Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / Bakıda qanunsuz park olunan maşınlar evakuasiya ediləcək

Bakıda qanunsuz park olunan maşınlar evakuasiya ediləcək

Bakı Nəqliyyat Agentliyi (BNA) nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydaları ilə bağlı məlumat yayıb.

BNA-dan virtualaz.org-a verilən məlumata görə, inzibati tədbirlərlə yanaşı, sürücülərin yol hərəkəti qaydalarına, o cümlədən dayanma və durma qaydalarına əməl etməyə sövq edən maarifləndirmə işləri də aparılır.

Görülən müvafiq tədbirlər sayəsində bır sıra, xüsusən də mərkəzi küçə və prospektlərdə nəqliyyat axını əhəmiyyətli dərəcədə yaxşılaşıb, yolların buraxıcılıq qabiliyyəti artıb.

Vətəndaşların əvvəlcədən məlumatlandırılmasının əhəmiyyətini nəzərə alaraq bildirilib ki, yaxın günlərdə Agentlik tərəfindən dayanma, durma və parklanma qaydalarını pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti duracağa daşınması– təxliyə xidmətinə başlanılacaq.

İlkin olaraq təxliyə işləri vətəndaşlar tərəfindən daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərində həyata keçiriləcək. Təxliyə prosesi əsasən, yolun hərəkət zolağında, ikinci cərgədə, yol kəsişmələrində, eyni səviyyəli piyada keçidlərində, avtobus dayanacaqlarında, səkilərdə park edərək digər yol hərəkəti iştirakçılarına ciddi maneə yaradan nəqliyyat vasitələrinə qarşı tətbiq ediləcək.

Şəffaflığın təmin edilməsi məqsədi ilə təxliyə prosesinin video qeydiyyatı təmin olunacaq. Təxliyə olunan nəqliyyat vasitələri Bakı Nəqliyyat Agentliyinin inzibati binasının yerləşdiyi avtobus deposunun ərazisindəki, Hökumət Evi qarşısındakı və Füzuli və Mirzağa Əliyev küçələrinin arasındakı yeraltı avtomobil duracaqlarına daşınacaq. Hər iki duracaqda nəqliyyat vasitələri sahiblərinin qanunvericiliklə nəzərdə tutulan ödənişləri etməsi üçün müvafiq terminallar quraşdırılıb. Ödənişlər yalnız nağdsız qaydada aparılacaq.

BNA bir daha bütün sürücülərə müraciət edərək onları dayanma-durma qaydalarına əməl etməyə və bir-birilərinə qarşı anlayışlı olmağa səsləyir: “Yalnız anlayışla yanaşdığımız halda, şəhər yollarında hərəkətin daha rahat, maneəsiz və təhlükəsiz olacağına ümid edirik”.

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …