Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Aktual / Bakıda orta məktəb müəlliminin “erməni sevgisi” – şok faktlar

Bakıda orta məktəb müəlliminin “erməni sevgisi” – şok faktlar

Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbin ingilis dili müəllimi Rövşən Əzizovun facebook səhifəsində paylaşdığı statuslar hər kəs də şok effekt yaradıb. Əzizov son aylardakı paylaşımlarında açıq şəkildə azərbaycanlılarla ermənilər arasında barışığın əldə olunmasının vacibliyindən söz açır, eləcə də, iki xalq arasında dostluq, qardaşlıq münasibətlərinin yaradılmasına qədər mübarizəyə davam çağırışları edir.

Hətta bu şəxs harada yaşadığını, xalqının başına ermənilər tərəfindən hansı müsibətlərin gətirildiyini unudaraq, erməni bayrağı paylaşır, fəal şəkildə erməni təbliğatı aparır, erməni dilində yazılar paylaşır.

R.Əzizovun onu qınayanlara verdiyi cavaba diqqət edin: “Ermənilərin içərisində yaxşıları da var, inanın mənə, erməni kimi doğulmaq günah deyil”.

Müəllimin daha bir paylaşımı sərt reaksiya doğurub: “Üzümüzə gələn il Ermənistan və Azərbaycan arasında müharibənin 30 illiyi tamam olacaq. İnşallah həmin il də barışın əsası qoyulacaq. Erməni, azəri dostluğuna, qardaşlığına nail olana qədər yola davam. Məni anlaya bilməzsiniz, amma bunun mənim üçün mənəvi və izaholunmaz səbəbi var”.

Onun  barəsində qısa bir araşdırma apardıq və diqqətçəkən bir sıra məqamlar meydana çıxdı. Belə ki, o özü haqqında məlumat bölümündə Karate Federasiyasında çalışdığını göstərib. Bunu əks etdirən fotolar da səhifəsində var. Bundan əlavə, onun mahnılar oxuduğu da üzə çıxdı. Hətta R.Əzizov 2011-ci ildə “Eurovision”un yarışmasının Bakı seçimində də iştirakçı olub, ATV telekanalında yayımlanan “Yeni ulduz” yarımasında da iştirak edib.

Ölkənin qabaqlıq təhsil ocaqlarının birinin müəllimi olan bu şəxs barəsində lazımı tədbirlərin görülməməsi sərt şəkildə qınanır. Sosial şəbəkələrdə R.Əzizovun ünvanına tənqid, təhqir dolu statusların sayı durmadan artır.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, məsələyə kriminal nöqteyi-nəzərdən yanaşılmasının tərəfdarıdır: “Hansısa bir kriminal problem varsa, onun üzərində fikir yürüdə bilərik. Çünki insanın hansısa bir paylaşım etməsi, onun şəxsi dünyagörüşünü, düşüncəsini yayması bizim qanunlara zidd deyilsə, buna qarşı hansısa bir fikir bildirmək olmaz. Orada zorakılığa, konstitusiya quruluşunu dəyişməyə və başqa məsələlərə çağırış varsa, o zaman münasibət bildirmək olar. Amma belə vəziyyətdə o hansısa bir “Sülh platforması”nı təbliğ edirsə, bunu ölkədə azsaylı olsa da, təbliğ edən insanların olduğunu unutmayaq. Ona görə də bunların cəzalandırılması halları insan haqlarına zidd ola bilər. Amma orada ermənilərin mövqeyini dəstəkləyən açıq şəkildə addımlar varsa, onlara bəraət qazandıran, müharibədə Azərbaycanın maraqlarına zidd təbliğat motivləri varsa, bunun üzərində düşünmək olar, buna münasibət bildirmək də olar. Hər halda müvafiq qurumlar bu istiqamətdə müəyyən addımlar atmalıdırlar. Əks halda bu tendensiya zərərli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan hesab edirəm ki, mövzu diqqətə alınmalıdır. Təhsil Nazirliyi və digər müvafiq qurumlar araşdırmalara başlamalıdırlar. Birbaşa hansısa bir yayım, fəallıqla bağlı belə bir addımların atılması doğru səslənməz. Bu məsələlərdə diqqətli araşdırmaya ehtiyac var”.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məsələni diqqətdə saxladıqlarını qeyd etdi: “Bu tipli insanları hissələrə bölmək olar. Bir hissə müəyyən təmənna müqabilində, ödənişlərlə belə işlərlə məşğul olurlar. Bu adamları tanıyırıq və onlarla bağlı addımlarımızı zaman-zaman atırıq. Bir hissə də var ki, yad təbliğatın təsiri altına düşürlər, özlərini dünya vətəndaşı kimi göstərməyə çalışırlar. Bununla bağlı bizim müzakirələrimiz təşkilatımızın idarə heyətində mütləq olacaq. Konkret şəxslərə tapşırılacaq ki, bu məsələni araşdırsınlar. Çox vaxt papkasını qoltuğuna vurub Avropaya getmək və orada oturum almaq üçün də belə işlərlə məşğul olurlar. Mövcud vəziyyətə uyğun addımlarımız olacaq. Əgər doğrudan da bu şəxs aldanıbsa, çalışacağıq ki, onu düz yola qaytaraq. Təmənna yaxud müəyyən dairələrin əli ilə bunları edibsə, o şəxsə qarşı addımlarımız müəyyən qədər sərt olacaq. Nümayəndə heyətimiz həmin məktəbin rəhbərliyi ilə görüşəcək. Bu nəticə verməsə, hüquq mühafizə orqanlarına müraciət etmək niyyətindəyik, müəyyən ölçülərin götürülməsi barədə. Bunlar da nəticəsiz olsa, özümüz ölçü götürməyə məcbur olacağıq. Hazırkı yanaşmamız bundan ibarətdir. Özünü Adnan Oktar məktəbinin davamçısı kimi təqdim edir ki, bu məktəb biabırçı məktəbdir. Azərbaycana, türk dünyasına qarşı Adnan Oktar daim düşmənçilik mövqeyindən çıxış edən adamdır. Ermənilərlə bir dəfə müsahibəsini gördüm, deyirdi ki, onlarla heç bir problemimiz yoxdur, mehriban yaşaya bilərik. Hətta azərbaycanlıların onların arasında girdiyini deyirdi. Ola bilər ki, onun da təsiri altına düşə bilsin. İstənilən halda bu məsələni aydınlaşdıracağıq. İkinci tipli şəxslər deyə bilərlər ki, azad adamdır, belə fikirlər söyləyə bilər. Amma torpaqlarımız işğal altındadırsa, azad düşüncə adı altında işğalçıları təbliğ etmək olmaz. Bu cinayətdir. Hər bir ölkə insanlara müəyyən çərçivələr daxilində azadlıq verir. Əgər qanunlar pozulursa, təcavüzkar ölkə təbliğ olunursa, əməkdaşlıq, barışdan danışılırsa, bu qanunlara qarşı getməkdir. Ona görə də qanunauyğun şəkildə ona qarşı gedilməli və o cəzalandırılmalıdır”.Musavat.com

Həmçinin oxuyun

Kəlbəcərə doğru irəliləyən bölmələrimizin görüntüsü – VİDEO

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. Azinforum.az həmin görüntünü təqdim …