25 oktyabr səhər saat 10 radələri idi… Düşmənin qarşı tərəfdən top və mərmiatanlardan zərbələr endirsə də, döyüşçülərimiz şücaət  və igidliklə  vuruşurdular. Güclü səs-küyün, atəşin altında Ülvi əvvəlcə yanında güclü partlayış səsi eşidib, sonra beldən aşağı güclü bir ağrı hiss edib. Bu an özündə cəsarət tapıb ayağa qalxmaq istəsə də, mümkün olmayıb. Qəlpə artıq öz işini görmüşdü. Yanındakı dostları köməyə gəliblər, qan itirməsin deyə ayağını dizdən yuxarı bağlamağa çalışıblar. İlk ağlına gələn atası, anası, qardaşı və sevdiyi qız olub Ülvinin. Bir də fikirləşib ki, artıq əvvəlki kimi rəqs edə bilməyəcək. Dostları hospitala yola salandan sonra, atasına zəng vurublar: “Rəfail dayı, Ülvini Beyləqan xəstəxanasına apardılar, yaralanıb. İmkanınız varsa, təcili ora gəlin. Ona nə aid varsa, məndədir. Əgər sağ qalsam, gətirib verəcəm, şəhid olsam, sağ qalan dostlar gətirib verəcəklər, narahat olmayın. Haqqınızı halal edin”. 

…Ailəsi əvvəlcə düşünüb ki, Ülvi yəqin yüngül yaralanıb, xəstəxanada lazım olacaq hər şeyi yığıb yola çıxıblar. Yolda onlara gül mağazasından zəng gəlib. Məlum olub ki, bir gün öncə Ülvi mağazaya zəng edərək gül buketi sifariş edibmiş. İndi də çatdırmaq üçün ünvanı dəqiqləşdirirlər. Bu Ülvinin nişanlısına nişan günlərinin dördüncü ayı münasibətilə hədiyyəsi idi. O, hər  ayın tamamında gül buketi ilə sevgilisini təbrik edərdi…

Ailə xəstəxanaya çatanda, artıq gec idi. Ülvi yolda çox qan itirdiyindən dünyasını dəyişmişdi. Bundan sonra anasının, atasının, sevgilisinin, qohumlarının, dostlarının nə yaşadığını isə artıq yazmaq mümkün deyil…

Həmçinin oxuyun

“Nəcməddin Sadıkov hərbi xidmətdə deyil” – Müdafiə Nazirliyi

Nəcməddin Sadıkovun səhhətində ciddi problem yaranması, Moskvada açıq ürək əməliyyatı keçirməsi barədə məlumat yayılıb. Müdafiə …