Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / BDU-da yeni rektor – köklü islahatlar olacaqmı?

BDU-da yeni rektor – köklü islahatlar olacaqmı?

Bakı Dövlət Universitetinin Abel Məhərrəmovdan sonra boşalan rektoru vəzifəsinə nəhayət təyinat oldu. Xəbər verildiyi kimi prezident İlham Əliyev bu vəzifəyə AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, Prezident yanında Elmin İnkişafı Fondunun rəhbəri, elmlər namizədi elmi titulu daşıyan Elçin Babayevi təyin edib. Bəs bu təyinat, yeni rektor 100 ilə yaxn yaşı olan BDU-ya nə vəd edir?

Nüfuzlu təhsil eksperti Etibar Əliyev hesab edir ki, yeni təyin olunan rektor Elçin Babayev təcrübəli alimdir və əgər öz ətrafında ciddi kadrlar toplaya bilsə, yaxın zamanda Bakı Dövlət Universitetində əhəmiyyətli sıçrayışlar görə biləcəyik.

Ekspert deyir ki, BDU digər universitetlər arasında rəqabət mühitinin formalaşmasında praktiki olaraq iştirak etmir və bu da universitetdə indiyə qədər islahatların zəif həyata keçirilməsi ilə bağlıdır.

Etibar Əliyev yeni rektoru çox yaxşı tanıyır…

“Elçin Babayevi çox yaxşı tanıyıram, 1981-86-cı illərdə onunla Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxumuşuq. Sonra təyinatla Kosmik Tədqiqatlar Elm – İstehsalat Birliyində işləmişik. Onun psixoloji portretini belə cızardım: öz üzərində çalışan, möhkəm xarakterli və intizamlıdır. Hər halda ona çox böyük vəzifə həvalə olunub. Universitetin tarixində yaxşı rektor kimi qalmaq şansı var. Bu şansı itirməməlidir. Bununla yanaşı, bu il Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi təntənəli şəkildə qeyd olunacaq. 100 yaşlı Universitetin rektoru üzərində bu tarixin də məsuliyyətini hiss etməlidir. BDU-da çoxşaxəli islahatlar həyata keçirilməlidir. Xüsusən təbiət elmləri sahəsində laboratoriyalar çox pis vəziyyətdədir və bu da tələbələrin tədqiqata marağını azaldır. Elm və təhsilin birliyinə nail olmaq, həmçinin təhsil mühitinin yaxşılaşdırılması üçün tədbirlər görmək lazımdır”, – E. Əliyev bildirib.

E. Əliyev həmçinin yeni təyinatdan sonra rektorun niyə professor, akademik deyil, elmlər namizədi olması ilə bağlı fikirlərə də münasibət bildirib. Deyib ki, bundan əvvəl də BDU-nun elmlər namizədi rektorları olub: “Xatırladım ki, E. Babayev universitetin tarixində 3-cü elmlər namizədi rektordur. 1965-ci ildə universitetə rektor təyin olunmuş fizika-riyaziyyat elmləri namizədi Mehdi Əliyev yüksək elmə və təşkilatçılıq bacarığına malik olan rektor kimi dəyərləndirilir. O, Azərbaycan dilində dərslik, dərs vəsaitlərinin hazırlanması, fizika üzrə terminologiyanin tərtibi kimi işlərə xüsusi əhəmiyyət verib, tələbələr üçün bir çox vacib dərslikləri rus dilindən Azərbaycan dilinə tərcümə edib. 1992-cü ildə isə BDU-ya hüquq elmləri namizədi Firudin Səməndərov rektor təyin olunub. Çox təəssüflər olsun ki, belə şəxsiyyətləri tez unuduruq”.

BDU dünyada 3600-cı yerdədir, yaxşı işləsə…

Digər təhsil eksperti Kamran Əsədov da yeni təyinatdan sonra universitetdə bir sıra dəyişikliklərin və islahatların olacağını düşünür.

“Azərbaycanda fəaliyyət göstərən universitetlərdən fərqli olaraq Bakı Dövlət Universitetinin imkanları, maddi-texniki bazası, kadr potensialı daha genişdir. Bu dünya reytinqində irəliləməyə, dünyanın reytinqli universitetinə çevrilməyə imkan verir. Hazırda dünya reytinqində BDU 3600-cü yerdədir. Düşünürəm ki, bu potensialdan istifadə olunsa, layihələr üzərində işlənilsə, 2-3 ilə o, ilk 1000-likdə ola bilər. Ona görə də bu yeni təyinatı çox yüksək qiymətləndirirəm”, – deyə ekspert virtualaz.org-a açıqlamasında bildirir.

Ekspert deyir ki, bu gün artıq ənənəvi elm, təhsil ikinci plandadır. Hazırda dünya universitetlərinin reytinqi onun məzunlarının əmək bazarında uğuru ilə müəyyən olunur: “Universitetin reytinqinə təsir göstərən 3 vacib amil var: yataqxana təminatı, xaricdən tələbə qəbulu, elmi-tədqiqat işlərinin aparılması. Universitetin reytinqli olması üçün bu vacib addımlar atılmalıdır: birincisi, universitetin yataqxana təminatı həll olunmalıdır. Çünki hələ də, BDU kimi nüfuzlu universitetin bütün tələbələrini demirəm, heç olmasa, müəyyən hissəsini əhatə edəcək tələbə yataqxanası olmalıdır. İkincisi, elektron universitet qurulmalıdır. Tələbə evində oturub mühazirəni dinləməyi, izləməyi bacarmalıdır. Universitetin elektron xidmətlər bazası formalaşmalıdır”, – K. Əsədov qeyd edir.

Yeni rektora tələbələrin əli çatacaqmı…

Ekspert bildirir ki, digər vacib məsələ isə, universiteti idarə edənin əlçatımlılığının olmasıdır. İndiyə kimi BDU-da tələbələr yalnız bir neçə mərhələli prosesdən sonra rektorla görüşə bilərdilər. 20 min nəfərdən artıq tələbəsi olan universitetdə rektorla həftədə cəmi 2 dəfə 3 saat müddətinə görüş olurdu. Müraciət edənlərin isə 100 nəfərindən 90 nəfəri elə birinci mərhələdən yola salınırdı.

K.Əliyev deyir: “Universitetdə “start-up”lar olmalıdır. Həm də bunlar görüntü xatirinə olmamalıdır, BDU öz infrastrukturundan, kadr imkanlarından istifadə etməlidir. Öz brendini formalaşdırmalıdır, öz məhsulunu bazara çıxarmalıdır. Bu gün abituriyentlər BDU-ya ona görə üz tutmalıdırlar ki, əmək bazarında özlərinə rahatlıqla yer tapa bilsinlər. Düzdür, işə qəbul olunma sayına görə BDU ölkədə birincidir. Amma məzunlarının yalnız 50 faizi öz ixtisasına uyğun iş tapa bilir”.

K. Əsədov hesab edir ki, yeni rektor Elm Fondunun icraçı direktoru olduğu dövrdə ciddi layihələr həyata keçirilib. Ona görə də, yeni təyinatdan sonra BDU-da qrant layihələr sahəsində ciddi addımların atılacağı ehtimal olunandır.

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …