Şənbə , Aprel 20 2024
Ana səhifə / “Binə” yarmarkası fəlakətli durumda (FOTOLAR)

“Binə” yarmarkası fəlakətli durumda (FOTOLAR)

“Buranı saxlayan Dağıstan ləzgiləri idi, rus rublu “ölən”dən onların da ayağı kəsilib”

Azərbaycanı da ağuşuna alan qlobal böhran “Binə” ticarət mərkəzində çalışan minlərlə iş adamını da çıxılmaz vəziyyətlə üz-üzə qoyub. Yarmarkada apardığımız müşahidələr zamanı və söhbət etdiyimiz ticarətçilərin dediklərindən belə məlum oldu ki, vəziyyət doğrudan da kritikdir, onların dili ilə desək, “alver ölüb”. 
Yarmarkada yüzlərlə obyektin malı yığışdırılıb, qapılar kilidlənib və üzərinə “Satılır”, “İcarəyə verilir” yazılmış lövhələr vurulub. Hətta bəzi satıcılar qapılarının üzərinə “Batırıq, xilas edin” yazıblar. Lakin deyilənlərdən məlum oldu ki, hələlik “batanları” xilas etmək üçün hansısa tədbirlərə əl atılacağı gözlənilmir. Elə biz yarmarkada olarkən təhlükəsizlik xidməti əməkdaşının müşayiəti ilə əlində ticarətçilərin siyahısını tutmuş məsul şəxsin iş adamlarından yer haqqını yığmasının şahidi olduq. Bəzi sahibkarlar pulu nağd ödəsələr də, bir çoxları ayın sonuna qədər çatdıracaqları barədə vəd verirdilər.
Elçin adlı icarədar bizə dedi ki, kişi kostyumlarının satışı ilə məşğul olduğu mağazasının ümumi xərci 8500 min manatdır. O, əlavə edir ki, keçən illə müqayisədə alver müqayisəolunmaz dərəcədə zəifləyib: “Düzdür, buna rus rublunun və manatın dəyərdən düşməsi də səbəb olub. Ancaq başqa ciddi bir səbəb də budur ki, camaatda pul yoxdur. Alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. “8 km bazarı”ndan, şəhərin ayrı-ayrı bazarlarından xeyli müştərilərimiz var idi, onlar da yoxa çıxıb. Çünki əhalidə pul yoxdur. Mallar əllərdə qalıb”.
Cabir Əliyev də durumun fəlakətli həddə olduğunu deyir: “Adam var, gün ərzində heç siftə eləmir. Əksəriyyət də malı öz qiymətinə, dəyər-dəyməzə satmağa məcburdur ki, ayın sonunda icarə və yer haqqını ödəsin. Faktiki olaraq mayadan xərcləyirik. Ayrı çıxış yolu yoxdur. Çünki  mal gətirməsək, dövriyyə olmasa, tamam batarıq. Manatın ucuzlaşmasından sonra vəziyyətimiz lap ağırlaşıb.
Həmsöhbətimiz bildirdi ki, manatın ucuzlaşmasından sonra hələ ki, yarmarkaya yeni mal gəlməmişdi: “Təzə mal artıq 3 gündür bazara düşüb. Amma bu da var ki, təyyarə ilə mal gətirmək sərf eləmir. Çünki təyyarə ilə mal gətirəndə tutaq ki, bir “sumka”sı 6 manata başa gəlir. Amma maşınla gətirəndə 3 manat pul ödəyirik. Maşının kubu 370 dollar eləyir. Di gəl ki, təyyarə ilə mal 15 günə gəlib çıxırsa, maşınla 30-35 gün çəkir”.
Qadın gödəkçələrinin biznesi ilə məşğul olan, illərdir Çindən mal gətirib satan Sarvan isə dedi ki, mal daşımalarındakı qiymət artımı onları çıxılmaza salıb: “Əvvəl yükün kilosu 4 manatdan bir az artıq idi. İndi 5 dollar 75 sentdir. Görün nə qədər fərq edir. 1 dollar da bu gün 1,07 manat idi.
“Belə çıxır təzə gələn malların qiymətində artım olacaq” soruşanda C.Əliyev “100 faiz” deyir. Bildirir ki, qiymət artımının qarşısını almaq üçün cəhdlər olacaqsa da, bu, nəticə verməyəcək: “Əks təqdirdə ya iflas olmalıyıq, ya da başqaları kimi malları anbara yığıb qapıları bağlamalıyıq”.
Ticarətçilərdən onu da öyrəndik ki, burda çalışanların 85-90 faizi banklara borcludur. “Özü də kreditlərin 90 faizi dollarladır. Oktyabr ayından bəri götürülən bütün kreditlər isə dollarla hesablanıb. Yəqin banklar manatın başına gələnlərdən xəbərdar imişlər deyə, dollara keçiblər”, – satıcılardan biri dillənir.
Coşqun Novruzovun sözlərinə görə, günə uzağı 100 manatlıq mal satır: “Mən keçən ay 1500 manat ziyana düşmüşəm. Ayda 2 min manat xərcim çıxır. Elə 450 manat satıcı qıza verirəm. İşlədiyim 3 ildə ən fəlakətli vəziyyətlə indi üzləşmişəm. Belə getsə, mən də bağlayıb gedəcəyəm”.
