Şənbə , Dekabr 3 2022
Ana səhifə / Aktual / “BALIQ EVİ”NİN QARŞISINDA ACİZ QALAN DÖVLƏT AGENTLİYİ…

“BALIQ EVİ”NİN QARŞISINDA ACİZ QALAN DÖVLƏT AGENTLİYİ…

Aparılan kadr və struktur dəyişikliklərinə baxmayaraq, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin və qurumun Bakı Şəhər Reklam İdarəsinin fəaliyyəti sahibkarların ən çox şikayət etdiyi qurumlar sırasında öz “layiqli yerini” qorumaqda davam edir. Yenə də eyni problemlər, eyni şikayətlər, səriştəsizlik, rüşvət və korrupsiya iddiaları və sair…

Dövlət Reklam Agentliyinin, daha da dəqiqləşdirsək, qurumun Bakı Şəhər Reklam İdarəsinin, yumşaq desək, səriştəsiz fəaliyyəti ucbatından Bakıda daha bir sahibkarın hüququları kobud şəkildə pozulur, aylardır davam edən məktublaşmalar isə nəticə vermək bilmir.

Azinforum.az-ın məlumatına görə, “AzPolitika.info”-ya daxil olan sənədlərdən belə görünür ki, Səbail rayonu, Bibiheybət qəsəbəsi, N.Quliyev küçəsində yerləşən “Şəfa” balıq evi ilə “Şəfalı su” artroloji mərkəzinin ortaq girişi var. 8 ildir “Şəfa” balıq evi böyük ölçülü reklam lövhəsini şərikli yolun üzərinə vurub. Qarşı tərəfin – “Şəfalı su” artroloji mərkəzin rəsmi etirazlarına, çoxsaylı müraciətlərinə baxmayaraq, Bakı Şəhər Reklam İdarəsinin rəhbərliyi bu qanunsuzluğu aradan qaldırmır. Artroloji mərkəzin sahibi Rəcəb Abbasovun Dövlət Reklam Agentliyinin rəhbərliyinə rəsmi müraciətlərinə isə bir qayda olaraq başdansovdu cavablar verilir və bildirilir ki, hər iki tərəfin razılığı ilə ortaq girişin üzərinə reklam lövhələri vurula bilər. R.Abbasov Agentliyə cavab məktublarında razılıq vermədiyini bildirəndən sonra isə qarşı tərəf dərin sükuta qərq olur…



Təqdim olunan sənəd-sübutlar isə ondan xəbər verir ki, “Şəfa” balıq evinin böyük ölçülü reklam lövhəsi 8 ildir bu yolun üzərində dursa da, o, bu yaxınlarda rəsmiyyətə salınıb. Bu illər ərzində “Şəfa” balıq evi ilə “reklamçıların” qarşılıqlı sövdələşmələri isə “ənənəvi qaydalarla” nizama salınıb. Yəni istisna deyil ki, bu dövr ərzində balıq evinin sahibi olan “Fəxrəddin-K” MMC ilə reklam agentliyinin hansısa yülksək çinli məmuru arasında sövdələşmə, yaxud hətta şəriklik olub və hazırda da bu sahibkarlıq subyekti həmin agentlik tərəfindən himayə olunur.

Əks halda bu açıq, gözlə görünən qanunsuzluq elə ilk etirazdan sonra aradan qaldırılar, artroloji mərkəzin reklam hüququ illərlə pozulmazdı.

Onu da qeyd edək ki, Artroloji mərkəzin rəhbərliyinin çoxsaylı müraciətlərindən sonra agentlik “səhvini başa düşüb” və reklamın söküldüyü və “Şəfa” balıq evinə xəbərdarlıq edildiyi barədə mərkəzin rəhbərliyinə məktub göndərib. Lakin reallıqda, qanunsuz reklam lövhəsi sökülməyib, sadəcə, bir neçə santimetr sağa çəkilib. Bu da agentlik tərəfindən sahibkarlıq subyektlərinin bərabər hüquqlarının təmin edilməsi yox, kobud şəkildə pozulması deməkdir. Buna görə də artroloji mərkəz öz qanuni hüquqlarından istifadə edərək, agentlikdən ümumiyyətlə, iki müəssisəyə aid olan əsas giriş qapısından “Fəxrəddin-k” MMC-yə aid bütün reklam daşıyıcılarının sökülməsini və ortaq girişə reklam vurulmamasını tələb edir. Lakin agentlik hələ ki, susur və qanunsuz reklamın sökülməsini təmin etmir. Bu da haqlı şübhələr yaradır ki, doğrudan da agentlik rəhbərliyi ilə “Fəxrəddin-K” MMC arasında ya sövdələşmə, ya da şəriklik var…



“Şəfalı su” artroloji mərkəzi Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin rəhbəri Aydın İbadovdan və qurumun Bakı Şəhər Reklam İdarəsinin rəisindən məsələnin qanuni və obyektiv həllini, yəni reklamların sökülməsini tələb edir. Əks halda artroloji mərkəz rəhbərliyi bu adi problemi həll edə bilməyən, yaxud etmək istəməyən agenlik rəhbərliyinin fəaliyyətsizliyi ilə bağlı ölkə başçısına müraciət etmək məcburiyyətində qalacağını bildirir.

Məsələ ilə bağlı Dövlət Reklam Agentliyinə ünvanladığımız sorğuya cavabda da, “Şəfalı su” artroloji mərkəzin hüquqlarının pozulduğu dolayısıyla etiraf olunur. Cavabda bildirilir: “Müraciətinizə cavab olaraq bildiririk ki, ümumi girişdə və ümumi yolda qarşılıqlı razılıq əsasında hər iki obyektə məxsus reklam yerləşdirilə bilər. Bu zaman reklamların harada və hansı ölçüdə yerləşdirilməsi qarşılıqlı razılıq əsasında müəyyən edilir. Belə razılıq olmadıqda isə, yalnız digər obyektin fəaliyyətinə xələl gətirmədən və onun hüquqlarını pozmadan girişin və yolun bir tərəfində reklam yerləşdirilə bilər. Bu zaman həmin reklamlar digər obyektə və həmin obyektə məxsus yerləşdiriləcək reklamlara heç bir maneçilik törətməməlidir. Bildiririk ki, hər bir sahibkarlıq subyektinin qanunla qadağan edilməyən qaydada öz əmtəəsini reklam etmək hüququ vardır. Ümumi istifadədə olan yolda və girişdə reklam yerləşdirilməsinin bu əsasla qadağan edilməsi qanunvericiliyin pozulması hesab edilir”.

Göründüyü kimi, Reklam Agentliyi yenə də qarşılıqlı razılığın vacibliyini vurğulayır. Lakin sözügedən halda qarşılıqlı razılıq mövcud deyil və “Şəfa” balıq evinin ümumi girişin üzərinə vurulmuş böyük ölçülü reklam lövhəsi qarşı tərəfin hüquqlarını kobud şəkildə pozur, belə bir təəssürat yaradır ki, sanki bu reklam lövhəsindən arxada yalnız “Şəfa” balıq evi yerləşir. Yəni “Şəfa” balıq evinin reklam lövhəsi, Dövlət Reklam Agentliyinin bizə cavabında yazıldığı kimi, yolun kənarında yox, yolun üst hissəsində yerləşir və yolun en hissəsinin 90 faizini əhatə edir. Bu halda guya “Şəfalı su” artroloji mərkəzin hüquqlarının pozulmadığını iddia etmək, yumşaq desək, səmimiyyətdən uzaq cavabdır və bir daha qeyd edirik ki, “Şəfa” balıq evi ilə Bakı Şəhər Reklam İdarəsinin rəhbərliyi arasında hansısa sövdələşmənin olduğuna dair ciddi şübhə yaradır. Əks halda idarənin rəhbərliyi gözlə görünən qanunsuzluğu aradan qaldırmamaq üçün bu qədər dirəniş göstərməzdi…

Həmçinin oxuyun

Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva …