Bazar ertəsi , May 20 2019
Ana səhifə / Aktual / BDYPİ öz rüşvətxor əməkdaşlarını niyə rəsmən müdafiə etmək istəyir?

BDYPİ öz rüşvətxor əməkdaşlarını niyə rəsmən müdafiə etmək istəyir?

18 may 2018 tarixində sosial mediada “Diqqət! Yol polisini kameralara çəkən sürücülər həbs olunacaq” sərlövhəli yazı dərc olunmuşdu. DİN-nin BDYPİ-sinin sürücülərə rəsmi xəbərdarlığı kimi ictimailəşdirilən bu elan birmənalı olaraq qanunsuzluğunun hüquqa, polis özbaşnalığının haqq və ədalətə meydan oxuyuşundan başqa bir şey deyildi və haqlı olaraq ictimai narazılıq yaradırdı. Çünki hər kəsin özünün bilavasitə iştirak etdiyi münasibətləri qanunla müəyyən edilmiş qaydada videoçəkilişlə qeydə almaq hüququ var. Əgər yol patrul xidməti əməkdaşı özbaşnalıq etmirsə, vəzifə səlahiyyətlərini aşmırsa ,öz vəzifəsini qanuna müvafiq qaydada səlahiyyətləri çərçivəsində yerinə yetirirsə, çəkilişdən nə üçün ehtiyyat etməlidir? Onların əksəriyyətinin üzərində videoqeydiyyat cıhazı sönmüş vəziyyətdə olur. Bunun səbəbi isə məlumdur. Kənardan çəkiliş və müsahibə üçün icazə tələb oluna bilər, bunun üçün mətbuat nümayəndəsi olmalısan. Amma şəxsin özünə aid münasibətlərini qeydə alınmasına heç kim qadağa qoya bilməz. Vətəndaş şahidsiz və ya qeydiyyatsız münasibət qurmaq istəmir. Çünki etibar etmir, qarşısındakı YPX  əməkdaşı hansı qanunsuzluqlar törədər və sonradan bunu təkzib edə bilər. İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinin aşağıdakı  (Maddə 535. Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama)

“535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə –

fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur”

məzmununun videoçəkilişi qadağan etmə kimi təvsir edilməsinin heç bir qanuni əsası yoxdur. Çəkiliş və yayımın mahiyyəti əgər ictimai əxlaqa zidd deyilsə, milli, dini, irqi qarşıdurma yaratmırsa, öz hərəkətlərini və münasibətlərini çəkilişlə qeydə alaraq yaymağın  hüquqa zidd tərkibi ola bilməz. Gizli hərbi hissələrin, silah sursat anbarlarının, dövlət sirri sayılan məlumatların  qanunsuz çəkilişi və yayımı istisna edilməklə şəxsi video, səsyazma və foto şəkil qeydiyyatına qadağa qoyula bilməz.

 

Azərbaycan Respublikası Konstitutsiyasına nəzər salaq.

 

 Maddə 50. Məlumat azadlığı

I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

 II. Kütləvi informasiyanın azadlığına təminat verilir. Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır.

 

III. Hər kəsin kütləvi informasiya vasitələrində dərc edilən və onun hüquqlarını pozan və ya mənafelərinə xələl gətirən məlumatı təkzib etmək və ya ona cavab vermək hüququna təminat verilir.

Müddəanın III hissəsindən məlum olur ki, istənilən şəxs onun barəsində həqiqəti əks etdirməyən məlumatların yayılmasına görə mətbuatda təkzib etmək, məhkəmə qaydasında müvafiq qanunvericiliyə uyğun olaraq pozulmuş hüquqlarının, şərəf və ləyaqənin, işgüzar nüfuzunun bərpa edilməsi üçün müraciət etmək hüququ vardır. BDYPİ rəhbərliyi belə xəbərdarlıqda öz qoçularının, savadsız və polis adına ləkə gətirən rüşvətxor əməkdaşlarının özbaşnalığını müdafiə edir. Bu nə deməkdir? Bu nə özbaşınalıqdır ? Əgər DYP əməkdaşı vəzifə səlahiyyətlərini aşarsa, vəzifəsindən sui-istifadə və rüşvət tələb edərsə, plan doldurmaq xatirinə qanunsuz cərimə yazarsa onun bu hərəkətlərini sürücü sübut etmək üçün nə etməlidir?

