Şənbə , İyul 20 2019
Ana səhifə / Aktual / BANK DAHA BİR ŞƏHİD ANASININ EVİNİ ƏLİNDƏN ALMAĞA HAZIRLAŞIR – ŞİKAYƏT

BANK DAHA BİR ŞƏHİD ANASININ EVİNİ ƏLİNDƏN ALMAĞA HAZIRLAŞIR – ŞİKAYƏT

Beyləqan rayonunda yaşayan şəhid anası Rəhimova Müşkünaz Nəsir qızı Azinforum.az-a müraciət edərək hazırda çox acınacaqlı bir durumla üzləşdiyini və yaşadığı evinin “Parabank” tərəfindən əlindən alınma mərhələsində olduğunu bildirib:

“Mən şəhid anasıyam. Oğlum Əliyev Adil Müzəffər oğlu 17.06.2001-ci ildə Ağdam bölgəsində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Hazırda mənimlə birlikdə yaşayan digər oğlum – Əliyev Azər Müzəffər oğlu “Parabank”ın “Beyləqan” filialından kredit götürüb. Ehtiyac səbəbindən götürdüyü kreditin müqabilində hazırda yaşadığımız evi girov kimi göstərib. Devalvasiyaya kimi, krediti tərtib edilən qrafik əsasında vaxtı-vaxtında ödəyib. Kredit dollarla olduğu üçün devalvasiyadan sonra, həmin məbləği ödəməyə gücümüz çatmadı. Mən bir şəhid anası kimi heç də dövlətin bizə verdiyi imtiyazdan bu məsələdə suistifadə etmək istəmirəm. Bilirəm ki, götürülən pul mütləq geri qaytarılmalıdır. Amma gərək bank bizim real vəziyyətimizi də nəzərə alsın. Oğlum dəfələrlə banka bir qədər güzəştli şərtlərlə pulu ödəməyə hazır olduğunu bildirib. Ancaq bank bunun müqabilində əsas borcun üzərinə əlavə, gecikmə faizlərini də əlavə edərək məbləği astronomik həddə çatdırıb. Hazırda bankın iddiasına Beyləqan Rayon Məhkəməsində baxılır.

 

Məhkəmənin hazırlıq iclası da keçirilib. Bizdən faiz qarışıq tələb edilən borcun məbləği o qədər şişib ki, girov qoyduğumuz və hazırda yaşadığımız evi belə əlimizdən alsalar bankın iddiası təmin edilməyəcək. Buna görə də, bank iddianın başqa əmlaklara da yönəldilməsini istəyir. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bir ana kimi ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib xahış edirəm ki, bu məsələyə müdaxilə etsin və bir şəhid ailəsinin küçədə qalmamasına köməklik göstərsin. Bir daha xatırladıram ki, biz bu gün də bankdan götürdüyümüz pulu normal qrafik üzrə qaytarmağa hazırıq. Təəssüf ki, bank bu istiqamətdə etdiyimiz müraciətlərə məhəl qoymur və gözünü yalnız bizim evimizə tikib. Hörmətli Mehriban xanımdan çox xahiş edirəm ki, bizi bu durumdan xilas etsin. Cünki varimiz-yoxumuz köhnə bir evdir, onu da əlimizdən alsalar, acınacaqlı duruma düşəcəyik”.

 

Azinforum.az mövzu ilə bağlı sözügedən bankla əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən bank əməkdaşı bizə bildirdi ki, onların çoxlu sayda problemli kreditləri var:

“Məsələ məhkəməyə gedib çatıbsa, artıq biz bununla bağlı hansısa izahat verə bilmərik”.

Cinarə SEYİDOVA
Azinforum.az

Həmçinin oxuyun

Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan” (VİDEO)

Bakı Şən və Hazırcavablar Klubunun mərhum prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olmuş Anar Məmmədxanlı barəsində sənədli film …

Bir cavab yazın