Ana səhifə / Aktual / Binə qəzasından sonra: “Heç bir şey dəyişməyib, dəyişən sadəcə marşrutun rəngi oldu” – VİDEO

Binə qəzasından sonra: “Heç bir şey dəyişməyib, dəyişən sadəcə marşrutun rəngi oldu” – VİDEO

Video açılmırsa, buradan izləyin.

Binə qəsəbəsi. Qatar gəlir, şlaqbaum bağlıdır, amma yolu tez keçməyə tələsənlər var…

Oktyabrın 1-də Binə qəsəbəsində sərnişin avtobusu qatarla toqquşub, nəticədə 2 nəfər ölüb.

O hadisədən sonra, çox şey dəyişib… Şlaqbaumlar, yeni avtobuslar…

Bəs vəziyyət dəyişibmi? Sakinlər yeni avtobuslarda daha təhlükəsiz hiss edirlərmi?

Dəmir yolu nəzarətçisi

Şlaqbaum və avtobuslar

Bir neçə gün əvvəl sosial şəbəkələrdə 160 nömrəli sərnişin avtobusunun Binə qəsəbəsində dəmiryol keçidi qarşısında dayanması və şlaqbaumun avtobusun üzərində dayanması kadrları yayılıb.

Qəsəbə sakinləri BBC News Azərbaycancanın əməkdaşlarına faktı təsdiqləyib.

Onlardan bəziləri günahı avtobus sürücüsündə, digərləri isə dəmir yolunun işçisində görür.

“O gün bir avtobus heç şlaqbauma fikir vermədi, sürdü keçdi”, o deyir.

“Günah avtobusda deyildi, avtobus saxladı, sonra şlaqbaum üstünə endi”, digər sakin deyir.

Binə

Kimdir günahkar?

Bakı Nəqliyyat Agentliyi deyir ki, məsələ nəzarətə götürülüb və ciddi araşdırılıb.

“160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobus dəmiryol keçidinə yaxınlaşarkən şlaqbaum açıq olub və qırmızı işıq işləməyib. Videoda görünür ki, şlaqbaum avtobus dayandıqdan sonra bağlanmağa başlayıb və nəticədə avtobusun üstündə qalıb. Əks halda avtobus şlaqbaumu qırmalı idi”, BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir.

Onun BBC News Azərbaycancaya verdiyi açıqlamaya görə, noyabrın 17-də baş verən hadisədə həm sürücünün, həm də dəmiryolu keçidinə nəzarət edən şəxslərin də səhvi var.

“Avtobus sürücüsünün müəyyən qədər günahı var, yol hərəkəti qaydalarına uyğun olaraq daha ehtiyatlı davranmalı və dəmiryolu keçidinə yaxınlaşan zaman nəzərdə tutulmuş təhlükəsizlik qaydalarına əməl etməli idi. Lakin dəmiryolu keçidi ətrafında sürücülərin qatarın gəlməsini əvvəlcədən görməyi məhdudlaşdıran tikililər var”, o deyir.

Azərbaycan Dəmir Yolları QSC isə deyir ki, ərazidə işıqfor da işlək vəziyyətdə olub, şlaqbaum da vaxtında endirilib.

“Nəzarət edən işçiyə xəbər çatanda ki, qatar gəlir, o, şlaqbaumu bağlayır. Qatar gəlməmiş siqnal verilir və qırmızı işıq yanır. Avtobus buna məhəl qoymayıb, fikirləşib ki, keçə biləcəm və şlaqbaum onun üzərində dayanıb”, qurumun mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova deyir.

Onun sözlərinə görə, oktyabrın 1-də baş verən qəzadan sonra ərazidə təhlükəsizliyi bir az da təmin etmək üçün yeni tramplinlər sifariş verilib.

“İşıqforlar mütəmadi təmizlənir, yoxlanılır, şlaqbaum da, işərələr də yenilərilə əvəz edilib. Orada üz-üzə bağlanan, ikili şlaqbaumlar olacaq”, o deyib.

BNA-dan deyirlər ki, oktyabrın 1-də qəza baş verdikdən sonra 160 nömrəli marşrutun daşıyıcı şirkəti dəyişdirilib. Əvvəlcə bu xidməti Ayşən LTD MMC tərəfindn keçirilib və müqaviləyə xitam verilib.

Artıq bu xidməti “Çinar-Trans” MMC həyata keçirir. Bu yaxınlarda xətdəki avtobuslar yenilənib.

Qəsəbə sakini Peyman Rəhimov
Qəsəbə sakini Peyman Rəhimov sürücülərin davranışlarını “kobud” adlandırır

“Sadəcə dəyişən marşrutun rəngi oldu”

Qəsəbə sakini Peyman Rəhimovun sözlərinə görə, avtobuslar yeniləndikdən sonra heç bir şey dəyişməyib.

“Sadəcə dəyişən marşrutun rəngi oldu. İnterval yenə köhnədir, yenə basabas, sürücülər kobud davranırlar”, o deyir.

Peyman Rəhimov deyir ki, sürücülər “insan taleyinə biganə yanaşırlar, insana 30-40 qəpik gözü ilə baxırlar, piyada keçidlərində saxlamırlar”.

O təklif edir ki, sürücülərə “təlim keçilsə, insanlarla davranış qaydaları öyrədilsə yaxşı olar”.

“Həmişə sürücülərə irad bildirirəm, amma heç nə dəyişmir. Onlara təlimlər, kurslar təşkil etsələr nəsə alına bilər”, o deyir.

Bazarlıqdan qayıdan yaşlı cütlük də yeni avtobusların heç nəyi dəyişmədiyini deyir.

“Bərk sürürlər, elə tormoz verir ki, adam az qalır yıxılsın”.

Qəza baş verən ərazinin yaxınlığında işləyən digər sakin isə, bunun əksini düşünür. Deyir avtobusların dəyişməsi sərnişinləri sevindirib və razı salıb.

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, bu məsələlər araşdırılacaq və narahat edən məqamlar varsa, o zaman daşıyıcı şirkətlərə xəbərdarlıq ediləcək.

Onun sözlərinə görə, avtobusların yenilənməsi üçün tenderi Türkiyə şirkəti qazanıb və “yaxın aylarda o şirkətdən 300 yeni, komfortlu avtobusların gətirilməsi nəzərdə tutulur”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …