Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Balakişi Əhmədov və DYP-dəki problemlər

Balakişi Əhmədov və DYP-dəki problemlər

YPX Alayının komandiri oğlunun Sumqayıt «ASAN Xidmət» Mərkəzində işlə təmin olunması üçün kimə minnətçi düşüb?

Ötən saylarımızın birində bildirdiyimiz kimi, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin rəis müavini, Yol Patrul Xidməti (YPX) Alayının komandiri, polis polkovniki Balakişi Əhmədovun tapşırığı ilə bəzi mətbuat orqanları DYP-nin nüfuzlu şəxslərinə qarşı «hücum»a keçiblər. Belə ki, polkovnik vaxtilə əlindən tutduğumuz şəxslərin vasitəsi ilə özünü və rəhbərlik etdiyi alayı mümkün təhlükələrdən sığortalamağa çalışır. Halbuki hər bir polis əməkdaşı xidmətdə, eləcə də gündəlik həyatda qanunçuluq, insan hüquq və azadlıqlarının cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və Etik Davranış Kodeksi ilə müəyyən edilmiş norma və qaydaları rəhbər tutmalıdır. Əfsus, Balakişi Əhmədov və onun tabeçiliyində çalışan bir sıra yol polis əməkdaşları qeyd olunan önəmli məqamlara əhəmiyyət vermirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının yerlərdə xidmət edən bir çox əməkdaşlarının bu norma və prinsiplərdən xəbərsiz olduqlarını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, alayın əməkdaşlarının rəvac verdikləri neqativ hallar artıq ciddi narazılıqlara səbəb olmaqdadır. Məsələn, bir müddət əvvəl Balakişi Əhmədovun tabeçiliyindəki yol polislərinin əməllərindən şikayətlənən paytaxt sakini Samir Səyədulla oğlu Şükürov qeyd edib ki, 13 mart 2014-cü il tarixdə saat 01:30 radələrində Qazax-Bakı istiqamətində 90 LE 579 dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən Şəmkir postunda polis formasında olan iki əməkdaş onu saxlayıb. Ona əvvəlcə radara düşdüyünü desələr də, Samir Şükürov «102» xidmətinə zəng edəndən sonra artıq radar qeydi əsasında deyil, texniki baxışdan keçmədiyi haqda protokol yazılıb. Bu səbəbdən də vətəndaş polis əməkdaşları kapitan Şahin Süleymanovun və leytenant Akif İmranovun qeyri-etik rəftarından şikayətlənib. Məlumat üçün bildirək ki, təsbit olunmuş davranış prinsip və qaydalarının polis əməkdaşları tərəfindən yerinə yetirilməməsi daxili işlər orqanlarının adına xələl gətirən ləyaqətsiz hərəkət kimi qiymətləndirilir və intizam məsuliyyəti doğurur. Məsuliyyət dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti tədqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs – yəni, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Balakişi Əhmədov tərəfindən müəyyən edilir. Təbii, o da öz növbəsində, tabeçiliyində çalışan şəxsləri vətəndaşın ayağına vermədən məsələni özünə məxsus tərzdə həllə edir…

Nəzərinizə çatdıraq ki, son dövrlər sürücülərin kütləvi narazılığına səbəb olan hallardan biri də Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının hara gəldi radar yerləşdirməsidir. Məsələn, hazırda Bakı-Qazax magistral yolunda Balakişi Əhmədovun əməkdaşları tərəfindən saysız-hesabsız radar quraşdırılıb. Qeyd edək ki, bu radarların əksəriyyətinin lazım olmayan yerdə quraşdırılması ilə bağlı Milli Məclisin bəzi deputatları dəfələrlə parlament tribunasından etiraz ediblər.Lakin nədənsə deyilən iradlara əhəmiyyət verən yoxdur. Çünki həmin qeyri-qanuni radarlar sürücülərdən külli miqdarda pul almaq üçün bir vasitəyə çevrilib. Halbuki qanunvericiliyə görə, magistral yolda radarın qurulması ilə bağlı xəbərdarlıq nişanı olmalıdır. Lakin əksər yerlərdə belə nişanlara rast gəlinmir. Radarlar isə yolun kənarı ilə bərabər, mülki avtomobillərdə qurulur. Diqqətinizə çatdıraq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən radarlar müəyyən dövrdən bir müvafiq yoxlamadan keçirilməlidir. Lakin nədənsə Balakişi Əhmədov bəzi yollara baş vuraraq yoxlamanın keçirilməməsinə nail olur. Onu da bildirək ki, pozulan qaydaya görə, cərimələrin də konkret olmaması sürücün ödəyəcəyi pulun miqdarının Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının əməkdaşının tələbi ilə müəyyən edilir. Bu barədə əldə etdiyi bilgiləri redaksiyamızla paylaşan məlumatlı şəxs iddia edir ki, Balakişi Əhmədovun əməkdaşları tərəfindən ay ərzində radara düşən sürücülərdən yığılan pullar rəsmi protokollarla yazılan cərimələrdən qat-qat artıq olur: «Deyilənlərə görə, polkovnik ölkə ərazisində rayonlar arası postların hər birinin qarşısında ayrıca «tələb» qoyub. Balakişi Əhmədovun «tələb»lərinə əməl etməyən post komandirləri isə «ciddi nəzarət»ə məruz qalırlar. Onu da qeyd edim ki, hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının göstərişi ilə səyyar üçayaqlı radarı istifadə edən şəxslərin bir qisminin şəxsiyyət vəsiqəsindən başqa DYP əməkdaşı olduğunu sübut edən heç bir sənədi yoxdur. Sözsüz, sürət rejiminə səmərəli nəzarət yol hərəkəti təhlükəsizliyinin təmin olunmasının əsas amillərindən biridir. Lakin bu nəzarət qanunlara ciddi riayət edilməklə həyata keçirilməlidir, çünki qanundan kənara ən xırda çıxmalar da DYP-yə olan etimadı azaldır və sürücülər arasında belə bir təhlükəli yanaşma formalaşdırır ki, bu nəzarət təhlükəsizlik üçün yox, daha çox cərimə yığmaq üçündür. Belə yanaşmanı istisna etmək üçün qanuna birmənalı riayət edilməlidir. Bu halda isə demək olar ki, Balakişi Əhmədov ölkə vətəndaşlarının, eləcə də yuxarıların DYP-yə olan etimadını azaldır».

Bu arada, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirinin oğlunun bir müddət əvvəl yol verdiyi ciddi neqativ hallara görə «ASAN Xidmət»dən uzaqlaşdırıldığını deyən məlumatlı şəxs bildirir ki, Balakişi Əhmədov artıq övladını yenidən işlə təmin etməyi bacarıb: «Polkovnikin oğlu bir müddət öncə buraxdığı nöqsanlar səbəbindən «ASAN Xidmət»dən çıxarılmışdı. Lakin artıq Balakişi Əhmədov övladını Sumqayıt «ASAN Xidmət» Mərkəzində işlə təmin etməyə müvəffəqolub. Deyilənlərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri nəqliyyat naziri Ziya Məmmədovla yaxın münasibətdə olduğundan bu məsələdə məhz nazirin yardımlarına baş vurub. Yəni polkovnik oğlunun Sumqayıt «ASAN Xidmət» Mərkəzində işə başlaması üçün nəqliyyat nazirinə minnətçi düşüb.

Düzdür, bu işdə Ziya Məmmədov ona yardım göstərə bilsə də, Balakişi Əhmədovun «Baku 2015» İlk Avropa Oyunları zamanı yaratdığı problemlər hələ də yuxarıların diqqət mərkəzindədir. Odur ki, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı, Ziya Məmmədovun ən yaxın adamlarından biri olan Nəsib Məhəməliyevin bu günlərdə tutduğu postdan kənarlaşdırılmasından dərs çıxarmalıdır. Çünki onu da eyni tale gözləyə bilər. Maraqlıdır, görəsən DYP-də peşəkar kadr çatışmazlığı yaşanır ki, çoxsaylı neqativ hallara imza atmış Balakişi Əhmədov hələ də daha layiqli biri ilə əvəz olunmayıb?..» 

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. (Gundelik-bakı)

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın