Şənbə , Aprel 20 2024
Ana səhifə / Bakıda təmirə bağlanmış iki yol açıldı

Bakıda təmirə bağlanmış iki yol açıldı

Bakıda təmirə bağlanmış iki yol açıldı

 

“Bayram günlərində təmirə bağlanmış Yusif Səfərov küçəsinin Bakı Şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə çıxışı açılıb”.

Bu barədə “Trend”-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Babək prospektindən Heydər Əliyev prospektinə çıxış da artıq açıqdır: “Hər iki yol bu gün saat 17:00-dan etibarən açılıb, nəqliyyat vasitələri bu yollarda sərbəst hərəkət edə bilərlər”.

Qeyd edək ki, təmir çərçivəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi və genişləndirilmə işləri həyata keçirilib.

*   *   *14:32

“Yusif Səfərov küçəsinin Bakı Şəhər Baş Polis İdarəsinin qarşısından Heydər Əliyev prospektinə qədər olan hissəsində asfalt-beton işləri aparılıb. İndi bu yolun hərəkət hissəsində üfüqi nişanlanma işləri gedir. Güman edirəm ki, yolun həmin hissəsi 1-2 saatdan sonra nəqliyyatın hərəkəti üçün tam açıq olacaq”.

Bunu APA-ya açıqlamasında Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, dünən axşam saat 23:00-dan etibarən təmir işləri ilə əlaqədar Heydər Əliyev prospektinin qarşısından Yusif Səfərov küçəsinə çıxış nəqliyyatın hərəkəti üçün bağlanıb: “Hazırda o küçədə də asfalt-beton örtüyünün döşənməsi işləri gedir. Bu gün gecə saatlarında orada da işlər tamamilə yekunlaşacaq, yolun xətlənməsi işləri aparılacaq və həmin yol səhər saatlarına tam açıq olacaq”.

P. Mürsəliyev deyib ki, dünən Süleyman Rüstəm küçəsində asfalt-beton işləri yekunlaşıb: “Hazırda orada kommunikasiya quyularının dəmir-beton plitələrinin və baxış qapaqları dəyişdirilir. Sabahdan orada da işlər yekunlaşacaq”.

O, həmçinin qeyd edib ki, bu gün səhər saatlarından Şəmsi Bədəlbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb: “Hazırda həmin ərazidə köhnə asfalt-beton örtüyünün qaşınması işləri gedir. Sabahdan etibarən isə ora yeni asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq”.

“Azəryolservis” rəsmisi əlavə edib ki, paralel olaraq şəhərin digər istiqamətlərində də işlər gedir: “Ümumiyyətlə, yaxın 2 gün ərzində Bakının mərkəzində bağlanan bütün yollarda aparılan təmir işləri tamamilə yekunlaşacaq. İş günlərində artıq Bakıda bağlı küçə olmayacaq. Bütün yollar açılacaq”.

P.Mürsəliyev bildirib ki, hazırda Səttar Bəhlulzadə küçəsində də asfalt-beton örtüyü döşənir: “2200 metr məsafədə səki daşları qoyulub və asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Dünəndən etibarən artıq bu yolda da işlər gedir. Bakının Puşkin küçəsindən Rəşid Behbudov küçəsinə qədər olan hissəsindəki yolda da xətlənmə işlər yekunlaşıb və yol artıq istifadəyə verilib. Həmçinin Dilarə Əliyeva və Nizami küçələrində də işlər yekunlaşıb”.

Qurum rəsmisi “20 Yanvar” dairəsində genişləndirmə işlərinin və Bakı dairəvi yolunda təmir işlərinin davam etdiyini vurğulayıb: “Biləcəri enişindən Rəşid İsmayılov küçəsinədək olan hissədə işlər görülür. Ziya Bünyadov küçəsinin Atatürk və Azadlıq prospekti ilə kəsişməsində yol ötürücülərində temperatur tikişlərinin dəyişdirilməsi işləri davam etdirilir. Bu işlər isə xeyli müddət çəkəcək. Amma 2 günə şəhərin mərkəzində bir dənə də olsun bağlı küçə olmayacaq”.

Həmçinin oxuyun

Qazaxın 4 kəndi qaytarılır – RƏSMİ

Qazağın 4 kəndinin qaytarılması razılaşdırılıb. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası və Ermənistan Respublikası …

Bir cavab yazın