Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Bakıda gənclərin səhərə qədər tonqalla qoruduğu bina… – Fotolar +Video

Bakıda gənclərin səhərə qədər tonqalla qoruduğu bina… – Fotolar +Video

Memar Səlim Dəmirzadə 2 gündür ki, Süleyman Rüstəm küçəsi:10 ünvanında yerləşən qədim binanın sökülmə təhlükəsi olduğu üçün orada gecələyir. 

O, “Qafqazinfo” ilə fikirlərini bölüşən zaman bildirib ki, binanın dağıdılmaması üçün dostları ilə birlikdə sona kimi çalışacaq:
 
“Fikirləşdik ki, içəridə adam olduğu təqdirdə binanı sökməyə risk eləməzlər. Binanın 100 ildən çox yaşı var. Tariximiz, memarlığımızdır. “Salaam Cinema”nın kollektivi dostlarımızdır və biz də onlara dəstək olmağa gəlmişik”.

Bina 1913-cü ildə, əslən malakan olan Skobelyevin təşəbbüsü ilə malakanların dua evi kimi inşa edilib. Məqsədi onları bir məkanda birləşdirmək olub. İnqilabdan əvvəl Bakıda yaşayan bütün malakanlar icmanın həyatında fəal iştirak ediblər. Azərbaycanda radionun fəaliyyətə başlamasından sonra isə bina radioyayım evi kimi istifadə edilib. Buradan paytaxta məşhur “Danışır Bakı” sədaları yüksəlib. Bu barədə bizə ətraflı məlumat verən Dilarə Oruczadə onu da qeyd edir ki, həmin zamanda istifadə olunan texnoloji avadanlıqların bir hissəsi hələ də binada qorunub saxlanılır.

Bu yaxınlarda isə Bakının yaradıcı gəncliyi binaya yeni nəfəs vermək qərarına gəlib. Belə ki, bir müddətdir, “Salaam Cinema” kollektivi burada kino nümayişləri, sərgilər və təlimlər keçirir, müzakirələr aparır.

Komandanın üzvlərindən olan İlkin Hüseynov ilə söhbətləşirik. İlkin bütün gecə oyaq qalmasına, binanın keşiyini çəkənlərdən biri olmasına baxmayaraq xeyli gümrahdır. Bunun əsas səbəbi onun təbirincə desək, komandaya gənclər tərəfindən göstərilən dəlicəsinə dəstəkdir: 

“Düzü, heç inanmırdım bu qədər dəstək olar. Musiqiçilər gəlmişdi, həyətdə tonqal qalamışdıq, 4-5-ə kimi oyaq olmuşuq. 30-35-ə yaxın insan gecəni binada qaldı.

Biz binanı yanvar ayından icarəyə götürmüşük. Ay yarım müddətində təmir edib fevral ayında açılış etdik. Novruz bayramı ərəfəsində 2 gün burada olmadıq və gördük ki, aşağı mərtəbədə döşəməni söküblər. Həmin zaman binanı özəlləşdirən şəxslə görüşdük və bizə bildirdi ki, yaxın gələcəkdə bina söküləcək. Ancaq bizə bildirildi ki, söküntü işinin başlanması üçün sərəncam çıxmalıdır, yaxın 5-6 ay ərzində planda belə bir şey yoxdur. Bir müddət sonra buranın sökülmə məsələsi ictimailəşdi və yerin sahibi bizə bildirdi ki, mayın ortalarında çıxmalıyıq, bina söküləcək. Daha sonra isə mediaya açıqlamasında buranın restavrasiya ediləcəyini bildirib. Bizə də iyunun 10-a kimi vaxt verilib”. 

Dünən binaya baş çəkən Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı Nizami Mayılov isə onlara binanın qəzalı vəziyyətdə olduğunu və bu səbəbdən də çıxmalı olduqlarını söyləyib: 

“Biz binanın qəzalı vəziyyətdə olmasına dair sənəd tələb edirik, cavab verilmir. Hətta binanı özəlləşdirən şəxsin köməkçiləri tərəfindən bizə hücum edilib, ölümlə təhdid olunmuşuq. Bu gün Nəsimi rayon 22-ci polis bölməsindən bizə dedilər ki, təhlükəsizliyimiz qorunur və hər hansı bir müdaxilə olduğu təqdirdə onlarla əlaqə saxlaya bilərik.

“Salaam Cinema Baku” başqa yerə köçüb fəaliyyətini orada da davam etdirə bilər. Ancaq biz bu binaya hansısa bir statusun verilməsini istəyirik. Bizə zəmanət verilsin ki, rekonstruksiya işləri aparılsa belə bina öz formasını itirməyəcək. Təcrübədən bilirik ki, belə tarixi binalar fəhlələr üçün anbar, çay evi və ya mebel salonu kimi istifadə olunur. Biz bu binanı elə görmək istəmirik”.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov “Qafqazinfo”ya açıqlamasında binanın hazırda tarixi abidə kimi dövlət qeydiyyatında olmadığını və araşdırma işlərinin aparıldığını bildirib. Onun sözlərinə görə, bina özəl mülkiyyət olsa belə tarixi status alsa, onun sökülməsindən söhbət gedə bilməz: “Dövlət tərəfindən qorunacaq”.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …