Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Bakı pravoslavları Pasxa bayramını qeyd edtdilər – əməkdaşlarımızın kilsədən qeydləri

Bakı pravoslavları Pasxa bayramını qeyd edtdilər – əməkdaşlarımızın kilsədən qeydləri

8 aprel dünyadakı pravoslav xristianlarının Pasxa bayramıdır.  Katoliklər isə bu bayramı ötən həftə qeyd etmişdi. Aprelin 8-i dünyada olduğu kimi, ölkəmizdə də pravoslavlar özlərinə məxsus kilsələrdə ibadət edərək, Pasxanı qeyd ediblər.

“Müqəddəs Məryəm – mövlud” kilsəsində olub, pravoslavların Pasxa bayramını izlədik. Kilsənin girəcəyində bayram üçün müxtəlif növ güllər, sünbüllər, söyüd, bədmüşk ağacının budaqları, qırımızı-sarı rəngdə kiçik şamlar satılırdı. Amma məlum oldu ki, satıcıların əksəriyyəti satdıqları güllərin, ağac budaqlarının adlarını bilmir, onların rəmzləri haqqında məlumatsızdırlar. Sadəcə qiymətlərini əzbər bilirlər: “Bu ağac budağı 3 manat, güllər 1 manatdan başlayır” və s. Daha çox nərgizgülü, ağ qargülü, sünbül və bədmüşk ağacının budaqlarının satıldığının şahidi olduq. Əslən ukraynalı olan, pravoslav xristianı Leyla Hüseynova bədmüşk ağacının xüsusi məna daşıdığını dedi: “Bu ağacın budağına müqəddəs su çilənir. Daha sonra onu evə aparır, bir yerdə saxlayırıq. İnanca görə həmin budaqlar evdəki neqativ ab-havanı, pislikləri, xəstəlikləri özünə çəkib, götürür. Yeni Pasxa bayramına az qalmış biz onu yandırırıq. Artıq bayram günü yeni budaqlar alırıq”.

L.Hüseynova Pasxa hazırlıqlarından, bayramın əsas şirniyyatlarından biri sayılan kuliçdən də söz açdı:

“Adətən bayrama iki gün əvvəldən, yəni cümə günü hazırlaşırıq. Bunun üçün şirniyyatlar, yeməklər bişiririk. Amma vaxt azlığından mən yalnız bir gün əvvəldən hazırlaşa bildim. Kuliç Pasxanın əsas şirniyyatlarından biridir. Bu şirniyyatı çox adam bişirə bilmir. Əsasən mağazadan alırıq. Heç rəhmətlik anam da bişirə bilmirdi… Bayram axşamı isə süfrəmizdə Azərbaycan yeməkləri, o cümlədən plov olacaq”.

Kilsəyə gələnlərin bayram səbətlərində ənənəvi olaraq boyalı, bəzəkli yumurtalar da vardı.  Boyalı yumurta Pasxanın əsas rəmzlərindən hesab olunur və xüsusi məna kəsb edir. Yumurtaları boyamaq adətini Mariya Maqdalena ilə əlaqələndirirlər. Deyilənə görə, İsa peyğəmbərin dirildiyini öyrənən Mariya Maqdalena imperator Tiberinin yanına gəlib və “İsa dirildi!” sözləri ilə ona yumurta verib. İmperator buna şübhə içində deyib: “Ağ yumurtanın dönüb qırmızı olacağına inanmaq nə qədər çətindirsə, buna da inanmaq da bir o qədər çətindir”. Həmin anda ağ yumurta dönüb qırmızı olub. O zamandan qırımızı yumurta dirilmə, Pasxa rəmzidir. İnanca görə yumurtadan yeni həyat yarandığı kimi, dünya da İsa məsihin dirilməsi vasitəsilə sanki yenidən doğulub. Qırmızı rəng dirilmənin sevinci rəngidir, bəşəriyyətin dirçəlməsinin, insanların “ilk günahdan” xilas olunmaları üçün işgəncəli ölümü qəbul etmiş İsa Məsihin çarmıxa tökülmüş qanının rəmzidir…

Beləliklə əllərində güllər, içi bəzəkli yumurtalar və şirniyyatlarla dolu olan bayram səbətləri, bədmüşk ağacının budaqları olan pravoslavlarla birgə kilsəyə daxil oluruq. Günorta saatları olduğundan kilsə adamlarla dolu idi. Provaslavlar İsa Peyğəmbərin şəkilləri qarşısında şam yandırır, dualar edir, dini ayinləri icra edirdilər.

Qeyd edək ki, dini qaydaya görə pravoslavlar 40 gün xüsusi pəhrizlə oruc  tutur. Daha sonra Böyük cümə axşamı – mənəvi təmizlənmə günü keçirilir. Həmin gün İsa peyğəmbərin əzabları, onun dəfni günüdür. Ardınca gələn Böyük şənbə günü kədər, İsa peyğəmbərin dirilməsini gözləmək günüdür. Axşamdan provaslavlar kilsəyə toplaşır və İsanın dirilməsini, Pasxanı qeyd edir. Gecədən başlayan dini ayinlər səhər saatlarında da davam edir.

Məlumata görə, ilk Pasxanı qədim yəhudilər İsa peyğəmbərin mövludundan 1500 il əvvəl israillilərin Musa peyğəmbərin başçılığı ilə Misiri tərk etməsi münasibətilə bayram edib. Əhdi-Ətiqdə Pasxa yəhudi xalqının Misir köləliyindən qurtulduğunu göstərir. Elə “Pasxa” sözü də qədim yəhudi dilində “xilasolma”, “qurtulma” deməkdir.

Pasxa ölüm üzərində qələbə bayramı hesab edilir. Mart ayında gecə və gündüz bərabərləşəndən 30 gün sonrakı vaxtda ay bədirlənirsə, ilk bazar günündə bayram edilir. Ona görə Pasxa da digər dini bayramlar kimi təqvimcə keçici bayram sayılır.

Kilsədə olarkən biz də şam yandıraraq, dualara qoşuluruq. Kilsənin bir tərəfində vokal ifaçılar “Aleluya” oxuyur, əsas, mərkəz hissəsində isə keşiş ata uca səslə dini ayinləri icra edir, dualar edir, müqəddəs suyu insanların, onların əllərindəki şirniyyatlara, bədmüşk ağacının budaqlarına çiləyir, “İsa Məsih dirildi” deyib, bayramlarını təbrik edir.

Dua və ayinləri yerinə yetirənlər kilsənin həyətində qurulan masanın ətrafına toplaşır, əlindəki bayram səbətlərini süfrəyə düzürlər. “Bu şirniyyatlar satılır ya hədiyyə kimi paylanılır?” deyə sual edirik. Cavabında isə bizə bildirirlər ki, keşiş şirniyyatların üzərinə müqəddəs su çilədikdən sonra onun bir qismini kilsədən çıxdıqdan sonra yeyir, bir qisimini qonşulara, yaxınlarına paylayır, bəzilərini isə kimsəsizlər, yoxsullar üçün masada qoyub gedirlər.

Onu da öyrəndik ki, Pasxa bayramı adəti üzrə bir həftə davam edəcək.

Xalidə GƏRAY

 

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …