Ana səhifə / Aktual / “Bankların yetərincə valyuta ehtiyatı var”

“Bankların yetərincə valyuta ehtiyatı var”

Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşlara müraciət etdi

Son günlərdə bir sıra bankların nağd dollar alışına məhdudiyyət tətbiq etməyə başlamasına dair məlumatlar yayılır. Xüsusilə sosial şəbəkələrdə gedən müzakirələrdə bankların qonşu ölkələrdə milli valyutanın kəskin dəyərsizləşməsi ilə əlaqədar ölkədən dollar axınının qarşısını almaq üçün bu addımı atdıqları qeyd olunur.

Azərbaycan Banklar Assosiasiyası (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev banklarda ABŞ dollarının satışına limit qoyulmasına münasibət bildirib. O, “Report”a açıqlamasında bunları deyib: “Limitin tətbiqi ilk növbədə valyuta bazarında möhtəkirlik hallarının qarşısını almaq məqsədi daşıyır. Bəzi işbazarlar kütləvi şəkildə dolları alıb, sonra onu baha satış çıxarırlar, bazarda gərginlik yaradırlar. Yəni hansı siravi vətəndaş nəyə görə birdən-birə 100 min dollar almalıdır ki? Buna görə də dolların nağd şəkildə satışına limit qoyulub. Nağdsız satışda isə limit yoxdur. İstənilən qədər məbləği hesaba qoymaq, kartla ödəniş etmək olar. Bu tədbirlərin məqsədi həm də odur ki, nağd hesablaşmalar məhdudlaşdırılsın, nağdsız hesablaşmalar stumillaşdırılsın. Dövriyyədə şəffaflıq təmin olunsun”.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Z.Nuriyevin açıqlaması ilə bağlı “Yeni Müsavat”a bildirilib ki, hazırda Azərbaycan banklarında yetərincə dollar ehtiyatı var: “Vəziyyət Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ciddi nəzarətdə saxlanılır. Bankların kifayət qədər valyuta ehtiyatı var ki, müştərilərin istədiyi qədər valyuta satışını həyata keçirib, ehtiyacları tam olaraq qarşılasınlar. Yəni heç bir bank valyuta satışına limit tətbiq etmir. Hər bir vətəndaş yaxınlaşıb banklardan istədiyi qədər valyuta ala bilər. Hər hansı neqativ halla üzləşən vətəndaşlardan xahiş edirik, dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat versinlər”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …