Cümə , Oktyabr 30 2020
Ana səhifə / Aktual / Bakıda universitet bitirib Türkiyədə qadın ayaqqabılarından heykəl düzəldən İsmayıl Hüseynov

Bakıda universitet bitirib Türkiyədə qadın ayaqqabılarından heykəl düzəldən İsmayıl Hüseynov

Türkiyənin Kayseri şəhərində Erciyes Universitetinin İncəsənət fakültəsində dərs deyən azərbaycanlı müəllim İsmayıl Hüseynov istifadə olunmayan qadın ayaqqabılarından sənət əsəri yaradır.

Virtualaz.org xəbər verir ki, Türkiyə mətbuatı 20 ildən artıqdır ki, yaradıcılıqla məşğul olan və Türkiyədə ilk və yeganə ayaqqabı heykəl sənətçisisi kimi tanınan 51 yaşlı İ. Hüseynovla bağlı reportaj hazırlayıb.

20 il əvvəl Azərbaycan Dövlət İncəsənət Universitetinin heykəltaraşlıq fakültəsini bitirən sənətkar Erciyes Universitetində müəllim kimi fəaliyyətə başlayıb. O, qadınların gündəlik həyatda istifadə etdikləri ayaqqabı, çanta,  əlcək, pul qabı kimi aksessuarları sənət əsərinə çevirir. Ankara və Kayseridə təmiz dəri ayaqqabılardan hazırladığı əsərlərin “Məkan və sənaye” adlı iki sərgisini keçirib. İllərdir fərqli tərzdə çalışdığını deyən İ. Hüseynov dünyada ayaqqabıdan heykəl hazırlayan 4-5 nəfərdən biri olduğunu  deyib.

“Hər kəs özünə görə bir tərz yaradır. Mən də illərdir fərqli tərzləri sınaqdan keçirmişəm. Sürrealist əsərlər yaratmağa çalışmışam. Hazırda klassizmlə bağlı öyrəndiyim bilgiləri öz işlərimdə ortaya qoyaraq yeni əsərlər yaratmağa çalışıram”.

İ. Hüseynov həmçinin Azərbaycanda yaşadığı zaman bir çəkməçidən ilhamlanaraq çalışmağa başladığını dilə gətirib: “2015-ci ildə ayaqqabı üzərində çalışmağa başladım. Hazır materiallardan istifadə edirdim. Necə başladığımı bilmirəm, ancaq onu bilirəm ki, uşaq ikən məhəlləmizdə ayaqqabı təmiri ilə məşğul olan bir çəkməçinin mənə böyük təsiri olub. Həmişə bir kənarda oturub onun əlinə baxırdım, dabanı necə bərkitdiyini, ayaqqabını necə tikdiyini öyrənməyə çalışırdım. Ayaqqabının quruluşu xoşuma gəldi və bir neçə dəfə cəhd etdikdən sonra uğurlu alındı .Bir anda bu işə başladım”.

Azərbaycanlı heykəltaraş gündəlik həyatda iki fərqli təmasın- göz və ayaq (ayaqqabı) təmasının önəmli olduğunu qeyd edib. O, həmçinin xüsusi olaraq hazırlanmış ayaqqabılardan istifadə etmədiyini, sadəcə, təmiz dəri olmasına fikir verdiyini bildirib. Həmçinin bildirib ki, indiyə qədər yalnız qadın ayaqqabılarından istifadə edib: “Heç kişi ayaqqabısından istifadə etməmişəm. Əslində kişilərdən də kimsə ayaqqabısını gətirərək bunu da əsərlərimdə istifadə etməyimi istəməyib”.

Sənətkar üçün üzərində işlədiyi ayaqqabıların modeli və ya bahalı olub-olmaması əhəmiyyət daşımır. O, qeyd edir ki, hər materialdan heykəl düzəltmək mümkündür. Bəzi insanlar ayaqqabıdan hazırlanan heykəllərə birmənalı yanaşmırlar. Belə olanda isə heykəltaraş onlara iradını bildirir: “Onlara “bu bir ayaqqabı deyil, ayaqqabı olmaqdan çıxıb, artıq sənət əsəridir” deyirəm. Əgər ayaqqabının forması xoşuma gəlirsə onun markası, qiyməti məni maraqlandırmır. Həm də, təkcə qadın ayaqqabısı deyil, çanta, əlcək, pul kisəsi də işlərimdə yer alır. Bundan sonra daha fərqli obyektləri də sınaqdan keçirmək istəyirəm”, – deyə azərbaycanlı heykəltaraş bildirib.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …