Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / BAKININ QUMAR KRALI – “YERAZ MEHMAN”, YOXSA “QARA VƏZİR”?

BAKININ QUMAR KRALI – “YERAZ MEHMAN”, YOXSA “QARA VƏZİR”?

Azinforum.az olaraq Bakıda “Avroviziya” yarışmasından öncə yüzlərlə kazino və qumarxananın açıldığını qeyd etmişdik ki, bunların da yarısına «Qara Vəzir» kimi tanınan şəxs və onun ətrafındakı, əslən Gürcüstandan olan azərbaycanlılar nəzarət edirdi.
Digər qruplaşmaya isə «Qobulu Naib» başçılıq edirdi. Bu iki rəqib qruplaşma ilk vaxtlar bir-birlərinə maneçilik törətməyəcəkləri ilə bağlı razılığa gəlmişdilər. Naibin qruplaşması kazinoları əsasən mikrorayonlarda, Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbəsində açırdı. “Kazinolar kralı” kimi tanınan Vəzir isə qorxu-hürkü bilmədən əhalinin gur olduğu yerlərdə, metrostansiyaların çıxışına yaxın binaların zirzəmilərində icarəyə yer götürüb, orada online qumarxana təşkil edirdi.

Obyektlərin hamısına Vəzirin oğli Tofiq Qaranizadə nəzarət edirdi. Tofiq sabiq polis işçisi olduğundan, hüquq-mühafizə orqanlarından “qorunmağın” da yollarını bilirdi. Bu qumarxanaların hər birində ciddi konspirasiya vardı. Qapılar daim bağlı olur, içəri yalnız üzdən tanıdıqları müştərilər buraxılırdı. Polisin nəyisə sübut etməsi də çətin idi. Qumarxana işlədənlər polis təhlükəsi olan kimi kompüterləri elektrik şəbəkəsindən ayırırdılar. Belə olan halda nəyisə sübut etmək çətin olurdu. Çünki proqram itirdi.

Qeyri-leqal vəziyyətdə işləmək belə külli-miqdarda qacanc gətiridi. “Qara Vəzir”in təkcə Əhmədlidə, ”Bakı” kinoteatrının yaxınlığındakı kazinosu 6 aya 1 milyon 340 min manat qazanc gətirmişdi. Nəzərə alsaq ki, onun işlətdiyi belə kazinoların sayı 20-dən çox idi, o zaman bu kazino mafiyasının nə qədər qazanc əldə etdiyini təxmin etmək olar.

Azinforum.az-ın məlumatına görə, bir qədər müddət keçəndən sonra, hər şey dəyişdi. Rəqib qruplaşmalar arasında nifaq düşəndə onlar özləri bir-birindən polis orqanlarına gizli məlumat ötürməyə başladılar. Ümid etdilər ki, rəqib qruplaşma tutulacaq, “qiymətli məlumat”a görə isə polis onlara dəyməyəcək. Rəqabət olmayanda daha böyük qazanc olacaqdı.

Ancaq polis orqanları, sadəcə, vaxt udurdular. Kifayət qədər dəlil və sübutlar yığıldıqdan sonra həm Vəzir Qaranizadə, həm də Naib həbs olundu. Onların qruplaşmasının bir çox üzvləri də zərərsizləşdirildi.

“Avroviziya” mahnı müsabiqəsinə az qalmış Bakıdakı bütün kazinolar polis tərəfindən tam ləğv edildi.

Roulette Bets

Mərhum prezident Heydər Əliyev vaxtilə Azərbaycanda bütün kazinoların bağlanması barədə qərar vermişdi. Ancaq buna baxmayaraq bəzi qüvvələr qumardan gələn böyük gəlirə şirnikləşərək öz əməllərini hələ də davam etdirirlər.
Düzdür, hərdən eşidirik ki, Daxili İşlər Nazirliyinin əməkdaşları kazino-qumarxana təşkil etməkdə təqsirləndirilən bəzi şəxsləri saxlayaraq məsuliyyətə cəlb ediblər. Amma buna baxmayaraq, işbazlar öz qanunsuz  fəaliyyətlərinə ara vermirlər. Nəticədə, cəmiyyəti bürüyən bu problem isə getdikcə şişir.
Ümumiyyətlə, son illər futbol-mərc oyunlarına görə evini satanlar, ailəsi dağılanlar, hətta intihar edənlər də kifayər qədərdir.
Bu tipli oyunların müəyyən mənada leqallaşması üçün bukmeyker kantoru olan “TOPAZ” yaradılsa da, bəzi kazino-qumar həvəskarları bu kantorun adı altında köhnə əməllərini yenə davam etdirməkdədirlər.
Yəni pis-yaxşı leqal fəaliyyət göstərən, dövlət büdcəsinə vergi ödəyən “TOPAZ”-dan başqa gizli fəaliyyət göstərən futbol-mərc oyunlarının qara bazarı da var. Və qara bazarın dövriyyəsi “TOPAZ”-ınkını dəfələrlə üstələyir. Ancaq onlar dövlətin büdcəsinə bir manat da ödəmirlər.
Öz fəaliyyətlərini pərdələmək üçün qara bazarın nümayəndələri “TOPAZ”-ın məntəqələri kimi qeyd olunsalar da əslində onların fəaliyyəti qeyri-leqaldır.
Digər tərəfdən bu məntəqələrdə təkcə futbol-mərc oyunları deyil, kazino-qumar oyunları da geniş yayılıb. Hansı ki, bu fəaliyyət qanunla qadağan olunub.

Deməli, bu qeyri-leqal məntəqələrin sahibləri kazino oyunları ilə yanaşı futbolun qara bazarını da idarə edirlər. Belə gizli məntəqə sahiblərindən biri də Mehman adlı ( “Yeraz” ləqəbli ) şəxsdir. Onun şəriki isə Rüfətdir.

Məlumatlı mənbə bildirir ki, futbolun qara bazarının gündəlik dövriyyəsi 200 min manatdan çoxdur.

“Əcəmi” metrostansiyasının yaxınlığında olan məntəqələrində arxa kabinetlərdə qara bazarın gündəlik “hesabat”ları aparılır. Bu şəbəkəni idarə edən “Yeraz Mehman” özünü hüquq-mühafizə orqanlarına yaxın şəxs kimi qələmə verir və qumar dünyasına göstərə bildiyi “krışalıq” fəaliyyətinə görə, “DAYI” ləqəbi ilə tanınır.
Mənbə onu da bildirir ki, bu gizli şəbəkə RUB90.RU saytı vastəsilə Azərbaycanın bütün rayonlarında canlı futbola “stavka” ( pul mərci ) qoyanların cibinə girməklə də məşğuldur. Mərkəzi server Rusiyada olan həmin saytı idarə edənlərin içərisində erməni millətinə mənsub olan şəxslərin olmasına dair də fikirlər səslənir.
Mənbə Azinforum.az-a onu da bildirdi ki, Mehmanın gizli kazino ( ruletka, poker, oyun avtomatları və s) obyektləri də olub.
Bu qara bazarı idarə edənlər tez-tez müştəriləri aldadırlar, “razborka”lar olur. Ancaq bu məntəqələr qeyri-qanuni işlədiyi üçün müştərilər heç yerə şikayət edə bilmirlər.

 

 

loto

Azinforum.az-ın məlumatına görə, “TOPAZ”-ın gəlirlərinin bir hissəsi idmanın inkişafına yönəldiyi halda, qara bazarda yığılan milyonların hara getdiyi məlum deyil. Bu pulların kriminal dünyanın “obşakına” da köçürüldüyü istisna edilmir. Artıq “Yeraz Mehman” daha gəlirli qumar növü olan lotonu “xoda” salıb. Hazırda onun Bakıxanov qəsəbəsində olan lotoxanalarından birində açıq qumar oyununun təşkil edildiyi bildirilir.

Qeyd edək ki, hazırda “Yeraz Mehman” qumar aləminin kralı hesab olunur. Xüsusilə də ötən il onun “Zenit-Bet” qumar şəbəkəsi üzərində qazandığı parlaq qələbə bu şəxsi Bakının qumar kralına çevirmiş oldu. Hazırda yenicə həbsdən çıxan “Qara Vəzir” barəsində mətbuatda bəzi məlumatlar getsə də, bu yayındırıcı xarakter daşıyır. Çünki bütün sahələrə nüfuz etməyi bacaran “Yeraz Mehman”ın caynaqları mətbuata qədər də uzana bilib. Bir sözlə, “DAYI” öz işindədi…
Futbol oyunlarının qara bazarını, kazino oyunlarını və lotonu idarə edən gizli şəbəkə ilə bağlı araşdırmamız davam edir…

Rövşən ƏLİ,
Azinforum.az

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …

Bir cavab yazın