Cümə axşamı , May 23 2019
Ana səhifə / Aktual / “Belələri heç güllələnməyə də layiq deyil, güllə heyifdir” – Eynulla Fətullayev

“Belələri heç güllələnməyə də layiq deyil, güllə heyifdir” – Eynulla Fətullayev

Əminəm ki, elə bir gün gələcək və biz Rasim Musabəyovun dilindən “Mən həmişə Əliyevin əleyhinə işləmişəm, Xalq Cəbhəsi üçün işləmişəm” etirafını da eşidəcəyik.

O da ola bilər ki, bunu eşitməyək. Zaman imkan verməsin. Zaman və hakimiyyətin gücü…

Musabəyov yalnız böyük kollaps ərəfəsində satır. Xəyanət və satqınlıqlar dalğası bolşeviklərin oğlunu, KQB cəlladının kürəkənini, “komsomalçik” və kommunist-ideoloqu, prezident Mütəllibovun müşavirini və İsa Qəmbərin köməkçisini, Rövşən Cavadovun analitikini və Elnur Aslanovun əlaltısını, bolşevikdən müsavatçıya çevrilmiş, müsavatçıdan yaputata qədər deqradasiya etmiş bu adamı daha haralara atmadı, daha haralara aparıb çıxarmadı ki…

O, həm sosioloq, həm də politoloqdur, həm müsəlman, həm də ateistdir.

“Tərtəmiz xain və satqındır. Belələri heç güllələnməyə də layiq deyil, güllə heyifdir. Bu cür adamlar bütün dövrlərdə və bütün xalqlarda olur” –  böyük Bonapart bu sözləri Musabəyov kimilər haqda deyib.

Bizim Bonapartın dövründə isə Musabəyov böyük revanşa hazırlaşırdı. Yox, elə fikirləşməyin ki, bunu ölkənin naminə edirdi. Ümumiyyətlə, belə adamlardan ötrü “ölkə” anlayışı yoxdur. O, əvvəlcə SSRİ-yə, sonra neosovet Azərbaycanına, daha sonra da Müsavat Azərbaycanına xidmət edib… Belə adamlar ölkəyə yox, yalnız özlərinə xidmət edirlər, özlərinə işləyirlər. Bunlar üçün müqəddəs heç nə yoxdur!

Mən bunu bilirsinizmi nə vaxt anlamışam? Hələ uzaq 1992-ci ildə – prezident Mütəlibov devriləndən dərhal sonra Musabəyov “Respublika” qəzetinə müsahibə verəndə. Musabəyovun həmin müsahibədə dediyi sözləri özünə hörmət qoyan heç bir kişi dilinə gətirməzdi, bunu özünə sığışdırmazdı.

Musabəyov jurnalistin Mütəllibovun müşavirinin yeni, yonulmamış, köntöy və çirkin hakimiyyətin tərəfinə necə keçməsi ilə bağlı sualına maraqlı cavab vermişdi (axı xalis “komsomalçik” Musabəyov sol əlini havaya qaldırıb yelləyən saqqallı və pis iy verən marginalların düşərgəsinə keçmişdi).

Musabəyovun soyuqqanlı şəkildə verdiyi həmin cavab belə idi: “Mən də, Bacanağım Tamerlan Qarayev də həmişə Mütəllibova qarşı və Xalq Cəbhəsi üçün işləmişik”.

Mütəllibovun dövründə prezidentin millətlərarası münasibətlər məsələləri üzrə müşaviri, Vəzirovun dövründə Bakı Şəhər Partiya Komitəsində ideoloji şöbənin müdir müavini və s. vəzifələr tutmuş bu şəxs sonradan yeni hakimiyyətdə də təmsil olundu. Özü də özü üçün təhqiramiz sayılacaq bir statusla. Musabəyov özünə Milli Məclisin sədr müavini olan bacanağı Tamerlan Qarayevin qəbul otağında yer tapdı.

