Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Bilmirlər ki, “qara qutu” pilotun səsini yazmır” – Nazir ilk dəfə danışdı + Video

“Bilmirlər ki, “qara qutu” pilotun səsini yazmır” – Nazir ilk dəfə danışdı + Video

“Yazırlar ki, pilotun səsini dinləmək lazımdır. Ancaq bilmirlər ki, “qara qutu” pilotun səsini yazmır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov REAL TV-də yayımlanan Mir Şahinin vaxtı verilişində Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin dənizə düşməsi və həlak olan pilot polkovnik-leytenant Rəşad Atakişiyevlə bağlı sualları cavablandıran zaman qeyd edib.

Nazir bildirib ki, hadisə ilə bağlı yaradılmış komissiyanın hazırladığı sənədə əsasən təyyarə tam işlək vəziyyətdə olub:

“Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunmuşdu. Atakişiyev yüksək hazırlıqlı pilotumuz idi. İkinci məsələ, o, gecə təlimlərində də yüksək peşəkarlıqla iştirak edib. Komissiya birmənalı şəkildə məni maraqlandıran suallara cavab verib. Qara qutuya uçuş vaxtı, təyyarə suya daxil olana kimi avadanlığın işləməsi düzgün və ya qeyri-düzgün yazılır. Birinci suala cavab aldım ki, təyyarə tam işlək olub və son məqama kimi mühərriyi və digər avadanlıqları ştat rejimində işləyib. İkinci məsələ ondan ibarətdir ki, əgər toqquşma olsaydı, bu, dərhal “qara qutu”da özünü göstərəcəkdi. Ölkə ərazisində olan bütün radarlar da bizim radarlarla üst-üstə düşdü. Sizə deyim ki, pilotun son məqamda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu göstərir ki, pilot göydə ehtimal olunan zərbə alıb. Hətta burada biz gecə vaxtı quşların hansı səviyyədə uçması ilə bağlı mütəxəssislərə müraciət etdik, təsdiq etdilər, həkimlər də öz rəyini verdi. Ümumiləşdirsək, bu, böyük bir sənəddir. İstintaq hələ də davam edir. 

Əgər mətbuata baxsaq, ondan bir neçə gün sonra Amerikada, daha sonra Hindistanda, Pakistanda, bu yaxınlarda isə Rusiyada müasir təyyarələr düşüb. Əgər bizdə təyyarədə hansısa texniki qüsur olsa, deyərdik. Müasirdə olursa, bizdə niyə olmasın. Pilotun səhvi olsa, bunu da deyərdik. Təəssüf ki, bu, ordularda olan hadisələrdir”. 

Nazir təyyarələrin köhnə olması ilə bağlı səsləndirilən ittihamlara da aydınlıq gətirib:

“Deyirlər ki, təyyarələrimiz köhnədir. Biz hamısını yoxlamışıq. Bəli, 1980-ci illlərdə istehsala verilib, ancaq NATO dövlətlərində F16 uçur, onlar da həmin illərin təyyarələridir. 

1960-70-ci illərdə həmin ərazidə Sovet donanmasının anbarı var idi. Bu anbarı təmizləmək və sonradan əsgəri məzarlıq yaratmaq istədik. Yazdıqları kimi bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur.

Yaxınlarının müraciəti ilə pilotu İkinci Fəxri Xiyabanda dəfn etdik. Bu, dünya təcrübəsində var”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …