Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Aktual / Bioqrafiyası zəngin olan namizəd

Bioqrafiyası zəngin olan namizəd

Tanınmış jurnalist Nüsrət İsaoğlu Sumqayıtdan  deputatlığa namizəd olan, general Tahir Əliyevlə bağlı fikirlərini bölüşüb. Azinforum.az həmin yazını təqdim edir:

Bəli, Respublikamızda 9 fevral Milli Məclisə seçkilər günüdür. Yanvarın on yeddisindən ölkədə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təbliğat kampaniyasının start düyməsi basılıb. Tam demokratik əsaslarla keçiriləcək seçki marafonuna, başda Yeni Azərbaycan Partiyası olmaqla respublikamızın siyasi partiya, ictimai təşkilatlarının nümayəndələri ilə bərabər müstəqil namizədlər də qatılmışlar.

Müxtəlif təbəqə və yaş qruplarının təmsil olunduğu namizədlər öz platformaları ilə seçicilərlə görüşlər keçirməyə başlamışlar.

Bu marafonda iştirak etmək qərarı verənlər sırasında Tahir Yunus oğlu Əliyev də vardır. Bəli, yaxın keçmişdə, SSRI-nin dağılması dönəmində Rusiyadakı rahat və firavan həyatdan imtina edərək Vətənin dar günündə ona edilən dəvəti qəbul edən gənc müdavim az sonra müstəqil Azərbaycanda fəaliyyətə başlayacaq, Müdafiə və Daxili işlər naziri kimi olduqca mühüm dövlət postlarında çalışacaq, Ali sovetin deputatı kimi fəaliyyət göstərəcəkdi.

Sərəncamda olan, 41 saylı Sumqayıt seçki dairəsindən öz namizədliyini irəli sürən general Tahir Əliyevin ömür yolu keçməkeşli və mürəkkəb bir zaman kəsiyində həyatın ən çətin, gözlənilməz sınaqlardan keçməli olub.

Yaxşısı budur, gəlin lap əvvəldən başlayaq.

Tahir Yunus oğlu Əliyev 1952-ci ildə Qubadlı rayonunun Cılfır kəndində dünyaya gəlib. Uşaqlığı Yevlax şəhərində keçib, orta təhsilini isə Gorusun Şurnuxu kəndində bitirib. 1971-1972-ci illərdə Mingəçevir Politexnik Texnikumunda təhsil alıb.

Daha sonra o, Rusiyaya gedib və 1975-ci ildə Kemerovo DİO-da işləməyə başayıb. Bir müddət sonra isə orta milis məktəbində təhsil alıb. Bunun ardınca Omsk şəhər Ali Milis Məktəbi və SSRİ DİN-nin Milis Akademiyasında təhsilini davam etdirib.

Akademiyada təhsil alarkən 1986-cı ildə o vaxtki Azərbaycan daxili işlər naziri Aydın Məmmədov tələbələrlə görüşə gəlir. Tahirlə də qısa söhbət edir və «Sənin gələcəkdə respublikamızda işləməni istərdim», deyir…

Qəribədir, düz iki il sonra akademiyaya Bakıdan zəng gəlir və T.Əliyevi rəhbərliyə çağırırlar. Azərbaycan Daxili İşlər Naziri A.Məmmədov telefonda iki il əvvəlki görüşlərini xatırladır və onu artıq çox gərgin günlər yaşayan respublikamızda işə dəvət edir. Bu vaxta qədər Kemerovo vilayətində müxtəlif məsul vəzifələrdə işləmiş T.Əliyev Vətənin çətin, dar günündə  yaxasını kənara çəkə bilməzdi. Dağlıq Qarabağ Vilayəti Daxili İşlər idarəsinin rəis müavini vəzifəsi kimi çox çətin və olduqca məsul bir vəzifəni öz çiyinlərinə götürməyə razılıq verir. Bu zaman respublikamızda olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Soydaşlarımız Ermənistandakı ata-baba torpaqlarından qovulmuş, Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı qüvvələrin özbaşınalığına ittifaq dövləti tərəfindən «yaşıl işıq» yandırılmışdı. Bu torpaqlarda yaşayan insanlar da artıq təhlükə qarşısında köməksiz bir vəziyyətdə qalmışdılar.

Məhz belə bir vaxtda o, öz vəzifəsinin icrasına başlamalı olur. Dağlıq Qarabağı Azərbaycandan ayırmaq qərarı verən şovinist qüvvələrlə əslində təkbaşına mübarizə aparmaq heç də asan məsələ deyildi. Ona burada sui-qəsd də olub, şərləmək də istəmişdilər. Tabeliyində ermənilərdən ibarət yüzlərlə erməni polis işçisi vardı. Lakin T.Əliyevin sərt rəftarı qarşısında səslərini belə çıxara bilmirdilər. Bunu qarabağlılar da yaxşı bilir və unutmurlar.

Ən gərgin, ən qaynar nöqtələrdə olur, həyatın ən ağır, çətin üzünü görür, ölümlə üz-üzə qalır. Torpaqların müdafiəsi, köməksiz əliyalın insanların silahlanması üçün əlindən gələni əsirgəmir.

Lakin ermənilər ölkə rəhbərliyindəki havadarları vasitəsilə ermənipərəst M.Qorbaçova çıxır və onun Dağlıq Qarabağdan kənarlaşdırılmasına nail ola bilirlər. Azərbaycanın Vəzirov hakimiyyəti əslində respublikanı çıxılmaz vəziyyətə salaraq müdafiəsiz qoymuşdu. T.Əliyev məcburiyyət qarşında Bakıya gəlməli və fəaliyyətini Sumqayıt şəhərində davam etdirməli olsa da, ürəyi Qarabağla döyünürdü. Doğma torpaqların müdafiəçiləri ilə görüşür, əlindən gələn köməkliyi göstərirdi.

1991-ci ildə Ali Sovetin deputatı seçilir. Bu gərgin vəziyyətdə – 1992-ci ildə müdafiə naziri vəzifəsinə təyinat alır.

Az sonra isə Daxili işlər naziri təyin edilir. O, burada da respublikamızın müdafiəsi üçün əlindən gələni edir.

Bir müddət sonra isə 38 yaşlı general sərəncama göndərilir.

Ölkəni çıxılmaz duruma salanlar özlərini, tutduqları postları qorumaqdan ötrü yuxarıdan gələn göstərişləri danışıqsız, qeyri-şərtsiz yerinə yetirmək missiyasına can-başla xidmət etməkdə idilər. Yalnız Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublikaya rəhbərliyə qayıdışı vəziyyəti stabilləşdirə bildi. T.Əliyev Heydər Əliyev şəxsiyyətinin xilaskar missiyasına bütün varlığı ilə inananların cərgəsində idi. Azərbaycanı düşdüyü acınacaqlı vəziyyətdən vətəndaş müharibəsi, müstəqilliyini itirmək təhlükəsindən yalnız о qurtara bilərdi. T.Əliyevin və milyonların düşündüyü kimi də oldu. H.Əliyev ölkədə qayda-qanun, nizam-intizam yaratdı, dağınıq müdafiə batalyonları, ayrı-ayrı şəxslərə məxsus silahlı dəstələr ləğv edildi. Nizami ordu formalaşdırılmağa başlandı. Vətən təəssübü çəkən qeyrətli oğullar Ulu öndərin diqqətindən yayınmadı, bu sırada T.Əliyev də vardı. Bu dəfə o, tamamilə yeni bir sahəyə – Respublika Gömrük Komitəsinə rəhbər vəzifəsinə gətirildi.

1993-1995-ci illərdə bu vəzifədə çalışdı. 1994-cü ildə ölkədə un qıtlığı yarananda da, onun vaxtilə yaxşılıq etdiyi çeçenlərlə əlaqələri sayəsində bu problem həllini tapa bildi. T.Əliyevi o çətin günlərdən insanlar yaxşı tanıyırlar. Bu gün Milli Məclisdə təmsil olunmağa namizəd kimi keçirdiyi görüşlərdə iştirak edən vətəndaşlar arasında onun o vaxtki fəaliyyətini xatırlayan və dilə gətirənlər də vardır.

Canı və qanı ilə Vətənin ən müsibətli günlərində ona sədaqətlə xidmət etməyi özünün müqəddəs borcu bilən, böyük həyat, idarəçilik, rəhbərlik, Ali məclisdə qanunların hazırlanıb qəbul edilməsində böyük səriştə, bacarıq və təcrübə sahibi olan Tahir Əliyevin yenidən, bu dəfə artıq Ulu öndərin möhkəm bünövrə üzərində qurduğu müstəqil Azərbaycanın Milli Məclisində təmsil olunmağa mənəvi haqqı var deyir, Tahirsevərlər. Onun seçicilərinin etimadını doğruldan ən layiqli namizədlərdən biri olacağı kimsədə şübhə doğurmur. Keçirdiyi görüşlərdə insanların inam dolu baxışları onda bu çətin sınaqdan da alnıaçıq, üzüağ çıxacağı inamını yaradır. Uğur olsun, deyirik bizlər də Tahir Yunus oğlu Əliyevə.

Nüsrət İsaoğlu

Həmçinin oxuyun

“Belə atəşfəşanlıqla küçəyə çıxmaq, hay-küy yaratmaq təhlükəlidir”

Azərbaycan 27 il erməni işğalında olan torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatına başlayandan ölkədə hərbi …