Bəziləri belə hesab edir ki, ağaclar səmaya qədər yüksələ bilmədiyi kimi süqut, uçurumun dibinə yuvarlanmaq da sonsuz olmur. Musabəyov isə bunu əksini sübut etdi – eybi yox, qoy lap Milli Məclisdə məsləhətçi postu olsun, qəbul otağındakı katibə kreslosu olsun, təki bu hakimiyyətdən yapışmaq, nomenklatura üzvü kimi karyera əldə etmək imkanları olsun.

Musabəyov anlayırdı ki, hakimiyyət olmadan həyat onun üçün mənasını itirəcək. Musabəyov bütün həyatı boyunca karyera nərdivanları ilə yuxarı qalxıb, elə olub ki, bu yolda ayağı da sürüşüb, yıxılıb, amma kiminsə şalvarının balağından və ya tumanının ətəyindən yapışmağa çalışıb, lakin yenə yıxılıb, darmadağın olub, sonra yenidən yuxarı dırmaşa bilib.

Bütövlükdə isə ölkə prezidentinin keçmiş müşavirinin İsa Qəmbərin müavininin qəbul otağında katibə postundakı davranış və hərəkətlərini müşahidə edən keçmiş kommunistlər çökmüş partiyanın faciəsinin miqyasını anlayırdılar. Musabəyov kimilər təkcə öz partiyalarını yox, bütün ölkəni satmış, ona xəyanət etmişdilər. Belə adamların ucbatından ölkədə böyük faciə yaşanırdı.

Əgər siz Musabəyovun sinəsini qabağa verib saqqallı yakobinçilər diktaturasının müdafiəsinə qalxdığını və Bonapartın qayıdışına mane olmağa çalışdığını güman edirsinizsə, əlbəttə ki, yenə də ciddi şəkildə yanılırsınız. Musabəyov və onun Mütəllibova qarşı və Xalq Cəbhəsi üçün işləyən bacanağı bu vaxta qədər artıq yeni partiyanın əsasını qoymağa da macal tapmışdılar. Onlar Süleyman Dəmirəlin Doğru Yol Partiyasının eyniadlı obrazını yaratmışdılar. Bu xəyanətkar və satqın cütlük ölkədə siyasi hakimiyyəti tam şəkildə ələ keçirmək iddialarını artıq heç gizlətmirdi də.

Mütəllibov özü bir dəfə mənə demişdi ki, ölkəyə 1995-ci ilədək rəhbərlik etmək, sonra da hakimiyyəti demokratik düşərgədən olan varisinə təhvil vermək istəyirmiş. Mütəllibov öz varisik rolunda isə Tamerlan Qarayevi görürmüş.

“Mən onlara tez-tez deyirdim ki, niyə tələsirsiniz, hakimiyyətə niyə belə tez cana atırsınız. Siz ölkəni idarə etməyə hələ hazır deyilsiniz. Bir az da dözün. Mənə ölkəni müəyyən inkişaf səviyyəsinə çatdırmağa imkan verin. Sonra da hazırlaşın, mən özüm hakimiyyəti sizə verib gedəcəyəm” – deyə sabiq prezident Mütəllibov devriləndən 10 il sonra etiraz edirdi.

Lakin “varis” Qarayev Musabəyovla birgə prezidentin etimadını qazanaraq onun hakimiyyətinin dayaqlarını içəridən gəmirib laxladırdılar.

Yox, bu cür adamlar heç vaxt açıq döyüşə girmirlər. Onlar inqilab meydanlarının döyüşçüləri deyillər. Onlar həmişə hakimiyyətin yanında olur, meydanlarda barrikadalar quran döyüşçülərə sakitcə, gizli və məkrli şəkildə, xəyanətkarcasına və qəddarlıqla kömək edirlər.

Bu bacanaqlar cütlüyü əvvəlcə sovet, daha sonra isə neosovet hakimiyyətlərin ən çirkin tapşırıqlarını yerinə yetirmişdi. Onlar Ali Sovetin komissiyasında çalışarkən əvvəlcə qanlı sovet ordusunun 20 yanvar faciəsindəki izlərini, daha sonra isə 20 noyabr vertolyot qəzasına dair dəlilləri silib təmizləmişdilər.

Burada bir anlıq dayanın! Rasim Musabəyov da sonradan Qarakənd səmasında vurulmuş həmin vertolyotda uçurdu (Ayaz Mütəllibovun bütün komandası həmin qəzada həlak oldu). Ən son məqamda isə Tamerlan Qarayev bacanağı Musabəyovu Ağdamda həmin vertolyotdan düşürmüşdü. O, kimlərinsə məşum bir plan hazırlamasından xəbərdar idimi? Allah bilir…

***

Qanın acı-şirin dadı yırtıcı heyvanlar üçün nə deməkdirsə, hakimiyyətin dadı və hakimiyyət ehtirası da mənsəbpərəst adamdan ötrü odur. Həm mənsəbpərəst adam, həm də yırtıcı heyvan qanın heç vaxt qurumadığı ölkədə bu şirin dadı yenə, yenə, yenə hiss etmək üçün heç nədən çəkinmirlər.

Rasim Musabəyov 1993-cü ilin yayında özünün Doğru Yol Partiyasının simasında bir-birinə zidd olan üç bəyanatla çıxış etdi. Birinci bəyanatında Xalq Cəbhəsini dəstəklədi, ikinci bəyanatında Heydər Əliyevə qarşı çıxdı. Nəhayət, üçüncü bəyanatında – Tamerlan Qarayev Çinə səfir təyin olunandan sonra isə bu dəfə Heydər Əliyevin müdafiəsinə qalxdı.

Və ən maraqlısı: Tamerlan Qarayevi aparan təyyarə Pekin aeroportunda sağ-salamat enəndən sonra Musabəyov daha bir bəyanatla çıxış edir. Və yenə də Heydər Əliyevin əleyhinə. Bundan sonra da azsaylı partiya yoldaşları ilə birgə müxalif Müsavat Partiyasına birləşir.

Bəli, inqilabçı Qəzənfər Musabəyovun nəslindən olan bolşeviklərin törəməsi (Rasim Musabəyov sovet illərində məşhur olan bu familiyaya və öz qayınatası, Azərbaycan SSR KQB-sinin sədr müavini, 70-ci illərin ortalarında gənc romantik tələbələr nəslinə qarşı repressiyaların başlanmasına şəxsən göstəriş vermiş Abbas Zamanovun himayədarlığına minnətdar olmalıdır. Bəli, söhbət, məşhur “Elçibəy işi”ndən gedir) milli-demokratik partiya sayılan Müsavatın sıralarına daxil olur. Babalarının mübarizə apardığı Məhəmməd Əmin Rəsulzadənin portretini başı üzərinə qaldırır.

Bu, Rasim Musabəyovdan ötrü ilk belə addım deyildi. O, siyasi uzaqgörənliyini və müdrikliyini çoxdan itirmişdi. Çətini ilk addımı atmaqdır. Musabəyov isə ilk belə iyrənc addımını hələ 1991-ci ildə atmışdı. Bir dəfə satan həmişə satacaq!

Budur, həmin bu Musabəyov 1994-cü ildə Heydər Əliyevin digər şəxsi düşmənləri ilə birlikdə Rövşən Cavadovun analitik mərkəzində peyda olur. O zamankı rəsmi versiyaya görə, Cavadovun mərkəzi dövlət çevrilişi ssenarisini hazırlayırdı. Tofiq Qasımovu həbs edir, bir neçə aydan sonra isə MTN-in təcridxanasından xərəkdə çıxarırlar. Musabəyov isə canını yüngülcə töhmətləndirilməklə qurtarır. Kim bilir, o, bu dəfə hansı satqınlığına görə sudan quru çıxmağa nail olmuşdu.

