Çərşənbə axşamı , Mart 19 2019
Ana səhifə / Aktual / BDU-nu qırmızı diplomla bitirən otel xidmətçisi

BDU-nu qırmızı diplomla bitirən otel xidmətçisi

Aliyənin əlləri bir dəqiqə belə dinc dayanmır: gah tez-tez masaya çay dəstgahı yığır, gah mili əlinə alıb toxuyur – əlindən hər bir iş gəlir. “Bax, bu əynimdəki jaketi də özüm toxumuşam”, – deyir. “Bəs – oteldə xadimə işləmək adamı öz evini yığışdırmaqdan bezdirmir ki?”, soruşuram. “Yox, – cavab verir, – evdə əzizlərim, doğmalarım üçün yığıb-yığışdırıram, bunu ürəklə edirəm. Oteldə isə bir şey düşünürsən: təmizliyi tez bitirəsən və işi də mükəmməl görəsən”.
Aliyənin otuz beş yaşı var. Ailəlidir, yeganə oğlu məktəbdə oxuyur. Özü də ali təhsillidir: BDU-nun fizika fakültəsini qırmızı diplomla bitirib, Elmlər Akademiyasında işləyib. Sonradan dil-ədəbiyyat üzrə şagird hazırlayıb. Uşaq məktəbə gedəndən sonra isə bir müddət işləməyib.
“Yoldaşımla hələ tələbə ikən tanış olmuşduq, evləndik. Yoldaşım ustalıq edirdi, bir ara fəhlə kimi işlədi, alverlə də məşğul olub. “Arvad işləməz, evdə oturub, uşaqlara, ailəsinə baxar” deyib işləməyə qoymadı. Amma qazancı ailəyə heç çatmırdı, həm kreditlər bizi üzmüşdü, həm də uşaq böyüyürdü, əyin-baş lazım idi. Yoldaşım oteldə işləməyimi istəmirdi, amma ayrı əlac yox idi. Məcbur qalıb razılıq verdi. Əvvəlcədən düşünürdük ki, bir-iki həftə işləyib çıxacam. Əvvəlcə əmək haqqımı günəmuzd verirdilər – gününə 20 manat.
Baldızım neçə il müxtəlif otellərdə işləyib. Onunla məsləhətləşib, mən də qərar verdim ki, oteldə işə düzəlim.
Bir neçə otelə CV göndərmişdim, şəhərdəki iri otellərin birinə çağırdılar. Təcrübəm yox idi, amma internetdə otel işi haqqında xeyli oxudum, videolara baxdım. Mənimlə müsahibə aparan menecer söhbətimizdən sonra dedi: “Sizin üçün boş yer yoxdur, xadimə işini isə sizə qıymaram”. Dedim, imkansızam, ona görə xadimə işinə də razıyam.
İş günüm saat səkkizdə başlayırdı, sonradan isə doqquzun yarısına keçirdilər – onsuz da qonaqlar səhər saat doqquz-ondan tez oyanmırlar. Oteldə qonaqların qalması üçün on iki mərtəbə nəzərdə tutulub. Hər mərtəbədə on beş otaq var.
Əvvəlcə aşağı mərtəbədəki anbardan iki plastik torbalara müştərilə verilən şəkər, çay kimi əşyaları ayrıca yığırsan. Hər bir xidmətçinin xüsusi kimyəvi təmizləmə üçün də zənbili var.
Bu əşyaları yığıb – həm zənbil, həm çay-şəkərlə dolu torba, hərəsi beş kilo olardı – zirzəmidən öz mərtəbənə qalxmalısan. Qonaqlar üçün oteldə üç geniş lift olsa da, işçi heyəti üçün yalnız bir, kiçik ölçülü lift var idi. Bundan sonra öz mərtəbənə qalxıb öncədən gizlətdiyin arabacığı tapmalısan.
Bir xadiməyə on yeddi, on səkkiz, bəzi günlərdə isə iyirmi otaq düşürdü, bəzən xadimələr üç mərtəbə arasında hərəkət etməlidirlər. Yük liftinə isə yalnız bir arabacıq yerləşir.
Arabacığın yığılma qaydaları var: yuxarıda çay, şəkər, salfet, tualet kağızı və s. orta səviyyədə yataq dəstləri, dəsmallar, aşağıda – təmizləyici vasitələr. Əvvəllər yataq dəstləri heç çatmırdı – çamaşırxanadan təzə, təmiz dəstləri gətirməyi çatdırmırdılar.
İşinə hazırsan, amma birdən həmkarın – başqa xadimə gəlir və deyir: “Bu arabacığı dünən özüm üçün yığmışam, get, özünə başqasını axtar”. Nə edəsən, mərtəbə-mərtəbə qaçıb başqasını tapmalısan.
Nömrənin qapısında yaşıl işıq yanırsa, qapını üç dəfə döyüb, içəri daxil olurdum, qırmızı yanırsa – heç yaxınlaşmırdım, heç biri yanmırsa – ehtiyatla qapını döyürdüm.
Standarta görə bir otağın yığışdırılmasına 40 dəqiqə sərf edilir, amma elə olurdu ki, bir nömrəyə iyirmi dəqiqə, elə də olurdu ki, saat yarım vaxt sərf edirdim.
Əvvəlcədən qapını açaraq arabacığı qapının ağzına qoyuruq – yəni ki, bu nömrədə təmizlik işləri gedir. Əvvəlcə nömrədə bütün işıqları yandırırsan – yoxlayırsan ki, bütün lampalar yanırmı? Daxil olan kimi əlindəki plastik torbaya iri zibilləri yığırsan. Otağın sonuna çatıb pərdələri açırsan, baxırsan: kirli ola bilər və ya siqaretlə yandırılmış.
Siqaretə icazə verilən və icazə verilməyən nömrələr var idi, amma booking.com saytından olan qonaqlar VİP qonaq sayılırdı və özlərini elə apara bilərdilər ki, onlar üçün bu qayda yazılmayıb.
Bundan sonra dərhal yataq dəsti çıxardılır. Cibində köhnə dəst üçün torba olmalıdır. Yataq dəstini dərhal çıxarırsan, hamam otağına çatana kimi isə otaqda qalmış, hamam otağındakı, dolablardakı bütün zibilləri yığırsan.
Qonaq otağı üç-dörd günlük tutubsa, yatağı iki gündən bir dəyişilir. Müştəri nömrəni booking.com saytı vasitəsi ilə sifariş edibsə, hər gün dəyişməlidir. Qonaq oteli tərk edəndə isə bütün nömrə təmizlənir və təzələnir.
İlk zamanlar xadimə üçün ən ağır iş – yataq dəstinin dəyişdirilməsidir. Yataqlar böyük ölçüdə olur və onları tez dəyişmək üçün hər xadimənin öz kiçik sirri var.
Bəzi müştərilər pinti olurlar, otağı çirkli saxlayırlar. Təsəvvür edin, elə müştərilər olub ki, nömrənin üç metrlik tavanında şokolad ləkələri görmüşük.
İki uşaqlı bir ailə oteli tərk edəndən sonra qaldıqları nömrə bir həftə təmizlik işləri üçün bağlandı. Gənc, ölkəyə əylənmək üçün gələn qonaqların otaqlarının yığışdırılması üçün xüsusi vasitələrdən istifadə edilirdi…
Bəzən qonaqlar bütün qohum-əqrabaları ilə bir nömrədə qalmaq istəyirdi. Otelin qanunlarına görə, bir- iki nəfərlik yatağı olan otağa əlavə bir nəfərlik və iki uşaq yatağı əlavə oluna bilər. Bəzən bir nömrədə qalmaq istəyənlərin sayı o qədər olurdu ki, bu da bəs etmirdi, onda da onlar yataqlarını yerdən sərirdilər.
Oteldə “çaypulu”
Bizim oteldə çaypulu o qədər də deyildi. Eşitdiyimə görə, elə otellər var ki, xadimələr aldıqları çaypuluna, heç maaşı gözləmədən rahat yaşaya bilərlər. Yeri gəlmişkən, oteldə çaypulunu yalnız xadimə və “bellboy” (qonaqların əşyalarını qapıdan otaqlarına kimi aparan otel işçisi -red.) ala bilər
Aldığım ən böyük çaypulu on manat idi.
Adətən, xadiməyə çaypulu vermək istəyirsinizsə, onu ya yatağın üzərinə, ya da ki, yatağın yanındakı dolabların üstünə qoymaq olar. Bu, yalnız oteldə yaşayan qonaqlara aiddir. Sadə otaq xidməti zamanı yataq və dolablardan başqa tapılan pullara toxunmağa xadimənin ixtiyarı yoxdur. Oteldən çıxış zamanı otaqda seyfdən başqa istənilən yerdə qalan pullar tam məbləğdə xadiməyə çatır.
Yadımda qalan ən qəribə çaypulunu nömrəni dağınıq halda qoyan qonaqlardan olub: hər iki yastığının üstündə bir dollar məbləğində əskinaz var idi. O pulları heç bir bank dəyişmək istəmədi, tanışlıqla dəyişə bildim.
Bir yaşlı xadimə İtaliyadan gəlmiş cütlüyün otağını yığışdırdığına görə xırda puldan başqa məktub da almışdı: italiyan dilində əla xidmət üçün minnətdarlıq və sonda ürək şəkilini paylaşan bu kiçik kağız parçası xadimə üçün ən əziz hədiyyə oldu; sonradan həmin məktubu elanlar lövhəsinə bərkitdilər ki, digər xadimələr üçün də stimul olsun, yəni, baxın, necə işləmək lazımdır.
Oteldə qalan qonaqlar, adətən, xadimə ilə qarşılaşmırlar və onları bir kölgə kimi qəbul etməyə öyrəşirlər. Xadimə də müştəri ilə qarşılaşmağa meyilli deyil. Amma elə qonaqlar olur ki, xadiməni yalnız özləri otaqda olarkən çağırır. Bu, əlbəttə ki, daha məsuliyyətli vəziyyətdir: səhvə və ya səhlənkarlığa heç bir imkanın yoxdur.
Əlbəttə ki, xadimənin qonaqla otaqda tək qalması haqqında danışanda, ağlımıza təcavüz də gələ bilər. Faktiki olaraq, xadimə xanım heç nədən sığortalanmayıb; nəinki otaqda, bütün mərtəbədə o, təkdir. Düzdür, aşağıdan mühafizə xidmətini çağıra bilər, amma hər halda bu vəziyyət müəyyən gərginlik yaradır.
Bir neçə dəfə olub ki, xadimə xanımlar bəzi müştərilərdən nalayiq təkliflər alıblar. Adətən, bununla daha yaşlı xadimələr qarşılaşıb; birtəhər, söhbəti zarafata çevirib, vəziyyətdən çıxırlar. Amma, təəssüf ki, belə müştərilərə qarşı heç bir tədbir görülmür. Çox nəzakətli şəkildə “hörmətli qonaq, artıq dərəcədə üzr istəyirik, amma siz özünüzü nalayiq aparırsınız” sözlərinin nə təsiri ola bilər? Təbii ki, xadimə xanımdan üzr istəmək heç kəsin yadına düşmür”.
Oteldə qalmış əşyaların taleyi necə olur?
Qonaq otaqdan çıxdıqdan sonra hər hansı müştəriyə məxsus əşya tapılırsa, onlar xüsusi paketə yığılır, üzərinə tarix, tapanın adı qeyd olunur. Qonaq tərəfindən heç bir iddia və ya tələb gəlməsə, xadimə tapdığı əşyaları özünə götürə bilər.
Yeyinti məhsullarını dərhal, şampun, ətir, digər xırda əşyaları – iki həftədən sonra, geyim, yataq aksesuarlarını üç aydan sonra, zinət əşyaları və bijuteriyalar isə yarım ildən sonra götürə bilərik.
VİP otaqları tutan qonaqlar daha tələbkar olur, onlara xidmət də ciddidir. Hər bir VİP otaqda bir səbət meyvə qoyulur, yataqları hər gün dəyişdirilir, tələbə görə, bu otaqlara əlavə bir yox, iki yataq gətirilə bilər”.
Bir neçə aydan sonra Aliyəni koordinator vəzifəsinə keçiriblər. Koordinatorun vəzifəsi telefon qarşısında oturub qonağı, xadiməni, mühafizə xidmətini, restoranı, mühəndisləri bir-biri ilə əlaqələndirmək və hər birinin problem və suallarını həll etməkdir.
“Otelin bütün daxili sistemi, işi yalnız bir telefon və bir koordinatordan asılıdır. Növbə səhər saat 7-də başlayıb günorta 4-də bitirdi, amma mən çox vaxt axşama qalırdım. İş günüm 12 saata kimi davam edirdi. Elə olurdu ki, dəqiqədə əlli-altmış zəng gəlirdi. Onları qarışdırmamaq, bütün tapşırıqları düzgün icra etmək üçün çox diqqətli və səbirli olmalısan. Yerindən tərpənə də bilmirsən. Amma təvəzokarlıqdan uzaq olsa da, deyə bilərəm ki, bu iş yerində heç bir səhvim olmayıb.
Bütün məsuliyyət koordinatorun üzərində olsa belə, xadimə ilə maaşımın fərqi əlli manat təşkil edirdi.
Oteldə xadimə işində axın böyükdür: yeni işçilər elə olurdu ki, iki həftədən artıq işləmirdi. Bəzən yarım günlə kifayətlənən də var – həm iş ağırdı, həm də ki, otelimizdə təmizlik standartları yüksək səviyyədədir deyə çoxu tab gətirmir.
Aliyədən soruşuram: “Sən Elmlər Akademiyasında işləmisən, elmlə məşğul olmusan, elmi fəaliyyətlə heç bir əlaqəsi olmayan işi qəbul etmək çətin deyildi?”
Gülümsəyərək cavab verir: “Fəaliyyət növünün dəyişdirilməsi insanı da dəyişir. Təbii ki, elmi fəaliyyət sənin ətrafında, oxuyan, elmlə, kitabla maraqlanan bir mühit yaradır. Məşğul olduğun iş sənin çevrəni yaradır. Təəssüflənmirəm, bu işimdə xeyli həyat təcrübəsi qazandım”.
Amma “qazancının” biri də ailəsinin dağılması olub:
“Yoldaşım işdən gec gəldiyinə görə narazı idi; məndən xüsusi qayğı istəyirdi: dolma büküm, düşbərə bişirim. Mən isə evə yorğun-arğın çatırdım, özümü evə ölü kimi salırdım. Elə olurdu ki, işdən saat doqquzda çıxırdım, səhər isə saat 7-də yenə də işdə olmalı idim. Yoldaşım isə o zaman artıq işləmirdi və evdə otururdu, amma mənə də kömək etmirdi. Hətta məni nalayiq sözlərlə təhqir edirdi: Allah bilir, sən o işdə nəylə məşğulsan ki, evə belə gec gəlirsən! – deyirdi. Mənimsə on səkkiz otaq yığışdırmaqdan sonra heç danışmağa halım da yox idi…”
Müştərilərə tövsiyyələr
Aliyənin otel müştərilərinə tövsiyyələri də var:
“Bir çox oteldə yüksək təmizlik standartlarına baxmayaraq, yuyucu vasitələr, inventar qıtlığı olur. Ona görə də istənilən otelə gələrkən, nömrədəki stəkan, fincanları öz əllərinizlə yumadan onlardan istifadə etməyin. Olur ki, onları bütün otağı təmizlədikləri dəsmalla silirlər.
Çox vaxtı internet saytlarındakı şəkillər otaqların həqiqi görünüşü ilə uyğun gəlmir. Buna görə otelə gələrkən, sizin əvvəlcə tutduğunuz otağa baxmağa ixtiyarınız var.
İşçi heyətinin növbələri dəyişəndə müəyyən qarışıqlıq yaranır. Siz həmin zaman zəng edib tapşırıq versəniz, onun icrası daha çox vaxt tuta bilər. Buna görə səhər saat 6-8, günorta saat 3-4 aralığında otaqdan zəng edib tapşırıq verməkdən çəkinin.
Və bir çox qonağın unutduğu əsas məqam: otelə gələrkən unutmayın ki, siz müştəri olmağınıza baxmayaraq, sadəcə, qonaqsınız. Və otaqda sizə xidmət göstərən otel işçisi də özünü kölgə kimi aparsa belə insandır və nömrənizdə özgə adamın varlığını unutmayın”.

Həmçinin oxuyun

Ərdoğan Putinin dəvətini qəbul edib Krıma gedəcəkmi?

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Krımda Cümə məscidinin açılış mərasiminə dəvət …