Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / BAXCP-NİN BÖYÜK YALANI NECƏ İFŞA OLDU? –  Naxçıvanda üçrəngli bayrağın kimin qaldırması ətrafında böyük QALMAQAL

BAXCP-NİN BÖYÜK YALANI NECƏ İFŞA OLDU? –  Naxçıvanda üçrəngli bayrağın kimin qaldırması ətrafında böyük QALMAQAL

Azinforum.az Azərbaycanda rəsmi bayram kimi qeyd edilən “Bayraq günü” ilə bağlı maraqlı bir qalmaqalın izinə düşüb. Qeyd edək ki, bu qalmaqala səbəb Milli Azadlıq Hərəkatı dövründə yaşanan və müasir tariximizin bir parçası sayılan hansısa mühüm bir hadisənin təhrif olunması, kimlərinsə öz adına çıxmasından gedir. Məlum olduğu kimi,  1918-ci ildən sonra üçrəngli bayrağımız ilk dəfə  Naxçıvan MR parlamentində rəsmi dövlət bayrağı kimi qəbul edilib.

 Həmin vaxt bayrağın parlamentə kimin tərəfindən gətirilməsi məsələsini Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəzi funksionerləri öz adlarına çıxmaq istəyiblər. Hətta  deyilənə görə,  sözügedən partiyanın sədri Qüdrət Həsənquliyev bu dividenti tam patentləşdirmək niyəti ilə parlamentdə mövzu ilə bağlı xüsusi çıxış da edib. Apardığımız araşdırmadan sonra, belə qənaətə gəlrik ki, əslində, Qüdrət Həsənquliyevin özü də əsl həqiqətin necə olması barədə məlumatsız olub. Çox güman ki, bu məsələni öz adı ilə bağlamaq istəyən partiya funksioneri Telman Siyabov hadisəni ona təhrif edilmiş formada nəql edib. Amma Telman Siyabovla eyni partiyada təmsil olunan və həmin hadisələrin canlı şahidi olan Bünyamin Qəmbərlinin televiziyalardan birinə əsl həqiqəti danışması BAXCP-də ciddi qalmaqla səbəb olub. Bu diskusiyanın qızğın mərhələsində Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Fərəməz Allahverdiyev öz Feysbuk səhifəsində maraqlı bir şəkil paylaşaraq əsl həqiqətin nəcə olduğuna aydınlıq gətirib.

ramiz

Necə deyərlər, fakt qarşısında hami acizdir. Paylaşılan fotodan da görünür ki, həmin bayrağı parlamentin iclas zalına Telman Siyabov deyil, Fərəməz Allahverdiyev gətirir. Maraqlıdır ki,  hərakatçının paylaşdığı həmin foto bir neçə saatdan sonra onun səhifəsindən silinib. Məlumat marağımızı cəlb etdiyi səbəbindən, Azinforum.az həmin foto və yazını kopyalayaraq saxlayıb.  Qeyd edək ki, sözügedən paylaşıma şərh yazanlardan biri də tanınmış hərəkaçı, həmin hadisələrin birbaşa iştirakçısı olan Ramiz  Tağıyev  olub. O, qeyd edib ki, bəzi yaramazlar onlara aid olan şərəfli anları özüngüləşdirmək istəyirlər. Bu fikirdən də belə nəticə hasil olur ki, Ramiz Tağıyev də Fərəməz Allahverdiyevin doğru danışdığını təsdiqləmiş olur. Azinforum.az Fərəməz Allahverdiyevdən paylaşdığı foto və qeydi səhifəsindən niyə silməsinin səbəbi ilə maraqlansa da, keçmiş hərəkatçı bu suala cavab vermək istəməyib. Ancaq bizim əlimizdə olan materialın həqiqətən onun tərəfindən paylaşdığını təsdiqləyib. Əldə etdiyimiz məlumata görə, Fərəməz Allahverdiyevin təqdim etdiyi fakt BAXCP-də böyük qalmaqala səbəb olduğu üçün, ondan materialı silməyi xahiş ediblər. Azinforum.az  sözügedən hadisənin  tariximizin bir parçası olmasını nəzərə alaraq Fərəməz Allahverdiyevin sosial şəbəkədə paylaşdığı və sonradan sildiyi faktları yenidən olduğu kimi təqdim edir:

tel

 

“Bu şəkili paylaşmaqda özəl məqsədim yoxdur. Sadəcə olaraq, köhnə bir dostun israrlı ricasını nəzərə alıb, arxivimin bir küncündə ilişib qalmış şəkili paylaşıram.
Məsələ belədir ki, bayrağımız ilk dəfə Naxçıvan parlamentində rəsmi şəkildə dövlət bayrağı kimi qəbul olundu və çox mutluyam ki, həmin vaxt hələ millət vəkili olmamağıma rəğmən, dövlət bayrağımızı parlamentə gətirmək kimi şərəfli bir işi mənə həvalə etdilər. Buna baxmayaraq, bu günə qədər nə bu barədə danışmış, nə də bu şəkili paylaşmışam. Çünki heç vaxt bir insanın özünü reklam etməsini bəyənməmiş və bunu özümə də rəva bilməmişəm. Ancaq bu gün mənə telefon açan dostumun sözlərinə görə, bayraq məsələsi Xalq Cəbhəsi adını daşıyan partiyalardan birində böyük bir krizə səbəb olub. Belə ki, partiya sədrinin müavinlərindən biri iddia edirmiş ki, bu şərəfli işi o həyata keçirib. Hətta həmin partiyanın sədri bu barədə parlamentdə də çıxış edib. Partiyanın digər bir önəmli funksioneri (MSK-da katibdir) də həmin müavinin dediklərini təsdiqləyib. Ancaq hadisənin iştirakçısı olan başqa biri məsələ ilə bağlı ANS-ə açıqlamasında həqiqəti deyib və əsil həngamə də bundan sonra başlayıb…

bun

Həm bəhs etdiyim partiya sədri, həm də MSK-nın katibi olan digər şəxs mənim yaxın dostlarımdır (baxmayaraq ki, uzun illərdir görüşmürük), onlara indinin özündə də xüsusi hörmət bəsləyirəm. Hər iki dostumun nəzərinə çatdırmaq istəyirəm ki, mən heç bir zaman Milli Azadlıq Hərəkatı tarixindəki rolumu şişirtməyə təşəbbüs göstərməmiş, bundan nə siyasi, nə də maddi divident götürməyə cəhd etmişəm. Mən nə etmişəmsə qarşılıqsız etmişəm. Etdiklərimə görə hansısa qarşılıq gözləmiş olsaydım yəqin ki, bu gün başqa yerdə olardım. Ancaq mən qürurumu və onurumu hər şeydən üstün tutan biriyəm. Bu günün özündə belə, ailəmin tələbatını ödəmək üçün kiçik bir maqazin açaraq, tumdan tutmuş bakuşa qədər hər şey satır və öz halal zəhmətimlə dolanıram. Bu işimi onurumu zədələyəcək bir iş də saymıram, çünki harama nifrət edirəm. Başqasına aid şərəf məsələsini mənimsəmək, özününküləşdirmək də ən böyük haramlardan biridi. Bütün bunlara baxmayaraq, mən o adamı səmimi şəkildə bağışlayır və bu şərəfli işi (bayraq məsələsini) ona hədiyyə edirəm. Madam ki, bunu adına çıxmaqla nəyəsə nail olacaq, buna görə evinə çörək apara biləcəksə, qoy elə də olsun. Ancaq iclaslarınızda mənim adımı müzakirə predmetinə çevirməyin. Əks təqdirdə o adama açıq şəkildə deyərəm ki, səndən siyasətçi çıxmaz, sən get kəndinizin mərkəzindəki “Eşşək meydanı”nda aşığını at!
P.S. Düşünürəm ki, məni başa düşənlər başa düşdülər…”

Azinforum.az yazıda adı çəkilən hər bir şəxsin fikirinə yer verməyə hazırdır.

RÖVŞƏN ƏLİ

AZİNFORUM.AZ

bay

Həmçinin oxuyun

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …

Bir cavab yazın