Əgər bu orqanın başında dayanan şəxs rəhbərlik etdiyi qurumu saflaşdırmaq, ölkə rəhbərliyinin korrupsiya ilə mübarizə çağırışlarına əhəmiyyət vermək istəmirsə, deməli, bu xəbərdarlıqda haqlıdır. Hər bir təşkilat əslində rəhbərlik etdiyi orqanların fəaliyyətinə ictimai nəzarətin olmasında özü maraqlı olmalıdır ki, vəziyyətə düzgün nəzarət edə bilsin. Ölkə başçısı ictimaiyyətə müraciət edir ki, korrupsiya və rüşvətlə mübarizədə ona dəstək versinlər, yerlərdə hamılıqla mübarizə aparsınlar, BDYPİ isə yaramaz əməkdaşlarına dolayı yollarla qahmar çıxır.

Bizi ölkə olaraq bütün dünyada rüsvay edən, AŞPA- nümayəndələrmizin qovulması timsalında beynəlxalq nüfuzumuza xələl gətirən nəticələrə səbəb olan belə təşkilatlar və orqanların başında dayanan çoxillik “kolbitkiləri” çoxdan təmizlənməliydi. Bircə BDYPİ-nin ictimaiyyətə meydan oxumağı qalmışdır. Bugünə qədər mən hələ YPX əməkdaşının yolda sıradan çıxmış vətəndaşa yardım etdiyini eşitməmişəm. İnzibatçılıqdan başqa xalqa hər hansı xidmət göstərdiyini görməmişəm. Heç olmazsa başınızı qaldırıb qonşu Gürcüstana baxın. Mən bir dəfə ailəmlə Gürcüstanda şəxsi avtomobilimlə hərəkət edirdim. İlk dəfə gedəcəyim istirahət və müalicə mərkəzinə çatmaq üçün hökmən ya yerli vətəndaşlardan məlumat almalıydım, ya da polis əməkdaşlarından. Mən polis əməkdaşlarını seçdim. Çünki onlar az qalırdı işlərini atıb sürücüləri yola salsınlar. Hər postda telefon nömrələrini də verirdilər ki, yolu tapa bilməsək zəng edib onlardan soruşaq. Mən sanki dünyanın tamam fərqli guşəsinə düşmüşdüm. Polis görərkən sevinirdim ki, bələdçi tapmışam. Onlar bütün insanlara ləyaqətlə xidmət edirdilər. Bunu bütün qonaqlar və bütün dünya görürdü.

Ölkəmizdə isə bəzi DYP əməkdaşları xidmət nə olduğunu belə bilmirlər. Xarici qonaqlar gələndə sanki iynə üstündə oturursan; bircə narahatlığın o olur ki, kobud və qaba polis əməkdaşı onlara yaxınlaşıb bizi rüsvay etməsin. Çünki əksəriyyəti savadsız və kobud xarakterli insanlardır.

Əslində İnkişaf etmiş ölkələrdə Yol Patrul Xidməti ayrıca qurum deyil. Bizdə BDYPİ sanki Nazirlik daxilində ayrıca bir nazirlikdir.  Bu məsələyə çoxdan baxılmalıydı. Təəssüf ki, hələ də ləngidilir. Hesab edirəm ki, DİN, dövlət və hökumət nümayəndələri bu məsələni çoxdan qaldırmalıydılar.

 Elçin Qurbanov

Həmçinin oxuyun

Müəllim məsuliyyətsizliyi ucbatından dəhşətli qəza, şagird günlərdir komadadır – VİDEO, FOTO

Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov redaksiyamıza gələrək şikayətlənib. O, qeyd edib ki, …