Lakin 90-cı illərin ortalarında Musabəyov Azərbaycan liberalizminin atası cildində zühur edir. O, Qərbi təbliğ edir, İsa Qəmbərin seçkilərdə tezliklə qələbə çalacağından danışır, hakimiyyəti sərt tənqid edir, onun labüd iflasının baş verəcəyini vəd edir.

Bununla belə Rasim Musabəyov bu xalqçı-marginallar kütləsinin arasında özünü həmişə “özününkülər arasında yad” hesab edirdi. Sinfi simasını itirmiş ünsürlərlə mental baxımdan uyuşa bilməməsi, Azərbaycan dilində sınıq-salxaq, əyri-üyrü danışması (Məmmədyarov kimi Musabəyov də dörddə bir əsrə yaxın müddətdə ana dilini hələ də öyrənə bilməyib), anadangəlmə təkəbbürü, özünü yalandan aristokrat kimi göstərmək mərəzi Musabəyova Heydər Əliyev hakimiyyətinə qarşı mənasız hücumlarını ildən-ilə gücləndirən “qəhvəyi köynəklilər”in sıralarına tam şəkildə daxil olmaqda çox maneçilik törədirdi.

Musabəyov milli-demokratların yeni hakim iyerarxiyasında bu dəfə daha yüksək vəzifəyə – Milli Məclis sədri müavininin qəbul otağındakı vəzifədən də yüksəyinə – can atırdı. Onu bu dəfə heç nə dayandıra bilməzdi. Və o da dayanmadı. Musabəyov Elçibəyin “ilham pərisi” ilə siyasi nikah bağlayır. Və normal və abırlı adamların heç vaxt və heç bir halda öz evinin kandarından içəri buraxmayacağı adamları öz evinə buraxır. Musabəyov bundan sonra neobolşevik elitası ilə oturub son çözüm anını – 2003-cü ilin oktyabrını səbirsizliklə gözləməyə başlayır.

Müxalifətçilər “Qələbə” meydanına yüz minlərlə mitinqçi toplayır, milli-demokratların hakimiyyətə qayıdacağına bel bağlayırlar.

Mən o vaxtlar mitinq meydanındakı tribunanın yaxınlığında Musabəyovla elədiyim söhbəti heç vaxt unutmaram. Elçibəyin adamı ilə qohum olmasına baxmayaraq Musabəyovu tribunaya yaxın buraxmırdılar. O, hələ də “özününkülər arasında özgə” olaraq qalırdı.

Aramızda belə dialoq olur: “Doğrudanmı siz yenə də onların hakimiyyətə qayıtmasını istəyir, buna çalışırsınız? Yenə də Pənah Hüseyn və İsgəndər Həmidov?”

Musabəyov üzündə az qala yaxınlıqdakı qələbənin ləzzətindən doğan sevinc ifadəsi belə cavab verir: “Bu dəfə onlar olmayacaq. Başqaları olacaq”.

Əlbəttə ki, bu zaman o, özünü və milli satqınlar ordusunun yeni dəstəsinin nümayəndələrini nəzərdə tuturdu.

Sən demə, milli-demokratların tərəfdarlarından kimsə bizim aramızdakı bu dialoqun şahidi olubmuş. Musabəyovun bu etirafı onların xoşuna gəlmədi. Onlar Musabəyovu topa tutdu. O isə qorxaqcasına dərhal geri çəkildi. Bir dəqiqə əvvəl dediyi sözü dəbbələməyə, boynundan atmağa çalışdı.

“Siz bu adamların uğrunda mübarizə aparırsınızmı?” – bunu deyib özləri özlərini satmış qorxaq qisasçıların aksiyasını yeyin addımlarla tərk etdim…

Əlbəttə, Musabəyovun müsavatçılıq ideyasına sadiq qaldığını düşünmək sadəlövhlük olardı. O, elə asanlıqla, özünə əminliklə, heç nədən çəkinmədən və özünəməxsus utanmazlıqla satır ki…

Müsavatçı qılafı və kommunist keçmişi olan bu politoloq milli bolşevizmin labüd iflasını hiss edən kimi onun çaşqın baxışlı yaltaq siması simasız və kəmsavad Elnur Aslanovun nurçular dəstəsində peyda olur. Tamamilə sınmış, əyilmiş bu adam geri çəkilmək üçün ən alçaldıcı şəkildə yollar arayır, yeni hakimiyyət partiyasına soxulmaq ehtirası ilə alışıb-yanır. Musabəyovu dayandırmaq yenə mümkün olmur, o, yenə dayanmır və partiya dostlarını yenə satır. Musabəyov doğma Müsavatdan istefa verdiyini hay-küylə bəyan edir. Xoşbəxtlikdən, buna siyasi fahişənin  yararlılıq müddəti də imkan verir. Çünki Elçibəyin “ilham pərisi” də əvvəlki cazibədarlığını itirmiş, hakimiyyətin ən qatı tərəfdarına və məddahına çevrilmişdi. O, yeni hakimiyyətin adından elə danışırdı ki, hakimiyyətə sanki Müsavat gəlmişdi.

Yaxşı ki, yeni parlament konsepsiyası da Musabəyova həddən artıq əlverişli və uyğun idi. Özünü müxalifət adlandıran partiyanın simasını tam açıb göstərmək üçün parlamentin bu heyətində satqınlar üçün də müəyyən kvota ayrılmışdı.

Qırmızı mandatını alan Musabəyov yenidən Milli Məclisə qayıtdı. Bu dəfə sədr müavininin qəbul otağında oturan müşavir-katibə kimi yox, deputat kimi. Musabəyov parlamentdə Heydər Əliyevi açıq-aşkar qisas və ölümlə hədələyən digər cəbhəçi ilə – Fərəc Quliyevlə yanaşı oturdu. Riyakarlar bir yerdə idi, bir cərgədə səf tuturdu.

“Rasim bəy, bəs bu necə oldu k, siz müxalif düşərgədən çıxıb getdiniz və yenidən partnomenklatura sıralarına qayıtdınız?” – deyə 2013-cü ildə, “Qəbələ” meydanındakı söhbətimizdən 10 il sonra Fransa səfirliyinin təşkil etdiyi qəbulda deputat Musabəyovdan soruşuram.

“Doğrduanmı sənə elə gəlir ki, mən bu yaşımda mübarizə aparacağam?! Cəhənnəm olsun, nəyimə lazımdır axı?!” – Musabəyov gülüb özünəməxsus şəkildə beləcə də cavab verdi.

Pis oldum. Tarix hələ belə həyasızlıq görməmişdi.

Əgər Musabəyov sabah “Respublika” qəzetinə müsahibəsində fəxrlə “mən Əliyevə qarşı və Xalq Cəbhəsi üçün işləmişəm” desə, mən buna əsla təəccüblənmərəm. Virtuoz, mahir və mükəmməl bir satqınlıq və xəyanət! Xəyanətkarlıq hələlik heç kimdə belə mükəmməl alınmayıb! Buna heç kim nail olmayıb!

Mən deputat Musabəyovu niyə xatırladım? Parlament seçkiləri yaxınlaşır. 5 illik deputat karyerası ərzində ağzını açıb parlament tribunasından bircə dəfə də danışmayan Musabəyov və onun kimi daha neçə adam seçicilərini qəfildən yada salıb öz seçki dairələrinə cumacaqlar ki, mandatı yenə sinələrinə sıxıb əzizləsinlər. Bu mandat onlara özlərini hakimiyyətlə eyniləşdirmək imkanı verir.

Burada adamın ürəyindən bu sualı vermək keçir: sizin dövranınız nə vaxt bitəcək, yoldaş Musabəyov?

Həmçinin oxuyun

Kollec məzunları bu il universitetə imtahansız qəbul olacaq – Şərtlər

Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər. “Qafqazinfo” …

Bir cavab yazın