Şənbə , Aprel 20 2024
Ana səhifə / Bazarlarda ərzaq qıtlığı yaşanır, qiymətlər isə artmaqda davam edir – REPORTAJ, FOTOLAR

Bazarlarda ərzaq qıtlığı yaşanır, qiymətlər isə artmaqda davam edir – REPORTAJ, FOTOLAR

Manatın devalvasiyasından sonra ərzaq bazarında yaranan böhranlı vəziyyət davam edir. Bir tərəfdən ərzaq məhsullarının qiymətində gizli artım davam edir, digər tərəfdən isə alıcılıq azalıb. Hətta sosial şəbəkələrdə ölkədə ərzaq qıtlığının yaranması haqqında xəbərlər də dolaşmaqdadır.
Bəs, görəsən əslində, ərzaq bazarlarında, market və dükanlarda vəziyyət necədir?
Musavat.com-un müxbiri bu sualın izi ilə paytaxtdakı bir neçə marketə və meyvə-tərəvəz bazarına baş çəkib.
Əvvəlcə yolumuzu paytaxtın ən böyük meyvə-tərəvəz bazarlarından olan “Səkkizinci kilometr” bazarından saldıq. Bir vaxtlar adam əlindən tərpənmək mümkün olmayan bu bazarda indi tək-tük alıcı gözə dəyir. Alıcılığın azalmasınınn səbəbi isə qiymətlərin baha olmasıdır.
Əhalinin gündəlik ərzaq səbətinin əsas hissəsini təşkil edən kartof və soğanın kiloqramı 1 manata qalxıb. Satıcılar deyir ki, bunun günahkarı onlar deyil: “Biz bu məhsulu topdansatış mərkəzindən 85-90 qəpiyə götürürük, üstünə 10 qəpik qoyub, satırıq. Təzə kartofun qiyməti isə 2 manatdan başlayır. Ancaq qiyməti baha olduğu üçün alıcılar yaxın durmur. Alıcılar sadəcə, qiymətlərə baxıb, keçirlər. Əvvəllər gündə 50 manat gəlirimiz olurdusa, indi heç 20 manat da olmur. Alıcılıq zəifdir. İcarə haqqını belə, çatdıra bilmirik”.
Tərəvəz məhsullarından kök və kələmin qiymətində də artım var. Kökün kiloqramı 1 manata, kələmin kiloqramı isə 80 qəpiyə təklif olunur.
Xiyar və pomidorun qiyməti isə 4 manata qalxıb. Zirə pomidorunun 1 kiloqramının qiyməti 3-4 manat arasında dəyişir. Xiyarın qiyməti isə 2.5-4 manat təşkil edir.
Qiymət artımın səbəblərindən biri də bazarlara çıxarılan məhsulun az olmasıdır. Topdansatış mərkəzlərində yaranan qıtlıq qiymətləri artırmaq istəyən işbazların əlinə fürsət verir.
Satıcılar deyirlər ki, bir ay öncə bazarda məhsul çox idi və normal qiymətə alıb-satırdılar: “Əvvəl topdansatış mərkəzlərinə bir nəfər 2 yük maşını dolu meyvə-tərəvəz gətirirdisə, indi iki nəfər birləşib, 1 yük maşını gətirə bilir. Bunun bir səbəbi də mövsümlə bağlıdır, artıq ötən ildən qalan məhsullar tükənir. Digər bir səbəb isə, bayram günlərində gömrük idarəsinin işləməməsidir. Martın 19-dan etibarən xaricdən gətirilən məhsullar ölkəyə buraxılmır. Bazarda qıtlıq yarananda isə qiymət artır, çünki tələb çoxdur, təklif isə az…”
Ən çox bahalaşma isə xaricdən gətirilən meyvələrin qiymətində müşahidə olunur. Belə ki, əvvəl 2.3 manata satılan banan və kivi 2.6-3 manatdan təklif olunur. Əvvəl 1.5 manatdan satılan portağal və narıngi 1 manat bahalaşaraq, 2.5 manata qalxıb. 1 manata satılan yerli alma 1.5 manata təklif olunur.
Narın qiyməti keyfiyyətindən asılı olaraq, 2.50-4 manat arasında dəyişir. Həmişə 2-2.5 manata təklif olunan armudun müxtəlif sortlarının qiyməti 3 manatdan başlayır. Meyvələr əsasən İran, Türkiyə, Rusiya,Ukrayna və Hollandiyadan gətirilir. Bu məhsullar ölkəyə dollarla daxil olduğu üçün qiymət artımı da qaçılmaz olur.
Təbii ki, bu durum ən çox alıcıları narazı salır. Söhbət etdiyimiz alıcılar bazara girməyə peşman olduqlarını deyirlər: “Məcburuq ki, bəzi məhsulları topdansatış yerlərindən kisə ilə alaq. Artıq kiloqramla almaq sərf eləmir. Həddindən artıq qiymət artımı var. Hökumət bir yol tapıb, buna son qoymalıdır”.
Qeyd edək ki, bayramdan sonra qərzəkli məhsulların və ləpələrin də qiyməti dəyişməyib. Satıcılar deyirlər ki, alıcı olmadığı üçün qiyməti nə artırmağa, nə də endirməyə ehtiyac görmürlər. Bazarda qoz ləpəsinin qiyməti 10-17 manat, fındıq ləpəsi 12-15 manat, kişmiş 6-8 manat, şabalıd 5-6 manat, iydə-innab 4-5 manata təklif olunur.
Mərci və qaravaşağın qiyməti kəskin artıb. Əvvəl 1.3-1.5 manata satılan Türkiyədən gətirilən qırmızı mərci indi 2.4 manata satılır. Həmişə kiloqramını  70-80 qəpiyə aldığımız qaravaşağın qiyməti isə 1.4 manata qalxıb. Digər dənli bitkilərdən lobyanın, noxudun da qiymətində 20-30 qəpik artım  var.
Meyvə-tərəvəz bazarında işimizi yekunlaşdırıb, marketlərə üz tuturuq. İstər  satıcılar, istərsə də market rəhbərləri jurnalist olduğumuzu biləndə qiymətlərlə bağlı məlumat verməkdən boyun qaçırırdılar. Ancaq müşahidələrimizdən məlum olur ki, qiymətlər heç də yerində saymır, cüzi də olsa, artım var.
Əsasən gündəlik tələbat məhsulları olan qənd, şəkər tozu, yağ, yumurta və bəzi konservləşdirilmiş məhsullar bahalaşıb. Qəndin kiloqramı 1.2 manata, şəkər tozu isə 1 manata qalxıb. Yağların da qiymətində artım var.
Müxtəlif adlarda olan Yeni Zellandiya yağları 7.8-8 manata satılır. Duru yağlarda da 20-30 qəpik bahalaşma müşahidə olunur. Belə ki, əvvəllər 1 litrlik “Möcüzə” qarğıdalı yağı marketlərdə 2.8 manata təklif olunurdusa, indi 3.17 manata satılır.
Yumurta isə bayramda 7-8 qəpiyə satıldığına baxmayaraq, indi 10 qəpikdən təklif olunur. Müxtəlif çeşidlərdə düyünün hər kiloqramının qiymətində 10-20 qəpik artım var. Konservləşdirilmiş məhsullardan duzlu xiyar, tomat, moyanez və sair də cüzi miqdarda bahalaşıb.
Marketlərdə çörəyin qiyməti dəyişməz qalır, bəzilərində zavod çörəyi 35 qəpiyə endirilib. Lakin əksər marketlərdə çörəyin çəkisi azaldılıb və bahalaşma bu yolla konpesasiya edilib. Alıcılardan əldə etdiyimiz məlumatlara görə, bir çox şirkətlər məhsullarının qiymətini sabit saxlamaq üçün hiss olunmayacaq şəkildə çəkisini azaldıblar.
Durumu şərh edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, məhsulların çəkisinin azaldılması halları Azərbaycanda uzun müddətdir, tətbiq olunan bir təcrübədir və birmənalı olaraq, istehlakçıların hüquqlarını pozur: “Bahalaşma zamanı çəkinin azaldılması çoxdan mövcud olan bir haldır. Xüsusən də, çörəyin çəkisi ilə bağlı biz bunu vaxtaşırı müşahidə edirik. Bu bazara nəzarət edən dövlət qurumlarının səhv siyasətinin nəticəsidir. Hamıya məlumdur ki, satıcıya “barmaq silkələməklə”, inzibati yollarla qiyməti tənzimləmək mümkün deyil. Bazarın öz qanunları var. Ölkə başçısının “qiymət artımlarının qarşısını alacağıq” mesajı karter sövdələşmələrinə nəzarəti və monopoliyanın aradan qaldırılmasını nəzərdə tutur. Bu tələb satıcılara, istehsalçılara yönəlməyib. İstənilən məhsulun xammalı xaricdən gətirilirsə, yerli istehsal olsa belə, bu, onun qiymətinə təsir edir. Hökumət qiymətlərin sabit saxlanmasını tələb etdiyi üçün istehsalçı məcburən düşdüyü zərəri çəkini azaltmaqla bərpa etməyə çalışır. Ancaq istənilən halda, bu, istehlakçıların aldadılması deməkdir. Məsələn, məhsulun üzərinə 100 qram yazılır, ancaq içində 80 qram olur. Ancaq bu halların qarşısını zorla almaq olmaz. Hökumət gömrük rüsumlarını azaltmaqla, bazarda bolluq yaratmaqla, enerji daşıyıcılarının qiymətini aşağı salmaqla, bazara təsir etməlidir. Ancaq zor gücü ilə qiyməti aşağı salmaq mümkün deyil”.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.


























Həmçinin oxuyun

Vidadi Zeynalov 43 milyonluq əmlakını geri istəyir

“MTN işi”nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq …

Bir cavab yazın