“Buranı saxlayan Dağıstan ləzgiləri idi, rus rublu öləndən onların da ayağı kəsilib. Mən 8-9 ayda 10 min manatdan çox ziyana düşmüşəm. Hamımız gözləyirik ki, görək nə olacaq”-ortayaşlı satıcı dillənir. Başqa birisi “biz şükürlüyük, qabaq sıralarda “arenda” 7-8 mindir” söyləyir.
Eldar isə deyir ki, hələ bir müddət əvvəl bazarda 800-1000 arası obyekt bağlanıbmış: “Ondan sonra qapısını kilidli gördüyümüz dükanlar sürətlə çoxalır. Ancaq daha sayını itirmişik”.
Sahibkarlar bazar rəhbərliyinin laqeyd münasibətindən də şikayətçidir. Onlardan biri adını açıqlamasa da, ürəyini Musavat.com-a açdı: “Bu qədər dükan bağlanıb, gör birini maraqlandırırmı? Hansı ki, hər dükandan azı 3-5 ailəyə çörək gedirdi. Bu qədər adamın sonrakı taleyi heç kimi düşündürmür. Daha yaxşı olardı ki, yarmarkanın rəhbərliyi bizi toplayardı, vəziyyətlə əlaqədar güzəştlərin tətbiq olunması barədə qərar verirdi. Baxın, bağlanan obyektlərin üzərində “arendaya verilir”, “satılır” yazılıb. Ancaq indiyədək bir nəfər gəlib bu obyektlərlə maraqlanmır. Kim gələcək? “Gözü çıxan qardaşın məsəli” var. Deməli, burada itirən tək obyektlərin icarədarları deyil. Burada bazar rəhbərliyi, obyekti icarəyə verənlər də külli miqdarda ziyana düşür. Təsəvvür edin, mən ayda icarə, yer pulu, sosial müdafiə haqqı, vergi qarışıq 2450 manat pul verirəm. Belə getsə, qapıları bağlayıb gedib evimdə oturacağam. Onda dövlət də itirəcək, sahibkar da. Onda niyə bu millətin taleyini düşünmək istəmirlər?” Yanındakı həmkarı isə “adam var 150 min manata obyekt alıb, “arenda”ya götürən çıxıb gedib, qalıb dörd divara baxa-baxa” bildirdi.
Başqa bir nəfər söhbətə müdaxilə etdi: “Bazar rəhbərliyinin güzəşti o oldu ki, qabaq sıralardakıların yer haqqında 100 manat çıxdılar. Bizə isə dedilər ki, ödənişi eləmək üçün ayın 25-inədək vaxt veririk. Yəni 5 günlük güzəşt elədilər”.
Zaməddin isə dedi ki, yarmarkanın bu kökə düşməsinin əsas səbəbi rus rublunun “ölməsi”dir: “Keçən ilin avqustundan geriyə gedirik. Rus pulu ki, “öldü”, dağıstanlıların ayağı burdan çəkilməyə başladı. Bizim bazarın əsas müştəriləri ləzgilərlə çeçenlər idi. Onlar malı topdan alırdılar. İndi bazarda tək-tək dağıstanlı görərsən”.
Elə biz də “Binə”də olarkən tək-tək qeyri-azərbaycanlılarla rastlaşdıq. Dağıstandan gəlmiş ortayaşlı qadın dedi ki, daha Bakıdan mal aparıb satmaq sərfəli deyil: “Bu dəfə sadəcə vəziyyəti öyrənmək üçün gəlmişdim. Amma düzünü desəm, heç bizdə də vəziyyət ürəkaçan deyil. Necə olacaq, bilmirəm”.
“Adam var vəziyyəti belə gördüyündən obyektinin qapılarını bağlayıb, oturub evində. Çünki obyekti işlətsə, alver olmasa belə, ayda azı 2 min manat ödəməlidir. Evində oturub deyir elə 2 min manatı özüm yeyərəm, onsuz da alver yoxdur. İşim-sənətim olsa, uça-uça burdan gedərəm, ancaq çarəsizəm. Bura “katorqa”dır, məcburi əməkdir. Bütün günü gərginlik, qazanc da yox. Səhər saat 7-dən axşam hava qaralana qədər burda oluruq. Adam var sübh namazını gəlib burda qılır ki, işə gecikməsin. Ancaq sadəcə vaxt itiririk, alver yoxdur”. Bunları da gənc satıcı dedi. Beləcə yüzlərlə iş adamını ümidsiz, çarəsiz və fikirli gördük. Sanki gəmisi batan adamı xatırladırdı onlar. Bir çox satıcılar müştəri olmadığından ya bir yerə yığılıb durumdan söhbət edir, ya siqaret çəkir, ya da telefonda oyun oynayırdılar. Sözarası qonşu yarmarkadakı vəziyyəti soruşanda, birisi “elə “Sədərək”dəkilər də bizim günümüzdədir” söylədi…
P.S. Ticarətçilərin fotolarının olmamasından təəccüblənməyin. Adamlar belə həssas məqamda özlərini “yandırmaq” istəmirlər. Bir neçə il əvvəl “Binə”dəki etiraz aksiyasından sonra baş verənləri də unutmadıqlarını dedilər…
Cavid TURAN

“>“Binə” yarmarkası fəlakətli durumda; ticarətçilər “batırıq” deyir, obyektlər bağlanır (FOTOLAR)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir340/img1773016.jpg' target='_blank'>Yüklə</a>

 

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın