Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Aktual / BANK SAHİBLƏRİ QAÇMAĞA HAZIRLAŞIR, ƏMANƏTLƏR BATACAQ! – Ekspertdən ŞOK açıqlamalar

BANK SAHİBLƏRİ QAÇMAĞA HAZIRLAŞIR, ƏMANƏTLƏR BATACAQ! – Ekspertdən ŞOK açıqlamalar

“Mərkəzi Bankın rəhbərliyi yəqin ümid edir ki, onu tezliklə dəyişdirəcəklər və bank sisteminin bərbad vəziyyətinə görə məsuliyyəti yeni rəhbərliyin üzərinə qoymaq mümkün olacaq!”

Son aylar əksər banklar əhalinin əmanətlərini verməkdən imtina edir. Bankların maliyyə durumunun yaxşı olmaması səbəbindən əmanətlərin qaytarılmasında problemlər yaranır. Ekspertlər detalları izah edirlər. Bildirilir ki, banklar əmanətçiləri aldadaraq müxtəlif ərizələr imzaladır.
“Son vaxtlar artıq bir neçə bank əhalinin əmanətini tam və ya qismən qaytarmaqdan imtina edir, yaxud dollar əmanətini manatla qaytarmağı təklif edir. Bu zaman əmanətçiləri müxtəlif bəhanələrlə aldadaraq özlərinə sərf edən ərizələrə imza atdırır. Məsələn, qorxudurlar ki, guya əmanət vaxtından əvvəl tələb edildikdə, lakin bank onu hələlik qaytara bilmədikdə, əmanət artıq sığortalanmış olmur” deyə, ekspert Əkrəm Həsənov məsələni izah edir.
Onun sözlərinə görə, Mülki Məcəllənin 947.2-ci maddəsinə əsasən əmanət müqaviləsinin şərtlərindən asılı olmayaraq, əmanətçinin ilk tələbi ilə bank əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci 5 iş günü müddətində qaytarmalıdır. Vətəndaşın əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir. Əmanət də olduğu valyutada qaytarılmalıdır. “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.1-ci maddəsinə görə, hətta Əmanətlərin Sığortalanması Fondu da dollar və avroda olan əmanətləri həmin valyutada ödəməlidir. Əlbəttə, əmanətçinin istəyi ilə əmanət manatla da qaytarıla bilər. Lakin əmanətçi bunu istəmirsə, xarici valyutada olan əmanəti bank həmin valyutada qaytarmalıdır”.

Ekspertin sözlərinə görə, buna görə də bankın əmanəti tam və ya qismən qaytarmaqdan, yaxud xarici valyutada olan əmanəti həmin valyutada qaytarmaqdan imtina etməsi kobud qanun pozuntusudur: “Bankın bu əməli ilə bağlı 2 dövlət orqanına, yəni Mərkəzi Banka və İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə şikayət edilə, həmçinin məhkəmədə iddia qaldırıla bilər. Ümumiyyətlə, belə halları ictimailəşdirmək lazımdır ki, həmin bankın etibarsız olduğunu hamı bilsin və ora pul qoyulmasın. Yeri gəlmişkən, normal bank sistemində sağlam banklar da bu ifşada maraqlı olmalıdır. Axı bərbad banklar bütövlükdə bütün banklara etimadı sarsıdır, iqtisadiyyatımıza zərbə vurur. Müəyyən texniki səbəblərdən bankın uzağı 1 günlük likvidlik problemi yarana bilər. Yəni hansısa bank gün ərzində əmanətləri qaytara bilmədikdə, bu, hələ onun müflis olması demək deyil. Belə halda Mərkəzi Bankın borcudur ki, sonuncu instansiya kreditoru olaraq həmin banka kredit versin. Lakin Mərkəzi Bank hesab etsə ki, sözügedən bankın problemi daha ciddidir, yəni o, artıq müflisdir, dərhal onun lisenziyasını almalıdır.

Bundan sonra əmanətçi əmanətini artıq Əmanətlərin Sığortalanması Fondundan ala bilər. Bizim Mərkəzi Bankın rəhbərliyi bankların qarşısında o qədər gözükölgəlidir ki, nəinki aylar, hətta illər boyu belə bankların lisenziyasını almır. Təbii, onlara kredit də vermir. Nəticədə zərəri əmanətçi çəkir: pulunu nə bankdan, nə də Əmanətlərin Sığortalanması Fondundan ala bilmir. Mərkəzi Bankın belə bankın lisenziyasını almaması həmçinin onunla bağlıdır ki, Mərkəzi Bank əmanətin Əmanətlərin Sığortalanması Fondu hesabına ödənilməsindən yayınmaq istəyir. Çünki həmin fondu faktiki olaraq Mərkəzi Bank idarə edir. Ehtimal etmək olar ki, fondun vəziyyəti qənaətbəxş olmadığından, Mərkəzi Bank fondun əmanətləri qaytara bilməyəcəyini bilir və bundan qorxur. Eyni zamanda da Mərkəzi Bank banklara elə bərbad nəzarət edib ki, böyük ehtimalla onların çoxunun müflis olduğunu gözəl bilir və fondun bütün əmanətləri qaytarmağa gücünün çatmayacağını anlayır. Məhz buna görə də lisenziyaların alınması prosesinə başlamaqdan qorxur. Əmanətlərin Sığortalanması Fondu dövlət qurumu deyil, əmanətlər dövlət tərəfindən sığortalanmayıb, dövlətin əmanətlərə görə heç bir məsuliyyəti yoxdur. Dövlət bankları olan Beynəlxalq Bank və AzərTürkBank istisnadır. Buna görə bankların kütləvi müflisliyi halında sözügedən fond əmanətləri qaytara bilməyəcək və özü də müflis olacaq. Başqa sözlə, əmanətlər batacaq”.

Ə.Həsənov qeyd edib ki, hazırda həm Mərkəzi Bankın rəhbərliyi, həm də bankların sahibləri və rəhbərləri vaxt udmaq istəyir: “Mərkəzi Bankın rəhbərliyi yəqin ümid edir ki, onu tezliklə dəyişdirəcəklər və zəruri qərarları yeni rəhbərlik verməli olacaq. Buna görə də bank sisteminin bərbad vəziyyətinə görə məsuliyyəti həmin yeni rəhbərliyin üzərinə qoymaq mümkün olacaq. Həmçinin yəqin ki, Mərkəzi Bankın rəhbərliyinin bankların qarşısında xeyli qeyri-rəsmi öhdəlikləri var. Bankların sahibləri və rəhbərləri isə vaxt udaraq öz vəsaitlərini banklardan çıxarmaq istəyir. Bunun üçün isə üç şey tələb olunur, imkan daxilində daha çox krediti qaytarmaq, əmanətləri qaytarmamaq, yeni əmanətlər cəlb etmək. Sonuncunu reallaşdırmaq üçün banklar yaxında əmanətlərin məbləğindən və faiz dərəcəsindən asılı olmayaraq tam sığortalanmasına nail olmaq istəyir.

Başqa sözlə, əhalini bu yolla şirnikləndirmək istəyirlər. Çünki manatın devalvasiyası nəticəsində xarici valyutada olan əmanətlərin xeyli hissəsi sığortalanmamış qalır. Əgər Mərkəzi Bank və banklar əmanətlərin tam sığortalanmasını mümkün hesab edirsə, niyə indiyədək bunu etməmişdilər? Niyə bank sisteminin yaxşı günündə bunu etmədilər, məhz pis günündə etmək istəyirlər? Deməli, bunu nə əhali, nə də ölkə iqtisadiyyatı üçün deyil, sırf öz şəxsi məqsədləri üçün etmək istəyirlər. Çünki problemli kreditlərin sayı arta-arta gedir, əmanətlər çıxarılır, buna görə də pulsuz qalıblar. Problemlərini yenə də əhalinin hesabına həll etmək istəyirlər”(musavat.com).

Həmçinin oxuyun

Mikayıl Cabbarovdan “Relax” qarşıdurması haqda – Paylaşım

Deputat İqbal Məmmədova məxsus “Relax” istirahət mərkəzində baş verən qalmaqala vergilər naziri Mikayıl Cabbarov da …

Bir cavab yazın