Azinforum.az-ın daimi oxucularından olan Həsən Seyidli bizdən bir məsələ ətrafında araşıdırma aparmağı xahiş edib. Oxucu yazır ki, paytaxtın böyük brend mağazaları və alış-veriş mərkəzlərində heç vaxt Türk və Azərbaycan müsiqisinin səsləndirilməsinə rast gəlməyib:
“Bu, hal məni çox düşündürür. Niyə bizim gür olan alış-veriş məkanlarımızda yalnız əcnəbi müsiqiləri səsləndirilir? Artıq dərəcədə xahiş edirəm ki, bu mövzunu araşdırasınız”.
Azinforum.az-ın əməkdaşı bu istiqamətdə araşdırma apararkən paytaxtda fəaliyyət göstərən “Colin’s” dükanında, “Park Bulvar”, “28 mall” və “Gənclik Mall” kimi böyük ticarət mərkəzində doğrudan da deyilən mənzərənin hökm sürdüyünün şahidi olub. Həmin ticarət obyektlərinin çoxunda əməkdaşımızla söhbətdə bu halın izahını verməkdən yayınıblar. “Colin’s” dükanlarından birində isə rəhbər işdə çalışan, lakin adının çəkilməsini istəməyən şəxs belə bir halın olduğunu təsdiqləyb:
“Bizim müdirin özü türkiyəlidi. Heç türk mahnılarının da mağazada səsləndiriləməsinə icazə vermirlər. Səbəbi belə izah olunur ki, alıcıların başa düşdüyü dildə səslənən musiqi onların fikirini mal almaqdan yayındırır. Bəzən hansısa musiqinin sözləri müştərini nostalji hisslərə qapadır və o özü də bilmədən dükanı tərk edir. Eyni zamanda, belə bir hal dükanda çalışan işçi personalının da fikirini yayındıra bilir. Bu səbəbdən də, böyük kütlənin başa düşə bilmədiyi dillərdə olan musiqlər səsləndirilir. Mənə elə gəlir ki, bu prinsipə yalnız biz deyil, başqa böyük brend dükanlar da əməl edir”.
Biz belə bir halın qanunvericiliklə necə tənzimləməsi barədə nəsə deyə bilmərik. Ancaq hesab edirik ki, əlaqədar qurumlar bu məsələ ətarfında araşdırma aparsalar yaxşı olar. Çünki ölkəmizdə pul qazanan bütün əcnəbi firmalar bizim qanunlarımıza necə riayət etməyə borcludurlarsa, musiqimizə də eyni ilə hörmət bəsləməlidirlər.
Çinarə SEYİDOVA
Azinforum.az